Məhkəmə qərarları › İş №2-1(103)-1660/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1660/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1660/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-8230/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdeh tərəfindən barəsində qəbul edilmiş əlilliyin ləğvi tam reabilitasiya barədə qərarların ləğv edilməsi (16 noyabr 2023-cü il və 12 yanvar 2024-cü il tarixli qərarlar), əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə disk yırtığı diaqnozu ilə iddiaçıya xx.xx.2008-ci il tarixində sabiq dövlət qulluqçusu kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixində yenidən yoxlanışdan keçmiş, iddiaçıya üçüncü dərəcəli əlillik müddətsiz olaraq təyin edilmişdir. Həmin vaxtdan etibarən onun səhhətində heç bir yaxşılaşma olmadığı üçün əmək qabiliyyətinin bərpa edilməsi mümkün olmamışdır. Belə ki, o, bununla bağlı müalicə və müayinə olsa da, heç bir nəticə verməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən ona təyin edilmiş əlillik heç bir əsas, səhhətində yaxşılaşma olmadan dayandırılmışdır. Belə olduğu təqdirdə iddiaçıya təyin edilmiş əlilliyin dayandırıldığı müddətdən xx.xx.2021-ci il tarixindən bərpa edilməsinə zərurət vardır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, əlilliyin müəyyən edilməsi ilə əlaqədar yenidən həkim ekspert tərəfindən müayinə edilmişdir. Buna baxmayaraq, yenə də xx.xx.2024-cü il tarixindən “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmiş, iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Hələ bu azmış kimi, təkrar müayinədən keçməyi ilə əlaqədar xx.xx.2022-ci il tarixində üçüncü dərəcəli əlilliyin müəyyən edildiyindan əmək pensiyasının müraciət əsasında bərpa edildiyi, yenidən hesablanaraq 738.44 manatdan 868.79 manata artırıldığı, xx.xx.2019-xx.xx.2021-ci il il tarixləri arasındakı dövr ərzində yenidən hesablanaraq ödənilməli olan 3182.40 manat fərq məbləğinin müəyyən edildiyi, həmin məbləğin 438.96 manat hissəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində guya hissə-hissə mənə ödənildiyi qeyd edilmişdir. Qalıq vəsait 2743.44 manat təşkil edir. Bu səbəbdən də, guya iddiaçıya xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə 23246.99 manat və 278.71 manat müavinət olmaqla 23525.70 manat artıq pul ödənildiyi, həmin məbləğdən iddiaçıya ödənilməli olan 2743.44 manat çıxılaraq büdcəyə bərpa edildiyi, qalan 20782.26 manat artıq ödənilmiş pul vəsaitinin könüllü surətdə büdcəyə ödəməli olduğu barədə bildiriş iddiaçıya göndərilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi aqqında Nazirlər Kabinetinin qərarının 6.5-ci maddəsinə əsasən, 6.5.1. serebral iflic və digər paralitik sindromlarserebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) konkret olaraq mənim xəstəliyi və təsnifat kodu (G83) da öz əksini tapmışdır. Həmin qərarın 6.6.3cü maddəsinə əsasən, boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi, digər şöbələrin əqərəarası disklərinin zədələnmələri təsnifat kodu (M50, M51) öz əksini tapmışdır. Belə olduğu təqdirdə yuxarıda qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin ləğvi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və ona təyin edilmiş əlilliyin dayandırıldığı müddətdənxx.xx.2021-ci il tarixindən bərpa edilməsi üçün tərəfindən cavabdeh orqana xx.xx.2024-cü il tarixində müraciət edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Q—7291/2024 saylı cavab məktubuna əsasən, xx.xx.2022-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı münasibətində (etirazında) bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 2756003AAFF8 nömrəli göndərişi DTSERA- da əyani müayinəsi əsasında 01.01,2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS.**********1) Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-M-25742/2023 nömrəli 31,10.2023-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 18733/2023 nömrəli qərar əsasında xx.xx.2022-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gətirilərkən belində ayaqlarına irradiasiya edən ağrılardan şikayət etmiş, xəstəliyinə aid heç bir müayinə və müalicə sənədləri təqdim etməmişdir. Obyektiv müayinə zamanı aşağı ətraflarında əzələ gücü və əzələ tonusu normal, reflekslər canlı olmuş, əlillik təyinatına əsas verən hərəkət məhdudluğu, parez, iflic aşkar edilməmişdir. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən, Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-18733/2023 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləqv edilsin, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-8230/2024 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində qəbul edilmiş əlilliyin ləğvi və tam reabilitasiya barədə qərarlar (16 noyabr 2023-cü il və 12 yanvar 2024-cü il tarixli qərarlar) ləğv edilməsi, iddiaçıya əlilliyin dayandırıldığı tarixdən (beş il müddətinə təyin edilmiş üçüncü dərəcə əlillik qüvvəsini itirmiş hesab edilməklə) bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Elektron sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə “L4-L5 fəqərəarası disk yırtığı. Ağrı sindromu ilə. Hipertoniya” diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə ““L4-L5 fəqərəarası disk yırtığı.” Diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

11. X1 Sistemindən əlillik haqqında arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L3-L4, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. (təkrar müayinə əsasında)

12. Tibbi-Sosial Ekspert Komissiyasnın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 5 illik müddətə “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L3-L4, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu əsasında üçüncü dərəcəli əlillik təyin edilmişdir.

13. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-34225/2023 nömrəli bildirişdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kaztmovski küç. 134) əyani müayinədə iştirak etmişdir. Ona ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə müddətsiz əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişsə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur.

20. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

21. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır.

24. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh tam reabilitasiya olma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır.

25. Məhkəmə kollegiyası, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

26. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.

27. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

28. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.

29. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.

30. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əlilliyin düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin əlillik təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.

32. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

34. Beləliklə, əlilliyin təyin ediliyi və ehtimal olunan yanlışlığın (hansı ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır) edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən buna səbəb olan hal elə həmin vaxt təyinat aparan orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi və ya ləğv etməsi qanuni sayıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, 12 yanvar 2024-cü il tarixli qərar 6 nəfər şəxs barədə qəbul edilmiş qərar olmaqla, həmçinin də iddiaçının tam reabilitasiyası barədə qərar xüsusiyyətinə malikdir. Təqdim edilən qərardan görünür ki, həmin qərar diaqnozun öz təsdiqini tapmaması barədə qərarın ləğvi və iddiaçının reabilitasiya olunması ilə əlaqədardır ki, digər şəxslərin barəsində də qəbul edildiyi nəzərə alınmaqla AR İPM-nin 52-ci maddəsinin tələblərinə uyğun olaraq 12 yanvar 2024-cü il tarixli iddiaçı barədə qəbul edilmiş tam reabilitasiya barədə qərarın ləğvi anlayışı ilə qərarın hissəvi, yəni iddiaçıya aid hissədə ləğvi anlayışı eyniyyət təşkil edir. Yəni, hazırkı iddia qərarın məhz iddiaçıya aid hissədə ləğvi ilə əlaqədardır ki, həmin hissə də məhz iddiaçı barəsində tam reabilitasiya olunma barədə qərarın ləğvi anlayışını ehtiva edir.

35. Başqa sözlə, iddiaçı hazırkı iddianı verməsi, tam reabilitasiya barədə qərarın ləğvi-12 yanvar 2024-cü il tarixli qərarın hissəvi-iddiaçıya aid hissədə ləğvi deməkdir.

36. Digər tərəfdən nəzərə alınmalıdır ki, tam reabilitasiya barədə 12 yanvar 2024-cü il tarixli qərarın ləğvi, diaqnozun öz əksini tapmaması barədə qərarın hüquqi qüvvəsinin bərpasına səbəb olur. Belə ki, həmin qərar məhz 12 yanvar 2024-cü il tarixli qərarla ləğv edilmişdir. odur ki, 12 yanvar 2024-cü il tarixli qərar ləğv edildiyindən iddiaçının hüquqi marağına uyğun olaraq onun əlilliyinin təyinatını ləğv edən 16 noyabr 2023-cü il tarixli qərar da ləğv edilməlidir.

37. Bundan başqa, həmin qərarların ləğvi iddiaçının əvvəlki müddətsiz əlilliyinin bərpasına səbəb olur ki, bu səbəbdən iddiaçıya İİİ qrup beş il müddətinə təyin edilmiş əlillliyin təyinatına dair qərar da hüquqi qüvvəsini itirmiş sayılmalıdır. Belə ki, yuxarıda göstərilən qərarların ləğvi iddiaçının əlilliyin dayandırıldığı tarixdən bərpasına səbəb olur ki, həmin tarixdən təyin edilmiş İİİ qrup 01 yanvar 2027-ci il tarixədək qüvvəsində olan təyinatın qüvvəsini saxlaması mümkünsüz olur. Odur ki, adıçəkilən bərpa İİİ qrup əlilliyin hüquqi qüvvəsinin itirilməsi deməkdir.

38. Bu vəziyyətin əsas səbəbi ondan ibarətdir ki, iddiaçı barəsində tam reabilitasiya olunma barədə qərarın qəbul edilməsi, faktiki olaraq onun əvvəllər etimad etdiyi müddətsiz ikinci dərəcəli əlilliyin hüquqi qüvvəsinin itirildiyini göstərir. Halbuki, müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi qərarı, həm onun daimi xarakter daşıması, həm də ikinci dərəcəli əlillik statusunun iddiaçı üçün daha yüksək təminat səviyyəsi təqdim etməsi baxımından, mövcud olan yeni üçüncü dərəcəli əlillik statusu ilə müqayisədə üstün vəziyyətdə idi. Beləliklə, qəbul edilən qərar iddiaçının hüquqi vəziyyətini əvvəlki dövrlə müqayisədə daha aşağı səviyyəyə endirərək, onun qanunla təmin olunmuş sosial təminat hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

41. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 43.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-8230/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar