Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-166/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2020 saylı 28 iyul 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin 123 saylı 31.01.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 10.05.1985-ci il tarixdən 30.06.1987-ci il tarixədək keçmiş SSR SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 14 sentyabr 1987-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 06.09.1987-ci il tarixdən 01.08.1988-ci il tarixədək, 23.08.1988-ci il tarixdən 01.06.1996-cı il tarixədək, 02.06.1996-cı il tarixdən hal-hazıradək müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası X9 filialının 35 saylı 31.01.2020-ci il tarixli arxiv arayışından görünür ki, Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X10 təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 65 saylı 23.01.2020-ci il tarixli arayışından görünür ki, Məsimov X7 aeroportunda, "xxxx" Aviaşirkətində, "xxxx" müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” Hava hərəkətinin idarə edilməsi HHİ dispetçeri vəzifəsində böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirir: Yevlax aeroportunda və "xxxx" Aviaşirkəti – 01.04.1992-ci il tarixdən (22.04.1992-ci il tarixli, 2/ş saylı əmr) 01.06.1996-cı il tarixə kimi (06.06.1996-cı il tarixli, 58/ş saylı əmr). "xxxx" Müəssisəsi– Yevlax aeroportunda və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” Hava Hərəkətinin idarə edilməsi – 02.06.1996-cı il tarixdən (24.06.1996-ci il tarixli, 13/ş saylı əmr) 21.01.2020-ci il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında XXİ. Nəqliyyat bölməsinin 3-cü maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri və böyük dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 27 il 09 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Yevlax Aviasiya Şirkətinin 12/10-14 saylı 03.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 1988-ci il avqustun 23-dən (əmr № 169/İ-23.08.1988-ci il) 1990-cı il aprel ayının 06-sı daxil olmaqla – daşımaların təşkili qrupunda anbardar, 1990-cı il aprel ayının 06-dan (əmr № 55/İ – 06.04.1990-cı il) 1991-ci il iyul ayının 29-u daxil olmaqla – hava nəqliyyatın hərəkətini idarə edən dispetçer-operatoru, 1991-ci iyul ayını 29-dan (əmr №47/İ- 05.08.1991-ci il) 1996-cı il iyun ayının 01-i daxil olmaqla – hava nəqliyyatının hərəkətini idarə edən dispetçer, 1996-cı il iyun ayının 01-dən (əmr № 58/İ – 06.06.1996-cı il) “Aeronaviqasiya” İdarəsinə keçdiyi üçün tutduğu vəzifədən azad edilib. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təyin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 26 fevral 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İdarəyə təqdim edilmiş arxiv sənədində qeyd olunanlara əsasən “Yevlax” rayon 57 №-li Tikinti Quraşdırma İdarəsinin 06.09.1987-01.08.1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də, həmin dövrlərin onun əmək stajına daxil edilməsi mümkün olmadığından iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşının tamam olduğu tarixdən, yəni 06.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.09.1987-01.08.1988-ci illər ərzində Yevlax rayon 57 saylı Tikinti Quraşdırma İdarəsində fəhlə işləmişdir. Həmin müddət onun əmək kitabçasında qeyd olunsa da, cavabdeh işlədiyi həmin müddəti sosial sığorta stajı kimi ümumi əmək stajına əlavə etməmiş, bu barədə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, qeyd edilmiş dövrün əmək stajı kimi qəbul edilməməsini qanunsuz və əsassız hesab edir. Bu hal onun hüquqlarını pozur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür, 52 yaşı 01.01.2006-cı il tarixindən sonra tamamlanmışdır. Buna görə də, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 52 yaşdan pensiya təyin edilə bilməsi üçün o, 01.01.2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. İddiaçı isə 01.01.2006-cı il tarixinədək ondan tələb olunan 20 il ümumi iş stajına malik deyil. Belə ki, iddiaçının təqdim etdiyi arxiv sənədlərində qeyd olunanlara əsasən Yevlax rayon 57 nömrəli Tikinti Quraşdırma İdarəsinin 06.09.1987- 01.08.1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən də həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamış, nəticədə iddiaçının 01.01.2006-cı ilə qədərki stajı 20 ilə çatmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2020 saylı 28 iyul 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğuna və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən qanunvericiliyin normalarına əsasən iddiaçının həmin dövrlərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi dövr iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqləndiyinə görə sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23.01.2020-ci il tarixli, 65 nömrəli arayışa əsasən iddiaçı Yevlax aeroportunda, "xxxx" Aviaşirkətində, "xxxx" müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” Hava hərəkətinin idarə edilməsi HHİ dispetçeri vəzifəsində böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirir: Yevlax aeroportunda və "xxxx" Aviaşirkəti – 01.04.1992-ci il tarixdən (22.04.1992-ci il tarixli, 2/ş saylı əmr) 01.06.1996-cı il tarixə kimi (06.06.1996-cı il tarixli, 58/ş saylı əmr). "xxxx" Müəssisəsi – Yevlax aeroportunda və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” hava hərəkətinin idarə edilməsi – 02.06.1996cı il tarixdən (24.06.1996-ci il tarixli, 13/ş saylı əmr) 21.01.2020-ci il tarixinədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında təsdiq edilmiş XXİ. Nəqliyyat bölməsinin 3cü maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri və böyük dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 27 il 09 ay 19 gün təşkil edir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2021 saylı 09 fevral 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2020 saylı 28 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iş materialları, eləcə də məhkəmə tərəfindən əldə olunmuş sübutlarla iddiaçının 01.01.2006-cı il tarixinədək tələb olunan 20 il ümumi iş stajına malik olmasının sübuta yetirilmədiyinə istinad etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-992/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. 02.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, 31.01.2022-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş teleqramda o, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin rədd edilərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 12.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə verərək bildirmişdir ki, o, tələbində 06.09.1987-ci il tarixdən 01.08.1988-ci il tarixədək olan dövr ərzində işlədiyi müddətin ümumi sosial sığorta stajına əlavə edilməklə hesablanması dedikdə, əslində ona 52 yaşı tamam olduğu, yəni 06 yanvar 2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 26.02.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 16.03.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 10 il güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 20 ildən az olması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla, İddiaçı xx.xx.1967-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı 06.01.2019-cu il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi xidmətdə olması barədə arayışı, əmək kitabçasını, işləməsi barədə arxiv arayışını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. 123 saylı 31.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 10.05.1985-ci il tarixdən 30.06.1987-ci il tarixədək keçmiş SSR SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 01.01.2006cı il tarixədək ümumi iş stajının 20 ildən az olması mübahisələndirilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, 10.05.1985-ci ildən 30.06.1987-ci ilədək (2 il 1 ay 20 gün) hərbi xidmətdə olmuş, onun 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək (10 ay 25 gün), 23.08.1988-ci ildən 06.04.1990-cı ilədək (1 il 7 ay 13 gün), 06.04.1990-cı ildən 29.07.1991-ci ilədək (1 il 3 ay 23 gün), 29.07.1991-ci ildən 01.06.1996-cı ilədək (4 il 10 ay 2 gün), 02.06.1996-cl ildən 21.01.2020 (01.01.2006) –ci ilədək (9 il) ümumi iş stajı 20 il 4 ay 23 gün təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə- 57 Yevlax şəhəri” müəssisəsində işlədiyi 06.09.1987-01.08.1988-ci il tarixlərinə aid sənədlərin Yevlax rayon Dövlət Arxivinə təhvil verilmədiyinə istinad edərək həmin dövrlərin onun əmək stajına daxil edilməsinin mümkün olmadığını bildirir və hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Bundan əvvəlki apellyasiya məhkəməsinin icraatı zamanı sorğulara cavab olaraq daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23.10.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9.12.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma idarəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakın Registrində qeydiyyata alınmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17.12.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 09.12.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. X13 Sənaye Komitəsi nəzdində 18 saylı Trestin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakı Registrində qeydiyyata alınmamışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 992/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “cavabdehin iddiaçıya pensiya təyin edərkən onun 1987-1988-ci illərə aid hansı araşdırma aparması, bununla bağlı işlədiyi müəssisənin dəqiq adı üzrə arxivə sorğu verib-verməməsi, ümumiyyətlə inzibati icraat aparması barədə iş materiallarına sənədlər əlavə olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin dəlilləri üzrə iddiaçının əmək kitabçasında əksini tapmış 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək əmək fəaliyyətinin yoxlanması üçün məhz “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” müəssisəsinin mövcud olub-olmaması barədə sorğu verilməli idi. Həmçinin işə yenidən baxan məhkəmə 01.01.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyində əmək fəaliyyətini təsdiq edən əsas sənədin əmək kitabçası olması barədə göstərişi nəzərə almalı, iddiaçının əmək kitabçasında əksini tapmış 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək işlədiyi müəssisənin mövcud olub-olmamasını müəyyən etməyi zəruri hesab edərsə, verilən sorğularda müəssisənin adını dəqiq göstərməli, sorğunu yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə deyil, həmçinin rayon statistika idarəsinə və arxiv idarəsinə də göndərməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən Ali Məhkəmənin sözügedən qərarında göstərilmiş halların araşdırılması məqsədilə məhkəmə tərəfindən ayrı-ayrı orqanlara müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 25.10.2021-ci il tarixdə X9 Filialından məhkəməyə daxil olmuş məktubdan görünür ki, Yevlax Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstənin PMK - 57 əmr kitabları və əmək haqqı cədvəlləri X10 verilmədiyindən İddiaçı iş stajını müəyyən etmək mümkün olmamışdır. 27.10.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi dövlət qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İdarədə olan reyestrdə “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” adlı kommersiya qurumu aşkar edilməmiş, bu səbəbdən də müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. 02.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Yevlax şəhər Statistika İdarəsinin məktubundan görünür ki, “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” müəssisəsinin 1987-1988-ci illərdə mövcud olub-olmaması barədə məlumat yoxdur. 11.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubdan görünür ki, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin “Yevlax Kəndtikinti” 57 nömrəli X1 balansında olan daşınmaz əmlaklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.10.2005-ci il tarixli 314s nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (hazırkı adı "xxxx" ASC) balansına verilmişdir. Eyni zamanda məlumat üçün bildirilmişdi ki, hüquqi şəxsin qeydiyyatı və hüquqi varisi barədə tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. 16.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” müəssisəsinin dövlət qeydiyyatına dair məlumatın verilməsi ilə bağlı müraciətə baxılmışdır. Qeyri-kommersiya qurumlarının dövlət reyestrində sözügedən müəssisə barədə məlumat aşkar edilməmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25.08.2000-ci il tarixli 386 nömrəli Fərmanının 3.3.2-ci bəndinə əsasən kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə dövlət qeydiyyatını həyata keçirən orqan kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 25.10.2007-ci il tarixli 2458 nömrəli Sərəncamına əsasən 01.01.2008-ci il tarixdən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid qeydiyyat orqanı Vergilər Nazirliyi müəyyən edilmişdir. Bununla bağlı kommersiya qurumlarının arxiv sənədləri Dövlət Vergi Xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-dən 12.01.2022-ci ildə daxil olmuş məktubdan aydın oldu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314S saylı 21 may 2005-ci il tarixli Sərəncamına əsasən “Yevlax Kəndtikinti” 57 saylı X2 yalnız daşınar və daşınmaz əmlakları "xxxx" ASC-nin (əvvəlki "xxxx" ASC-nin) balansına verildiyi üçün İddiaçı barədə hər hansı sənəd "xxxx" ASC-də mövcud deyildir. Beləliklə, "xxxx" ASC-nin məktubunun məzmununa görə, iddiaçının 1987-1988-ci illərdə işlədiyi “Yevlax Kəndtikinti” 57 saylı X4 müəssisəsi həmin dövrdə mövcud olmuşdur. Bununla yanaşı, iddiaçının əmək kitabçasına əsasən iddiaçının adı çəkilən müəssisədə işləməsi təsdiq olunur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, iş üzrə iddiaçının 1987-1988-ci illərdə işlədiyi “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” müəssisəsinin aparılan araşdırmalar nəticəsində mövcud olduğunu, həmin müəssisə tərəfindən iddiaçıya məxsus əmək kitabçasında işlədiyi dövrlərlə bağlı müvafiq qeydlərin aparıldığını, bu qeydlərin şübhə doğurmadığını, belə ki, bu halı təsdiq edə biləcək hər hansı dəlilin cavabdeh tərəfindən bildirilmədiyini, bu barədə hər hansı sübutun da təqdim edilmədiyini, belə olan halda 01.01.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən əmək fəaliyyətini təsdiq edən əsas sənədin əmək kitabçası olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adı çəkilən müəssisədə 06.09.1987-01.08.1988-ci illər ərzində işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Belə olan halda iddiaçının ümumi iş stajı onun hərbi xidmət dövrü və əmək kitabçasındakı məlumatlar da nəzərə alınmaqla 20 ildən artıq (20 il 4 ay 23 gün) təşkil edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçının xüsusi iş stajı ilə bağlı məsələni mübahisələndirməmişdir. Lakin buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb etdiyini nəzərə alaraq hesab edir ki, bu növdə pensiyaya çıxmaq üçün qanunla tələb olunan bütün şərtlərin ödənilib-ödənilmədiyi yoxlanılmalıdır. Odur ki, iddiaçının xüsusi stajı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 65 saylı 23.01.2020-ci il tarixli arayışına əsasən iddiaçının işlədiyi “hava hərəkəti idarəetmə dispetçeri və böyük dispetçeri” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında təsdiq edilmiş XXİ. Nəqliyyat bölməsinin 3-cü maddəsinin 12003000-17541 bəndinə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Məhkəmə kollegiyası tərəfindən bu yöndə aparılan araşdırmalar zamanı müəyyən olundu ki, iddiaçının xüsusi stajı 01.01.2006-cı il tarixədək 10 ildən çox olmaqla, 14 il 5 ay təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Belə olan halda inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının 06.09.1987-01.08.1988-ci illər ərzində “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” müəssisəsində işlədiyi dövrün ümumi sosial sığorta stajına əlavə edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məşkəməsi düzgün nəticəyə gəlsə də, qərarının nəticə hissəsində iddiaçıya hansı yaşdan (həmçinin bu tarix göstərilməklə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini dəqiq olaraq göstərməmişdir. Bu barədə Kollegiya hesab edir ki, bu hal kobud pozuntu hesab edilmədiyi üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Apellyasiya baxışı zamanı iddiaçı ərizə verərək, tələbində 06.09.1987-ci il tarixdən 01.08.1988-ci il tarixədək olan dövr ərzində işlədiyi müddətin ümumi sosial sığorta stajına əlavə edilməklə hesablanması dedikdə, əslində ona 52 yaşının tamam olduğu, yəni 06 yanvar 2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsini nəzərdə tutduğunu bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya onun 52 yaşının tamam olduğu, yəni 06.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalı və cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2020 saylı 28 iyul 2020-ci il tarixli qərarı İddiaçı 52 yaşdan, yəni 06.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-166/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-166/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver