Məhkəmə qərarları › İş №2-1(103)-166/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-166/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-166/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(112)-508/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141327 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən müəssisə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada müəssisəyə verilməmişdir. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razılaşmırlar və hesab edirlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixli, **********190666 saylı qərarına əsasən Vergi Auditi İdarəsinin Ticarət Sahəsi üzrə X4 müfəttişi 1-ci dərəcəli müfəttiş X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə Mart 2017 – iyul 2019-cu il üzrə dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti X5 aparılmışdır. Yoxlamanın guya ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. X5 Aktının 1.1-ci bəndində göstərilmişdir ki, X5 xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. xx.xx.2020-ci il tarixli aktdan da, göründüyü kimi yoxlama müddəti müxtəlif tarixlərdə uzadılmış və müvəqqəti olaraq uzadılmışdır. Bir ilə yaxın davam edən yoxlama əssassız səbəblərdən müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi yoxlaması 9 dəfə, xx.xx.2019-cu il tarixindən 260 gün dayandırılmışdır. X5 30 gündən artıq davam edə bilməz, yəni, xx.xx.2020-ci il tarixində yoxlama başlamış, X5 qanunverciliklə müəyyən edilmiş müddətdə başa çatmamış, müddət düzgün olmadan xx.xx.2020-ci il tarixədək davam etmişdir. X5 əsassız olaraq qəbul edilmiş qərarlarla 287 gün davam etdirilmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu Maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Əlavə olaraq, X5 aktı rəsmiləşdirilərkən vergi yoxlaması aktı ilə razılaşmamışlar və vergi orqanına aktı imzalamamalarının səbəblərini izah etmişlər. Həmçinin, ilkin sənədlər tərəflərindən vergi orqanına təqdim edilməsinə baxmayaraq, yoxlamanın materiallarına müəssisənin və ya nümayəndənin iştirakı olmadan baxılmışdır. Bu hal da, vergi orqanının qərəzli mövqe tutduğunu bir daha sübut edir. Tərəflərindən 2017-2018-ci illər üzrə kassa metodu ilə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarını əsas götürərək, 20% şərti rentabellik səviyyəsi tətbiq etməklə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən 2017 və 2018-ci illər üzrə gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Halbuki, vergi orqanına təqdim edilmiş bəyannamələrdən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün idi. Həmçinin, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahtlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(112)-508/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********141327 nömrəli qərarının 139708,98 manat məbləğində mənfəət vergisi və 82.78 manat məbləğində ödəmə mənbəyindən tutulan vergi məbləği istisna edilməklə ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pulun İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək iddiadan imtina etdiklərini bildirdi və iş üzrə icraata xitam verilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiadan imtina edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar