Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1659/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X5 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, işsizliyə görə sığortanın, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın, həmçinin 2-14-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi, maddi və mənəvi ziyana görə 6000 manat ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Quru Qoşunlarında 2011-2022-ci illərdə müqavilə əsasında gizir rütbəsində xidmət etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuşdur. 29 mart 2022-ci il tarixdə müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuşdur. 5 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 Mərkəzinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə onun sistemdə iş stajının olmaması səbəbindən müavinət verilməsinin mümkün olmadığı bildirilmişdir. O, hərbi xidmətdən öncə işləmişdir və ona kart verilmişdir. Yazdığı ərizəyə cavab olaraq Məşğulluq Xidməti tərəfindən bildirilmişdir ki, işsizliyə görə sığorta pulunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ödəməlidir. Hazırda ona 80 manat verilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı iş üzrə iddia tələbinin predmetini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın, həmçinin 2-14-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi, maddi və mənəvi ziyana görə 6000 manat ödənilməsi təşkil edir. Göründüyü kimi tələb cavabdehin hansı hərəkət və hərəkətsizliyinin aradan qaldırılması hissəsində aydın deyil. Eyni zamanda tələbin işsizliyə görə müavinətin ödənilməsi və ərzaq pulunun verilməsinə dair hissəsi ona cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tələb həmçinin aşağıdakı əsaslara görə də mümkünlük şərtlərinə cavab vermir. - İddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslandırılmamış və bu barədə cavabdeh orqana müraciətini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba-X1rşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 12220/2022 saylı qərardadı ilə mümkün hesab edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1659/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1659/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver