Məhkəmə qərarları › İş №2-1(103)-1662/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1662/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1662/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3462/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3462/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Qarabağ müharibəsində iştirakına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1988-94-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon polis şöbəsində rəis müavini vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı dəfələrlə Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Dəfələrlə döyüş bölgəsində olmasına və döyüşlərdə iştirak etməsinə baxmayaraq, Daxili İşlər Nazirliyinin arxivindən Ağdam rayon polis şöbəsinə ezam olunması barədə bir Arayış (xx.xx.1992-ci il tarixli 74 saylı əmr) əldə edilmişdir. Lakin buna baxmayaraq onunla dəfələrlə Qarabağ döyüşlərində qrup halında döyüşmüş zabitlər təsdiq edə bilər ki, o, onlarla döyüşlərdə iştirak etmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında verilir. Onunla Qarabağ döyüşlərində iştirak etmiş Neftçala rayon polis şöbəsinin sabiq əməkdaşları X5, X7, X8 şahid kimi təsdiq edə bilərlər ki, onlar Qarabağ döyüşlərində birgə dəfələrlə iştirak etmişlər. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçı Neftçala rayon polis şöbəsində xidmət edərkən, Ağdam rayon polis şöbəsinə ezam olunarkən ezamiyyətin məqsədi barədə heç bir məlumat qeyd olunmamışdır. İddiaçı eyni zamanda bildirmişdir ki, verilmiş əmrin tərtibatı ilə o məşğul olmamışdır və buna görə o məsuliyyət daşımır. Həmin vaxtlar Ağdam müharibə bölgəsi idi, həmin bölgədə Azərbaycanın ərazi bütövlüyü uğrunda polis orqanları döyüşürdü. 1990-cu illərdə hərbi hissələr formalaşmadığından polis işçiləri ezamiyyətə əsasən döyüş bölgəsində yerləşən polis şöbələrinə ezam olunurdu. Ona görə də iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 012-25748Q-3219 saylı arxiv arayışından görünür ki, Qarayev X4 Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrilə Ağdam rayonuna ezam olunmuşdur. İşdə olan cavabdeh tərəfindən verilmiş 06/26-42 saylı, xx xxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının «Müharibə veteranı» adının və müvafiq veteran vəsiqəsinin verilməsi barədə daxii olmuş müraciətinə «Ədliyyə orqanlarında «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», «Əmək veteranı» adlarının verilməsi üzrə komissiya»da baxılmışdır.Müəyyən edilmişdir ki, iddiaçı 1982-1997-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 1997-2007-ci illərdə 5 saylı islah əmək müəssisəsinin rəisi vəzifəsində işləmiş, xidmət illərinə görə xx.xx.2007-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Müraciətlə bağlı təqdim edilmiş Daxili işlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən, o, Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 nömrəli əmri ilə Ağdam rayonuna ezam olunmuşdur.«Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə əsasən «Müharibə veteranı» adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara həmçinin arxiv arayışları əsasında verilir.Lakin onun təqdim etdiyi müvafiq arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd edilməmişdir. Eyni zamanda məsələnin tam və ətraflı araşdırılması məqsədilə müvafiq qanunvericiliyin tələblərinə cavab verən sənədlərin təqdim olunması üçün əvvəllər çalışdığı Neftçala Rayon Polis Şöbəsinə müraciət olunmuş, lakin həmin qurumdan barəsində arxiv sənədlərinin mövcud olmadığı bildirilmişdir. İşin hallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli, 012-25748Q-3219 saylı arxiv arayışı əsasında onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinin sübut edildiyinə istinad edərək, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, həmin arayışda iddiaçının Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrinə əsasən Ağdam rayonuna ezam olunması göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrinin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli, 012-5509-1220 saylı məktubla Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrinin surəti məhkəməyə təqdim olunmuşdur. Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin 2/17 saylı göstərişinə əsasən polis kapitanı İddiaçı Ağdam rayonuna ezam olunmuşdur. Göründüyü kimi həmin əmrdə ezamiyyənin məqsədi, habelə iddiaçının hansı hərbi hissəyə və ya orqana ezam olunmasının müəyyən etmək mümkün deyildir. İddiaçının Ağdam rayonuna ezam olunması onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki halda iddiaçının döyüşlərdə iştirakını təsdiq edən sənədlər olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-ci il tarixli, 012-25748Q-3219 saylı arxiv arayışı əsasında ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün olmadığından iddia tələbi təmin edilə bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3462/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar