Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1659/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1743/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 4170 saylı arxiv arayışında göstərilən 1985-1996-cı illərdə Zaqatala rayonunda fəaliyyət göstərmiş “Jdanov” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə pensiya almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyə başlandığı günədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, himayəsində 2 sağlamlıq imkanları məhdud uşaqları (İ qrup əlil) vadır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, onun yaşa görə pensiya almaq hüququ vardır. Ərizəyə əlavə etdiyi arxiv arayışından və xəstə uşaqların sənədlərindən görünür ki, onun kifayət qədər stajı var və yaşa görə pensiya ala bilər. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1073/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1743/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2-1(112)-1743/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, 1999-cu ildə doğulmuş sağlamlıq imkanları məhdud uşağın 18 yaşı 2017-ci ildə bitmişdir. Kolxozda mövcud olan 14 il sığorta stajının üstünə əlil doğulmuş uşağın 18 yaşınadək olan dövrü gəldikdə isə 32 il sığorta stajı alınır. Lakin məhkəmə sağlamlıq imkanları məhdud doğulmuş və hal-hazırda da 1-ci qrup əlil olan uşaqlarıma qulluq etdiyim müddəti sığorta stajına hesablamayaraq mənim əmək pensiyası almaq hüququmu pozmuşdur. İddia ərizəsi məhkəməyə 1 il bundan əvvəl yazılmasına baxmayaraq məhkəmə tərəfindən iddia üzrə lazımi araşdırmalar aparılmadan iddia ərizəsində aparılan xüsusatlara düzgün qiymət verilmədən, iddia ərizəsini 1 il müddətində hərəkətsiz məhkəmənin icraatında saxlamaqla və sonda düzgün olmayan qərar qəbul edərək onun pensiya hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası X1 X9 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli №4170 saylı arxiv arayışına əsasən “Jdanov” adına kolxozda 1985-1996-cı illərdə işlədiyi adamgünlərinin sayı və kolxoz üzrə minimum adam günü norması əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illərin sığorta stajına qəbul edilməsi qanunauyğun hesab edilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli №4170 saylı arxiv arayışına əsasən “Jdanov” adına kolxozda iddiaçının 1985-1996-cı illərdə işlədiyi adamgünlərinin sayı və kolxoz üzrə minimum adam günü norması haqqında məlumat verilmişdir. - Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən, o, həqiqətən iki əlil uşağı səkkiz yaşınadək tərbiyə etmişdir. Hazırda əlil uşaqlar anası İddiaçı himayəsində yaşayır. - Tibbi-sosial ekspert komissiyasında müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən xx.xx.1999-cu il təvəllüdlü X3 birinci dərəcəli əlillik təyin edilmişdir. - Tibbi-sosial ekspert komissiyasında müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən xx.xx.1989-cu il təvəllüdlü X5 birinci dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarında qeyd etmişdir ki, nəticə etibarilə iddiaçının 25 il sosial sığorta stajı müəyyən olunmadığından onun yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” yoxdur. Belə ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya yaş həddi 5 il azaldılmaqla 1985-1996-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi dövr sosial sığorta stajına daxil edildiyi halda belə onun 25 il stajı müəyyən olunmadığından hazırkı iddia tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və ilkin olaraq onu qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrlərin əmək kitabçasında göstərilməməsi səbəbindən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaması barədə dəlilləri əsassızdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1985-1996-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon icra hakimiyyəti Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunu tələbindən göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iş materiallarından göründüyü kimi, onun onun 1985 - 1996-cı illərdə Zaqatala rayonu “Jdanov adına kolxoz”da işlədiyi illər onun sığorta stajına daxil edilməklə ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin, eyni zamanda apellyasiya şikayətinin dəlili olan onun 14 il sığorta stajının əlil doğulmuş uşağın 18 yaşınadək olan dövrü əlavə edilməklə 32 il sığorta stajının mövcud olması barədə dəlilinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən qanunvericilik normasının məzmununda göründüyü kimi norma ancaq sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddini azaltmaqla yaşa görə əmək pensiyasının təyin edilməsinin digər meyarını – stajı azaltmır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya yaş həddi 5 il azaldılmaqla 1985-1996-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi dövr sosial sığorta stajına daxil edildiyi halda belə onun 25 il stajı müəyyən olunmadığından hazırkı iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1743/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1659/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1659/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver