Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1661/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********511900 qeydiyyat nömrəli əmrin ləğv edilməsini, əvvəlki işinə işə bərpa edilməsini, məcburi işburaxma dövrü üçün əmək haqqının tamamının ödənilməsini, iddiaçı tərəfindən məhkəməyədək çəkilmiş və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü tarixli **********511900 qeydiyyat nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrlə (bundan sonra - Əmr) iddiaçının xidmətinə xitam verilmişdir. Cavabdeh əmri aşağıda qeyd olunan və iddiaçı tərəfindən törədildiyi iddia olunan nöqsan və pozuntulara əsasən çıxarmışdır: - İddiaçı xx.xx.2024-cu il tarixində saat 09:30 radələrində səhhətində olan problemlərlə əlaqədar işə gəlməyəcəyini bildirmişdir. Əslində isə iddiaçı anasının adına rəsmiləşdirilmiş yanacaq doldurma məntəqəsi barəsində başlanılmış cinayət işi ilə əlaqədar olaraq Qazax Rayon Prokurorluğunda olmuş, lakin 14 saylı ƏVİ-nin rəhbərliyinə məlumat verməmişdir. Bununla da iddiaçı öz rəhbərliyinə yalan danışmışdır. - Müəyyən edilmişdir ki, iddiaçı anası X3 (VÖEN **********) 14 saylı ƏVİ-də xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota aldırmış, anasının adına təsərrüfat subyekti kimi qeydiyyatda olan NURAY PETROL adlı YDM-də yeni nəsil NKA quraşdırılmasını təmin etməmiş, vergi ödəyicisinin uçot baza məlumatlarında əksini tapmış ***-***-**-** saylı mobil nömrə iddiaçıya məxsus olmuşdur. Baza məlumatlarında vergi ödəyicisi Tərlan Əliyevanın aktiv əmək müqaviləsi və ona məxsus nəqliyyat vasitəsi aşkar edilmədiyi halda, 14 saylı ƏVİ tərəfindən xx.xx.2024-cü il tarixdə yerində aparılmış müşahidə zamanı NURAY PETROL YDM-nin faktiki olaraq fəaliyyət göstərdiyi və 2 nəfər işçinin olduğu müəyyən edilmişdir. Həmçinin, baza məlumatlarına əsasən məlum olmuşdur ki, 2023-cü ilin iyul və avqust aylarında vergi ödəyicisi Tərlan Əliyevanın adına ABŞ-dan tam dəyəri 34.170 manat olan 2 ədəd avtomobil idxal edilmiş, həmin nəqliyyat vasitələrinin satışı ilə bağlı məlumatlar aşkar edilməmiş, vergi orqanlarına bəyannamə təqdim edilməmiş, bu əməliyyatlardan büdcəyə vergilər hesablanmamış və ödənilməmişdir. - Tərlan Əliyevanın fəaliyyətinə faktiki olaraq iddiaçı özü rəhbərlik edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, anasının vergidən yayınmasına göz yummuş və bu halların qarşısını almaq üçün zəruri tədbirlər görməmişdir. Əmrdə əksini tapan bu pozuntular sonradan iddiaçının vermiş olduğu izahatlara istinad edilərək cavabdeh tərəfindən tam sübuta yetirilmiş hesab olunur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində yazmış olduğu izahatda xx.xx.2023-cü il tarixində saat 20:00 radələrində qonaqları ilə bərabər spirtli içki qəbuıl etdiyini qeyd etmişdir. Qazax Rayon Prokurorluğunda olmasının səbəbinə dair iddiaçı qeyd etmişdir ki, anası ilə həkimə gedərkən anasını Qazax Rayon Prokurorluğuna düşürmüş və avtomobildə gözləmişdir. Bundan sonra o, prokurorluğa dəvət edilmiş və tanışlıq olmuşdur. Səbəb hər ikisinin də dövlət işçisi olduğu və qarşılıqlı ehtiramın olması olmuşdur. Hər hansı problem olmadığı üçün də iddiaçının anası prokurorluq binasını tərk etmişdir. Prokurorluq orqanlarına dəvət olunduğu halda nə üçün rəhbərliyə məlumat verməmişdir sualına isə iddiaçı hər hansı təhqiqat və ya istintaq məqsədilə prokurorluq orqanına dəvət olunmaması cavabını vermişdir. Həmçinin, anasının işləri onun şəxsi işi olmadığı üçün öz rəhbərinə belə bir məlumat verməyi vacib hesab etməmişdir. Qəribə bir halda cavabdeh iddiaçıdan bir ayağının 3 sm qısa olması barədə sənəd təqdim etməyi tələb edir. Cavabdeh iddiaçıya anasının sahibkarlıq fəaliyyəti və yol vermiş olduğu hüquq pozuntuları barədə sual verdikdə o bu barədə məlumatlı olmadığını qeyd edir. Cavabdeh iddiaçıdan anasının ona hər hansı etibarnamə verməsi barədə sual etdikdə o, belə bir etibarnamənin olmadığını qeyd etmişdir. Cavabdeh ***-***-**-** saylı mobil nömrənin iddiaçıya məxsus olmasını və bunun baza məlumatlarında qeyd edilməsini necə izah edəcəyini sual etdikdə, o anasının əzbərində qaldığı üçün və öz nömrəsi olmadığından belə bir addım atdığını qeyd etmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixində iddiaçının vermiş olduğu izahatda ona verilən sual öz tutarsızılığı ilə diqqəti cəlb edir. Belə ki, iddiaçı araşdırması ilə bağlı məlumatı xx.xx.2024-cü il tarixində vermiş olsa da, cavabdeh xx.xx.2023-cü il tarixli baza məlumatlarına əsaslanaraq iddiaçının yalan danışmaqda ittiham edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim C.Quliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı xidmətdə qulluğuna xitam verilmişdir. xx.xx.2024-cü ildə iddiaçı bu əmrlə tanış edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2024-cü il tarixində “Mediasiya haqqında” Qanunun 21.6-cı maddəsinə uyğun olaraq cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Həmin Qanunun 21.7ci maddəsinə əsasən cavabdeh tərəf 10 gün ərzində təklifə cavab vermədiyi üçün iddiaçı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Belə ki, cavabdeh tərəf xx.xx.2024-cü ildə mediasiya təklifi barədə məktubu almasına və 03 dekabr 2024-cü il tarixli məktubla mediasiyada iştirakı rədd etməsinə baxmayaraq, bu barədə cavabdehdən tərəflərinə məktub xx.xx.2024-cü ildə daxil olmuşdur. Mediasiyada iştirakdan imtina halı bəlli olduqdan sonra tərəfindən Mediasiya təşkilatına məlumat verilmişdir. Mediasiya təşkilatı isə xx.xx.2024-cü il tarixində (ara günlər qeyri-iş günü olması səbəbilə) ilkin mediasiya sessiyasının davam etdirilməsinin mümkünsüzlüyü barədə arayış təqdim etmişdir. Arayışı aldıqdan dərhal sonra elə həmin gün EMİS vasitəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi müddətin ötürülməsi kimi hər hansı bir hal mövcud olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən diqqətə alınmalı və iddia müddətinin ötməməsi faktı vurğulanmalı idi. İddiaçı digər tərəfin inzibati orqan olması səbəbilə inzibati məhkəməyə müraciət etmişdir. Belə ki, əmək münasibətlərinə xitam verilərkən hər bir halda əmr qəbul edilir. Bu Əmri (inzibati aktı) qəbul edən işəgötürən inzibati orqan olduğu üçün inzibati məhkəmədə əmrin ləğvi və işə bərpa ilə bağlı iddia qaldırılmışdır. Pozulmuş hüquq iddiaçının əmək müqaviləsinə əsassız və qanunsuz şəkildə xitam verilməsilə Əmək Məcəlləsi ilə təminat altına alınan əmək hüquqlarıdır. Belə ki, ayrı-seçkiliyə yol verilməsi, Dövlət Vergi Xidməti orqanlarında xidmət haqqında Əsasnaməyə, Əmək Məcəlləsinin müddəalarına əsas olmadan istinad edilərək əmək hüquq münasibətlərinin işəgötürən tərəfindən sonlandırılması məhz iddiaçının məhkəməyə müraciət etməsinə və məhkəmədən işə bərpa olunmasına - yəni yenidən əmək münasibətlərinin yaranmasına nail olmasıdır. Bu səbəbdən də mübahisə məhz əmək münasibətləri ilə bağlıdır. Bunu və Əmrdə göstərilməli olan inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmaması nəzərə alaraq hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir və məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tam qanuni və əsaslıdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə bitən iddia müddətinə rəğmən mediasiya barədə ilkin təklif iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində verilməklə əslində iddiaçı müddət bitmədən inzibati akta öz etirazını bildirməklə hərəkətə keçmiş və ondan asılı olmayan prosesin yekunlaşmasını gözləmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində Mediasiya təşkilatından arayış alındığı gün vaxt itirmədən məhkəməyə müraciət edilmişdir. Bu o deməkdir ki, iddia tərəfi olaraq onlar iddia müddətinin olmasının və onun ötürülməməli olmasının fərqində olublar və buna uyğun addımlar atıblar. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının apellyasiya şikayətinə dair etiraz təqdim edilərək, apellyasiya şikayətinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı, 04 fevral 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, hazırki iş üzrə mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixdə qəbul edildiyi halda iddiaçı iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Odur ki, iddiaçı müvafiq əmrin qəbul edilməsindən (xx.xx.2024-cü il tarixindən) təxminən 02 ay 16 gün sonra inzibati məhkəməyə şikayət etmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrindən görünür ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. Mübahisələndirilən əmrdəki qeydlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrlə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Bununla bağlı o, əmrdə (Əmrlə tanış oldum, xx.xx.2024, saat 17:15, imza, İddiaçıV) qeydlərini aparmışdır Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayış iş materiallarına əlavə edilmişdir. İşin araşdırılan hallarından görünür ki, Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Arayış xx.xx.2025ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü ildə əmrlə tanış edildiyini, bundan sonra xx.xx.2024-cü il tarixində “Mediasiya haqqında” Qanunun 21.6-cı maddəsinə uyğun olaraq cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdiyini, mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasının davam etdirilməsinin mümkünsüzlüyü barədə arayışını əldə etdikdən dərhal sonra inzibati məhkəməyə müraciət etdiyini və qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədiyini qeyd etsə də, bu sadəcə olaraq iddiaçının şəxsi mülahizəsindən ibarətdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli “İntizam tənbehi tədbirinin görülməsi” barədə əmrlə xx.xx.2024-cü il tarixdə tanış olduqdan (əmrdəki qeydlərlə müəyyən edilir) sonra 29 gün sonra xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərmişdir. İşin hallarından müəyyən edilir ki, tərəflərə ilkin mediasiya sessiyası barədə xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş, Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Arayışı xx.xx.2025ci il tarixdə əldə etdikdən dərhal sonra – 06 yanvar 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Qanunun 24.7-ci maddəsində qeyd edilir ki, bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdən fərqli olaraq inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesinin tətbiq edilməsi məcburi tələb kimi qeyd edilməmiş, tərəflərin könüllü mülahizəsinə verilmişdir. Digər tərəfdən qeyd edilir ki, Qanunun 21.7-ci maddəsində əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Hazırkı işin halları baxımından müəyyən etmək mümkündür ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiq edilməsi barədə cavabdehə göndərilmiş təklifə cavabdeh tərəfindən 10 gün ərzində cavab verilmədiyindən mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən avtomatik xitam verilmiş və iddia müddətinin axımı davam etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.4-cü maddəsində qeyd edilir ki, tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya təklifi göndərildiyi vaxtdan 30 gün keçdikdən sonra – xx.xx.2024-cü il tarixdə hər bir halda mediasiya prosesinin müddətinin bitməsi əsası ilə mediasiya prosesinə xitam verilmişdir. Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Qanunvericiliyin tələbindən həmçinin müəyyən edilir ki, qanunvericiliyin məcburi olaraq tələb etmədiyi halda və tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlamadan iddiaçının Mediasiya təşkilatına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Göründüyü kimi, hər bir halda iddiaçı tərəfindən mediasiya prosesinin tətbiq edilməsi barədə qanunvericiliyin tələblərinə əməl edilməmiş, bu səbəbdən “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Arayışı xx.xx.2025-ci il tarixdə əldə edilməsi müddətin ötürülməsinin üzrlü halı hesab edilə bilməz. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1661/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1661/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver