Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1661/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15010/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehin imtinasının qanunsuz hesab edilməklə, onun ünvan 1 ünvanına qeydiyyata alınmağı barədə cavabdeh orqanın üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanına qeydiyyata alınmağını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 19 may 2023-cü il tarixli, 50/2-A-13834/11/23 nömrəli məktubu ilə qeyd edilən ünvana qeydiyyatı ilə bağlı müraciətindən imtina edilərək, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İnzibati orqan tərəfindən imtinaya əsas kimi isə ünvan 2 ünvanının hüquqi sənədinin olmaması ilə əsaslandırılmışdır. Odur ki, qanunsuz imtina ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh orqanın imtinası hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, anadan olduğu xx.xx.1977-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2005-ci ildə ailə qurduqdan sonra ünvan 2 ünvanında yaşamışdır. Sonradan, DİN-nin Daxili Qoşunların Mənzil İstismarı Xidmətindən komissiya gəlib mənzil-məişət şəraitinin qeyri-qənaətbəxş olması ilə əlaqədar o, ünvan 5 ünvanı üzrə qeydiyyata alınmaqla yanaşı, mənzil növbəsinə götürülmüşdür. Təxminən 2 il öncə, ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmışdır. Sonradan DİN-nin Daxili Qoşunlarının Hərbi hospitalında xidmət etdiyi müddətdə ünvan 6 ünvanında yerləşən 12576 saylı hərbi şəhərcikdə pasport qeydiyyatına alınmışdır. Lakin ünvan 6 ünvanında yerləşən 12576 saylı hərbi şəhərcikdə yaşayış yerinin olmaması ilə əlaqədar onun qeydiyyatına xitamın verilməsi, əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə qeydiyyata alınması üçün müvafiq işlərin görülməsi və aparılan işlərlə bağlı məlumatın verilməsi üçün hərbi qospitalın rəisi Ş.Heydərov tərəfindən xx.xx.2023-cü il tarixli 3-13- 14-12/2-1770/2023 saylı məktubla Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə və xx.xx.2023-cü il tarixli 3-13-14- 12/2-1795/2023 saylı məktubla Bakı şəhəri 5 saylı ASAN xidmətə müraciət edilmişdir. Lakin, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 19 may 2023-cü il tarixli, 50/2- A13834/11/23 nömrəli məktubu ilə qeyd edilən ünvana qeydiyyatı ilə bağlı müraciətindən imtina edərək, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15010/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 50/2-A-13834/11/23 nömrəli məktubla bildirilmişdir ki, onun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınma tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. - Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı Mənzil kommunal İstismarı Sahəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 30/0479 nömrəli arayışa əsasən o, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, 16 T nömrəli özbaşına tikili olan evdə qonşuların aktına əsasən qeydiyyatsız yaşayır. - Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən alınmış məlumata görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur, lakin İddiaçı müvafiq sənədləri təqdim etmədiyindən onun qeyd olunan ünvana tərəflərindən qeydiyyata alınması mümkün deyildir. - Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən alınmış digər məlumata görə ünvan 7 ünvanında qeydiyyatda heç bir şəxs aşkar olunmadı. - Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsindən alınmış məlumata görə Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev və Əliyar Əliyev küçələrində 16T saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. Hazırkı işin hallarından məlum olur ki, iddiaçı hazırki iddiasında ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birini qeydiyyat orqanına təqdim etməmişdir. Göründüyü kimi iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilərək iddia tələbi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməsi təklif olunsa da, məhkəməyə də heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini ödəmədiyindən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, iddia etdiyi ünvana qeydiyyata alınması üçün ilk növbədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində göstərilmiş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədləri (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə təqdim etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15010/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1661/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1661/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver