Məhkəmə qərarları › İş №2-1(103)-1661/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1661/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1661/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2825/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İnzibati Xətalar Məcəlləsinin 86.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09.04.2020-ci il tarixdə ona inzibati xəta haqqında protokol yazılmış, o, protokol ilə razılaşmadığına görə BDYP idarəsində inzibati xəta haqqında işə baxılmış və ona qarşı qərar çıxarılmışdır. Bununla əlaqədar onun Binəqədi rayon məhkəməsinə verdiyi şikayətə əsasən həmin qərar ləğv edilərək işə yenidən baxılması üçün BDYP idarəsinə göndərilmiş, 09.06.2020-ci il tarixdə BDYP idarəsi tərəfindən cərimə və dəbbə pulu ləğv edilmişdir. Lakin onun iştirakı olmadan və ona xəbərdarlıq göndərilmədən həmin iş üzrə təkrar onun əleyhinə qərar çıxarılmışdır. O, yenidən həmin qərardan 10.09.2020-ci il tarixdə Binəqədi rayon məhkəməsinə şikayət vermiş, məhkəmə qərarı ləğv edərək yenə BDYP idarəsinə göndərmişdir. Bununla əlaqədar o, apellyasiya şikayəti vermiş və həmin qərar ləğv edilmişdir. Nəticə etibarı ilə 2 dəfə idarəyə getmiş, 5 məhkəmə iclasının keçirilməsi və cavabdeh olan qarşı tərəfin bu iclasların heç birində iştirak etməməsi işin bu dərəcədə uzanmasına səbəb olmuşdur. O, qanunsuz inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da apelyasiya məhkəməsinin qərarında öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati cəriməni ləğv etməsinə baxmayaraq cərimə meydançasına aparılmaq məqsədi ilə iddiaçı polis tərəfindən saxlanılmışdır. Cavabdehin qərarları poçt ilə gəlmədiyindən, onları əldə etmək üçün iddiaçı işdən icazə alaraq BDYP idarəsindən götürməli olmuş və bununla əlaqədar ümumilikdə 29 saat vaxt sərf etmişdir. Bir ayda 22 iş günü 8 saatdan hesablandıqda 176 saat edir. 176 saat müqabilində aldığı əmək haqqı 280 manat təşkil edirsə, 29 saat itirdiyi vaxt 46,13 manat təşkil edəcəkdir. Nəzərə alınsa ki, ümumilikdə 3,60 manat təşkil edən çap işi hər məhkəmə ərizələrinə əlavə edilmişdir, o zaman bu proseslərin 3 dəfə olmasını nəzərə alaraq bu 11,20 manat təşkil edir. Ərizələrin 4 dəfə məhkəməyə verilməsi, məhkəmələrdə 6 dəfə iştirak və polis idarəsinə getdiyi avtobus yoluna çəkilən maddi xərclər, yaşadığı ünvanına görə 2 gediş və 2 gəliş olaraq 1,20 manatdan hesablansa 14,40 manat yol xərcləri edəcəkdir. Poçt rüsumu 2,27 təşkil etmişdir. Mənəvi halın maddi dəyərə mütənasibliyi göstərilmədiyindən o, mənəvi təzminatı cərimə olduğu məbləğin 2 misli qədər 120 manat mənəvi təzminat dəyərində qiymətləndirir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2825/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2825/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, işdən görünür ki, İddiaçı barəsində Bakı şəhər BDYP İdarəsinin polis kapitanı X1 tərəfindən İXP ******* saylı 09.04.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin BDYP İdarəsinin polis kapitanı X2 və polis leytenantı X3 tərəfindən İddiaçı TP ******* saylı 20.04.2020-ci il tarixli və TP ******* saylı 28.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1805/2020 saylı 26.10.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin polis leytenantı X4 tərəfindən qəbul edilmiş 28.08.2020-ci il tarixli, TP ******* nömrəli qərar və Bakı şəhəri Binəqədi rayon məhkəməsinn 3(001)-2626/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, İddiaçı inzibati məsuliyyətdən azad edilmişdir. Hazırda İddiaçı cavabdeh orqanın hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci bəndində qeyd edilmişdir ki, “......«İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Hazırki iş üzrə tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətin inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmadığı, yəni münasibətin inzibati orqanın inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı qanunsuz hərəkətləri nəticəsində yarandığı müəyyən olunur ki, qanunvericiliyin tələbinə görə belə iddialara da mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. Belə olan halda yuxarıda qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmamış, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamamış, nəticədə verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2825/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2825/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar