Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1662/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (3-cü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsi) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)- 4854/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 2000 manat xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4854/2021 saylı, 09 mart 2021-ci il tarixli qərardadı ilə Binəqədi rayon İcra və Probasiya Şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-4854/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının 4-cü səhifəsində yazılıb ki, guya məhkəməyə qədər pretenziya qaydasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciəti olmamışdır. Bu həqiqətə uyğun deyildir, məhkəməyə qədər pretenziya qaydasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir, onun surətini və Ədliyyə Nazirliyi tərəfindən müraciətinin alındığını göstərən poçt xəbərnaməsini Bakı İnzibati Məhkəməsinin hakimi Aytən xanım Oruczadə almışdır. Məhkəmə işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini kobud şəkildə pozmuşdur, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Bu günə kimi Binəqədi rayon İcra və Probasiya şöbəsi Nəsimi rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)- 446\2020№-li İcra vərəqəsini icra etməmişdir, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müraciətlərini alsa da nəzarətsizlik etmişdir, vəzifə borcunu yerinə yetirməmişdir, hətta məhkəməyə qədər pretenziya qaydasında müraciətini alsa da, məhkəmə qətnaməsində göstərilmiş 6600 AZN sığorta pulunun ödətdirilməsində belə heç bir hərəkət etməmişdir. Bakı Apellyasiya Məhkəməsi məhkəmə qətnaməsində göstərilmiş 6600 AZN sığorta pulunun ödətdirilməsində köməklik etsə, belə olan halda hazırkı iş üzrə iddia ərizəsinin geri götürülməsi barədə ərizəni təqdim edəcəkdir. Lakin, ədalətə nail olmaq üçün heç bir köməklik olmazsa, belə olan halda qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsinin bu günə kimi icra olunmadığını, 6600 AZN pulunun verilmədiyini nümayiş etdirmək üçün hətta Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə məcbur olacaqdır. Məhkəməyə qədər pretenziya qaydasında 02.01.2021-ci il tarixli müraciət ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş idarəsinin aparıcı məsləhətçisi 23.12.2020-ci il tarixli məktubundan göründüyü kimi, məhkəmə qərarının icrası nəzarətə alınmışdır. Göründüyü kimi, belə bir cavab yazmaqla, vəzifə borcunu yerinə yetirmiş hesab etmişdir. Məhkəmə iclasında demişdir ki, SS669109644AZ ştrix kodlu poçt xəbərnaməsindən göründüyü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəməyə qədər pretenziya qaydasında şikayət ərizəsi 07.01.2021-ci il tarixdə almışdır, həmin şikayət ərizəsində yazmışdır ki, əgər bir ay müddətində 6600 manat sığorta pulunun ödənilməzsə, belə olan halda o Binəqədi rayon İcra yə Probasiya şöbəsindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 6600 manat sığorta pulunun yə əlavə olaraq 2000 manat maddi yə mənəyi ziyanın əvəzi kimi tutulmasını tələb edəcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xahiş edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446\2020№-li qətnaməsinin icrasını nəzarətə alasınız, təcili tədbirlər görəsiniz. Bu haqda o göndərdiyi dəqiqləşmədə də yazmışdır. Dəqiqləşmənin qoşmasında poçt xəbərnamələrinin əsli də sübut kimi əlavə olunmuşdur. Odur ki, iddia ərizəsinin mümkünsüz hesab edilməsi üçün heç bir əsas yoxdur, iddia ərizəsi və ona dair dəqiqləşmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğundur. İcra vərəqəsinə əsasən verilməli olan 6600 manat pul bu günə kimi ona verilməmişdir, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 22 yə 23-cü bəndlərini rəhbər tutub, Nazirliyə müraciət etsə də, vəzifələrini yerinə yetirməmişdir, nəzarət funksiyasını yerinə yetirməmişdir, 2000 manat dəymiş ziyana görə istəsə də, buna heç münasibət də bildirilməmişdir, bunu o məhkəməyə qədər pretenziya qaydasında aldıqları ərizəsinə etiraz kimi qiymətləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçının hazırkı iddiasında qeyd etdiyi maddi və mənəvi ziyanın əvəzi kimi 2000 (iki min) manatın tutulması tələbi üzrə müvafiq məsələ ilə bağlı cavabdeh orqana müraciəti və (və ya) ona cavab məktubu iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı ilk öncə kompensasiya tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etməli, müraciətinə baxılmadığı və ya imtina edildiyi halda həmin iddia ilə məhkəməyə müraciət etməlidir. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana müraciətinin olmadığını qeyd etsə də, işdən görünür ki, iddiaçı əgər bir ay müddətində 6600 manat sığorta pulu ödənilməyəcəyi təqdirdə Binəqədi rayon İcra yə Probasiya şöbəsindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 6600 manat sığorta pulunun yə əlavə olaraq 2000 manat maddi yə mənəyi ziyanın əvəzi kimi tutulmasını tələb edəcəyi barədə 02.01.2021-ci il tarixli şikayəti ərizəsi ilə (məhkəməyə qədər pretenziya qaydasında) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmiş, SS669109644AZ ştrix kodlu poçt xəbərnaməsindən göründüyü kimi cavabdeh tərəfindən şikayət ərizəsi 07.01.2021-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, iddiaçının cavabdeh inzibati orqana müraciətinin olduğu iş materialları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də hüquqi qiymətləndirmə əsaslı olmamışdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşdən görünür ki, hazırki mübahisənin əsasını Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446/2020 saylı icra sənədinin icra edilməməsi ilə əlaqədar tutulmalı olan məbləğin və icra sənədinin icra edilməməsi ilə əlaqədar mənəvi ziyanın ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Kollegiya qeyd edir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi qismən əsassız olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-4854/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1662/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1662/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver