Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1660/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Oruczadə Aytən Pənah qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 17-20 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 25 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqana pensiyanın təyin olunması ilə bağlı müraciət edərək, ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan ona imtina məktubu ilə cavab verərək, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsinin arxiv sənədlərinin Dövlət arxivinə təhvil verilmədiyi və 25 ildən az əmək stajı olduğunu əsas gətirərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi yaşa görə əmək pensiya təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “DOST1 mərkəzinə müraciət etmişdir. Ərizəçi müraciət zamanı sosial sığorta stajını təsdiq edən sənəd kimi əmək kitabçasını əlavə etmişdir. Müraciətə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubuna istinadən təqdim olunan xx.xx.1980-ci İl tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.2006ci il tarixə qədər sosial sığorta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin H-134 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu 14 saylı Təmir-Tikinti İstehsalat İdarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətinin olduğunu, xx.xx.1998ci il tarixdən xx.xx.2004-cü il tarixədək Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsində fəaliyyətini davam etdirdiyini hal hazırda isə yaşa görə pensiya verilməsi tələbini qeyd etmişdir. Müəssisənin mövcudluğu və müvafiq sənədlərin təqdim edilməsi məqsədilə tərəflərindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli sorğu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2021-ci il tarixli **********4 nömrəli sorğu ilə Dövlət Statistika Komitəsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01\3- 2234 nömrəli məktuba əsasən Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsi 31 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********63 nömrəli məktubuna əsasən müraciətdə qeyd olunan müəssisə haqqında dövlət əmlakının Reyestrində məlumat qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəmə icraatı zamanı məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Bas İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə, 2 saylı Ərazi Vergilər Bas İdarəsinə, Dövlət Statistika Komitəsinə və Dövlət Arxivinə müraciət edilmişdir. Müraciətə uyğun olaraq qurumlar tərəfindən təqdim olunan məktublara əsasən müəssisə haqqında heç bir məlumat aşkar edilməmişdir və arxiv sənədləri təhvil verilməmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının Abşeron rayonu 14 saylı Təmir- Tikinti istehsalat idarəsində işlədiyi dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunun həmin müəssisənin arxiv sənədlərinin müəyyən olunmaması əsası ilə qəbul edilməməsi ilə bağlı dəlilinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırması zamanı həmin müəssisənin təsərrüfat subyekti kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 31 iyul 1997-ci il tarixində “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Dövlət Registrində uçota alındığı müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus 76 nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildə Gədəbəy rayon 1 May Sovxozuna işə qəbul olunmuşdur (Əmr № 25 , 1/İX 1978); xx.xx.1998-ci ildə Bakı şəhərində yaşadığı üçün vəzifəsindən azad edilmişdir (Əmr № 12, xx.xx.1998); xx.xx.1998-ci ildə Abşeron rayon 14 №-li Təmir-Tikinti İstehsalat İdarəsinə xadimə vəzifəsinə qəbul edilmişdir (direktor A.Süleymanov Əmr № 13, xx.xx.1998); xx.xx.2004-cü il tarixdə öz ərizəsinə əsasən həmin İdarədən vəzifəsindən azad edilmişdir (direktor A.Süleymanov Əmr № 6, xx.xx.2004). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının müvafiq sorğusuna cavab olaraq verilmiş 22 sentyabr 2021-ci il tarixli 01/3-2234 saylı məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsi 31 iyul 1997-ci il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının müvafiq sorğusuna cavab olaraq verilmiş 29 sentyabr 2021-ci il tarixli **********63 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisə tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Müraciətdə qeyd olunan müəssisə barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********125500 saylı məktubunda qeyd olunmuşdur ki, İdarədə olan reyestrdə “Abşeron rayonu 14 №-li Təmir Tikinti İstehsalat İdarəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/3-99 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlanma müddəti göstərilməklə, sənədlərinin siyahısı”na uyğun olaraq, saxlanma müddəti başa çatdığından, Abşeron rayonu 14 saylı Təmir Tikinti İstehsalat idarəsinə dair müvafiq sənədlər məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8888500 saylı məktubunda qeyd olunmuşdur ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Abşeron rayonu 14 nömrəli Təmir-Tikinti İstehsalat İdarəsi bərədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli DA-00139-2022 saylı məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********0 saylı məktubda bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1980-ci il tarixində tərtib edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin H-134 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. O, əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Gədəbəy rayon 1 May Sovxozunda (20 il 1 ay), xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Abşeron rayon 14 №-li Təmir-Tikinti İstehsalat İdarəsində xadimə vəzifəsində işləmişdir (6 il 5 gün). Göründüyü kimi iddiaçının əmək kitabçasına əsasən 26 il 1 ay 5 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Həmçinin, iş materialları ilə Abşeron rayon 14 №-li Təmir-Tikinti İstehsalat İdarəsi təsərrüfat subyekti kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 31 iyul 1997-ci il tarixində “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Dövlət Registrində uçota alındığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Abşeron rayon 14 №-li Təmir-Tikinti İstehsalat İdarəsində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən 26 il 1 ay 5 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək qadınların pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 ildir. İddiaçının xx.xx.1959-cu ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 62 yaşında, xx.xx.2021-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1660/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1660/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver