Məhkəmə qərarları › İş №2-1(103)-1658/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1658/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1658/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunmaqla, yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12322/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaş 6 ayının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının onun yəni, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-101984/2023 №-li “Sosial müavinət təyinatı üzrə” Qərarının qismən yəni, xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat müavinət təyin edilməsi (bənd 5); əmək pensiyası etibarsız hesab edildiyi üçün (bənd 8); “artıqvermə dövrü xx.xx.2021-xx.xx.2021-ci il” (bənd 8) və “xx.xx.2021 - xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıq vermə yaranmışdır” (“Qeyd” bəndi) hissələrində ləğv edilməsini və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1973-cü ildə başlamış və 15 il 1988-ci ilədək Ermənistan SSR-də Kalinino rayonunda uşaq bağçasında tərbiyəçi işləmişdir. 1973-cü ildən 1988- ci ilədək Ermənistan SSR -də işləməsi barədə qeyd əmək kitabçasında qeyd edilmişdir. 01 dekabr 1988-ci ildən 1989-cu ilin 31 avqustunadək olan dövr üçün AHİŞ-nin Rəyasət Heyətinin xx.xx.1990-cı il tarixli 39B bəndinin 9 saylı qərarı ilə fasiləsiz əmək stajı bərpa edilmişdir. xx.xx.1991-ci il tarixdən 41 saylı uşaq bağçasında dalandar vəzifəsinə işə qəbu edilmiş və xx.xx.1997-ci ildə Nizami rayonu, 41 saylı uşaq bağçasının dalandar vəzifəsindən işdən azad olunmuşdur. xx.xx.2008-ci il tarixdən Suraxanı MKTB KXS-na dalandar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də cəmiyyətə əməliyyatlar şöbəsində təmizlikçi vəzifəsində işləmişdir. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. 62 yaş 6 ayı tamam olduqdan sonra ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, ona məxsus əmək kitabçasına görə sığorta stajı 7 il 8 ay təşkil edir. Eyni zamanda, xx.xx.2006cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6 il 3 ay 7 gün sığorta stajına uyğun olaraq 4777,75 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 760,79 manat olmaqla, ümumilikdə 5538,54 manat təşkil edir ki, bu məbləğ qanunvericlikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 240 manatdan az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı ilə təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericilikdə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla biləcəyi bildirilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi onun hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçının 62 yaş 6 ay müddət tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-12322/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.1959-cu il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-101984/2023 №-li “Sosial müavinət təyinatı üzrə” qərarı qismən yəni, xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat müavinət təyin edilməsi (bənd 5); əmək pensiyası etibarsız hesab edildiyi üçün (bənd 8); “artıqvermə dövrü xx.xx.2021-xx.xx.2021-ci il” (bənd 8) və “xx.xx.2021-xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıq vermə yaranmışdır” (“Qeyd” bəndi) hissələrində ləğv edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə qərarın əsaslandırma hissəsində qeyd edir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş yaşa görə sosial müavinət əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən dayandırıldığı və iddiaçı əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatdığı xx.xx.2022-ci il tarixdə artıq yaşa görə sosial müavinət hüququndan məhrum olduğu üçün bu proses sosial müavinətin əmək pensiyasına keçirilməsi sayıla bilməz. Məhkəmənin mövqeyinə görə, cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməyərək iddiaçının müraciətindən əsassız imtina etmişdir. Məhkəmə qərarı əsaslandırarkən həm iddiaçının iddia ərizəsində sığorta stajına hesablanması üçün sadaladığı dövrlər, həm də cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyinatından imtina edərkən əsaslandığı dövrlər barədə münasibət bildirməmişdir. Bu səbəbdən də əmək kitabçasının doldurulması zamanı yol verilən nöqsanlar barədə münasibət bildirilmədən qərar çıxarılmışdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-66885/2023 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1959-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 62 yaş 6 ayın tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 06 il 03 ay 07 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2008ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 il 10 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 1973-cü il tarixdən 1988-ci il tarixədək 15 il müddətinə Ermənistan SSR-də Kalinino rayonu Uşaq bağçasında tərbiyəçi işləməyi barədə əmək kitabçasında qeydin olmasını və A.H.İ.Ş-in xx.xx.1990-cı il tarixli 39B bəndinin 9 saylı qərarı ilə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövr üçün fasiləsiz əmək stajının bərpa edildiyini bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Adıçəkilən Qaydaların 3.9-cu maddəsinə əsasən şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir, lakin əmək kitabçasında qeydlərin şahidlərin verdiyi arayışa əsasən yazıldığı qeyd olunub. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Qaydaların 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Eyni zamanda Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə adıçəkilən şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Beləliklə, sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçının iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən 01,07.2022-ci il tarixinədək pensya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, .sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız 11 il 6 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 6 il 4 ay 6 gün sığorta stajınıza uyğun olaraq 5881,11 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2023cü il tarixinədək 4 il 8 ay sığorta stajına uyğun 3157,87 manat olmaqla, ümumilikdə 9038,98 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2018-ci il tarixindən çox uşaqlı qadın kimi yaşa görə sosial müavinət aldığınız üçün Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixindən (uçot tarixi) aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi qeydiyyatda olduğunuzdan Sizə təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959cu ildə doğulmuşdur. İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 23 avqust 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı müavinət işində olan sənədlərdən görünür ki, DSMF Nizami rayon şöbəsinin “Sosial müavinətin təyinatı üzrə” 349 №li xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən 66 manat, xx.xx.2018-ci il tarixdən isə 73 manat yaşa görə müddətsiz sosial müavinət təyin olunmuşdur. İş materiallarında olan Sosial ödənişlər alt sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş yaşa görə müddətsiz sosial müavinət əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan Pensiya təyinatı alt sistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə 200 manat məbləğində əmək pensiyası təyin edilmiş və avtomat qaydasında səhvən təyin edilməsi qeyd edilməklə xx.xx.2021-ci il tarixdə pensiya ödənişinin dayandırılması qərara alınmışdır. İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “Sosial müavinət təyinatı üzrə” xx.xx.2023-cü il tarixli 3-17-1/1-T-101984/2023 №li qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin olunması (bənd 5) qərara alınmışdır. Qərarda “Artıqvermənin səbəbi” kimi aktiv əmək müqaviləsi, əmək pensiyası etibarsız hesab edildiyi üçün və “Artıqvermə dövrü” kimi xx.xx.2019 - xx.xx.2020; xx.xx.2021-xx.xx.2021-ci illər göstərilməklə (bənd 8), qərarın “Qeyd” hissəsində xx.xx.2019-xx.xx.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olduğu üçün yaşa görə müavinət üzrə artıqvermə yarandığı, xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıqvermə yarandığı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Qanunvericilik normalarının tələblərinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 62 yaş 6 aydır. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İddiaçının yaşa görə pensiya hüququ 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci ildə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinin tələblərindən göründüyü kimi, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin qanunun 22-1.2-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göründüyü kimi, sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 760,79 manat təşkil edir, yəni iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcuddur. Ona görə də iddiaçının 2006-cı il yanvarın 1dək olan sığorta stajı qeyd olunan Qanunun 22-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablandığı nəzərə alınaraq, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Cavabdeh inzibati orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsini rəhbər tutmaqla, 2019-cu il yanvarın 1-dək ‘‘Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi əsası ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması ilə bağlı dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinin tələblərinə görə 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək, əmək pensiyalarına keçirilməsinə yol verilməməsi nəzərdə tutulur ki, hazırki halda qeyd olunan maddənin müddəaları iddiaçıya şamil edilə bilməz. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş yaşa görə müddətsiz sosial müavinət əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Yəni iddiaçı ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (62 yaş 6 ay) çatdığı xx.xx.2022-ci il tarixdə artıq yaşa görə sosial müavinət hüququndan xx.xx.2020-ci il tarixdən məhrum olduğu üçün, təyin edilmiş sosial müavinətin əmək pensiyasına keçirilməsini deyil, ona qanunla müəyyən edilmiş qaydada pensiya təyin olunmasını tələb etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Hazırda iddiaçının yaşa görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq, cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə müavinət təyin olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12322/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar