Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1662/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, Cаvаbdеhin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə **********2 saylı məktubla onun ərizəsinə imtina cavabı verilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun əmək stajı, fəaliyyət və yaşı yuxarıda göstərilən Qanuna əsasən, güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Belə ki, o, xx.xx.1978-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi keçmiş “Bakı Alüminium -Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2ci dərəcəli sürüməçi, tökməçi, usta vəzifələrində çalışmışdır. Daha sonra isə xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinə kimi həmin zavodun 5 nömrəli sexində rəis vəzifəsində işləmişdir. Keçmiş “Bakı Alüminium -Yayma” zavodunda, yəni indiki "xxxx" ASC”-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbəbdən də, zavod ona əlavə sənəd təqdim edə bilmir. Sonradan iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixinə kimi keçmiş “Bakı Alüminium –Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi, usta vəzifələrində, daha sonra isə, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinə kimi həmin zavodun 5 nömrəli sexində rəis vəzifəsində işləməsini nəzərə alaraq, ona güzəştli şərtlərlə 57 yaşından pensiya təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 9 ay 23 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18148,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun azı 25 il işləməsi şərti iş üzrə ödənilmir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi keçmiş “Bakı Alüminium -Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2ci dərəcəli sürüməçi, tökməçi, usta vəzifələrində çalışmışdır. Daha sonra isə xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinə kimi həmin zavodun 5 nömrəli sexində rəis vəzifəsində işləmişdir. Keçmiş “Bakı Alüminium -Yayma” zavodunda, yəni indiki "xxxx" ASC”-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbəbdən də, zavod ona əlavə sənəd təqdim edə bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz verərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) müəyyən olunmuş yaş həddinə çatmalı; 2) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; 3) xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2015-ci ildə tamamlanmışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli 1 saylı Güzəştli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979cu il tarixədək əlvan məftil çəkən vəzifəsində işləmişdir. Vəzifəsinin adı məftilçəkən İİ bölmə Vİİİ, kod-2092304a-11487; xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci ilədək əlvan metal tökücüsü vəzifəsində işləmişdir. Vəzifəsinin adı tökücü, siyahı İ, bölmə Vİİ kod 1072101a-13410, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi əridici sexində usta vəzifəsində işləmişdir. Vəzifəsi-usta, siyahı İ, bölmə Vİİ, kod 1072101b-23187. İşin mübahisəli halı iddiaçının ümumi iş stajının 01 yanvar 2006-cı il tarixədək 25 ildən az təşkil etməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan: - Əzizbəyov RDYMH-nin 36-cı YMB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Yanğın haqqında ilkin akt”ın surətindən müəyyən olunur ki, 19 fevral 2013-cü il tarixdə "xxxx" ASC-də baş vermiş yangın nəticəsində cəmiyyətdə saxlanılan arxiv materialları yanmışdır. - FHN-nin BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 21 fevral 2013-cü il tarixli “Yanğın haqqında akt”dan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cəmiyyətin fəaliyyəti 2000-ci ildən dayandırılmışdır. - Xəzər rayon Polis İdarəsi 1-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Telman Göyçayev tərəfindən qəbul olunmuş xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, "xxxx" ASC-nin sədri X2 4-cü DNYİ-nə verdiyi ərizədə müəssisənin 2000-ci ildən fəaliyyətinin və həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsinin dayandırıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1978xx.xx.2005-ci illərdə işlədiyi müəssisə kimi qeyd olunan Bakı Alüminium Yayma zavodunun bazasında Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-nin yaradıldığını, cəmiyyət yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı aid məlumatların (əmrlər və s.) mövcud olmadığını və müəssisənin rəhbəri tərəfindən müəssisənin 2000-ci ildən fəaliyyət göstərmədiyi barədə verdiyi izahatı nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin dövrlər ümumilikdə 21 il 10 ay 26 gün (xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək) kimi nəzərə alınmalıdır. İddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 1 ay 17 gün (xx.xx.1976-xx.xx.1978=1 il 11 ay 19 gün+ xx.xx.1978-xx.xx.2000=21 il 10 ay 26 gün + xx.xx.2005-xx.xx.2006=3 ay 2 gün) təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi dövrü və hərbi xidmətdə olduğu dövrü nəzərə alaraq, ümumi iş stajının 25 ildən az olması qənaətinə gəlmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus ИТ-İ seriyalı 242917 nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.1978-ci ildə Bakı yüngül metalların emalı zavoduna Sürüdülmə sexinə 2-ci dərəcə ilə sürüməçi vəzifəsinə qəbul edilmişdir (Əmr № 113-k, xx.xx.1978-ci il); xx.xx.1979-cu ildə Şin prokatı sexinə 2-ci dərəcə ilə tökməçi işinə keçirilmişdir (Əmr № 104-k, xx.xx.1979-cu il); xx.xx.1980-ci ildə 3 saylı sahəyə 3-cü dərəcəli tökməçi vəzifəsinə keçirilmişdir (Əmr № 08-k, xx.xx.1980-ci il); xx.xx.1981-ci ildə ştat cədvəlinə uyğun olaraq şin prokatı sexinə usta vəzifəsinə keçirilmişdir ( Əmr № 16-k, xx.xx.1981-ci il); Az SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 205 saylı qərarına əsasən Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır (Əmr № 92-k, xx.xx.1986-ci il); xx.xx.1996-cı ildə 5 nömrəli sexə stat cədvəlinə əsasən rəis vəzifəsinə təyin olunmuşdur (Əmr № 21-k, xx.xx.1996-ci il); xx.xx.2000-ci il tarixdə AR İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən “Bakı Alüminium Yayma” zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2005-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (Əmr № 11, xx.xx.2005-ci il); xx.xx.2005-ci il tarixdə Azərittifaqın “Kəndkooptədarükemal” meyvə tərəvəz bazası-Meyvə anbarına 1,0 ştat vahidilə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 19, xx.xx.2005-ci il); xx.xx.2007-ci il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmişdir ( Əmr № 02 , xx.xx.2007-ci il). - НЗ seriyalı ******* №li hərbi biletində aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.1976ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, Məhkəmə Kollegiyası nəzərə çatdırır ki, iş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2013cü il tarixli qərarda "xxxx" ASC-nin sədri X2 tərəfindən verilən ərizədə "xxxx" ASC-nin 2000-ci il tarixdən fəaliyyətinin dayandırılması qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 08 fevral 2022-ci il tarixli sorğuya cavab məktubunda “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisinin dəyişməsi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********71000 saylı məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin uçotqeydiyyat məlumat bazasına əsasən "xxxx" ASC (VÖEN **********) xx.xx.2003-cü il tarixdən vergi orqanında qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək fəaliyyətinin dayandırılması qeyd edilmişdir. Göstərilən ziddiyətli məqamları araşdırmaq məqsədilə Məhkəmə Kollegiyasının təkrar sorğularına cavab olaraq: - "xxxx" ASC-nin məktubunda qeyd edilmişdir: “Keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 saylı sərəncamına əsasən Bakı Alüminium yayma zavodu ləğv olunaraq onun bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2004-cü il tarixdən cəmiyyətin sədri təyin olunmuş Şaban Musayevin müəssisənin 2000-ci ildən fəaliyyət göstərmədiyi barədə ərizəsi heç bir həqiqəti əks etdirmir. Doğrudur, həmin dövrlərdə müəssisə tam gücü ilə işləməsə də, metaləritmə, məftilçəkmə sexləri və bəzi istehsal sahələri fəaliyyətini dayandırmayıb. Bu faktı vergi, statistika orqanlarına təqdim olunmuş hesabatlar, istifadə olunmuş elektrik enerjisinə görə həyata keçirilən ödənişlər və həmin dövrlərdə müəssisədə işləyən işçilər də təsdiq edə bilərlər.” - "xxxx" ASC-nin 62 nömrəli 20 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il sərəncamına əsasən, Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin əsas fəaliyyət sahəsi əlvan metalların isti və bərk şəraitdə əridilməsi həmin metalların emal olunması və əlvan məftillərin istehsal olunmasından ibarət olmuşdur.” - "xxxx" ASC-nin 38 nömrəli 19 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir: “Keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodu ləğv olunaraq, onun bazasında "xxxx" ASC yaradılmışdır. Bildiririk ki, "xxxx" ASC fəaliyyət göstərdiyi illər ərzində, özəlliklə də 2000-2005-ci illər ərzində Vergİ, Statistika yə digər orqanlara təqdim edilmiş hesabatlar tam şəkildə, qüsursuz həyata keçirilmiş, istifadə olunmuş .elektrik enerjisinə görə ödəniçlər tam şəkildə həyata keçirilmişdir. Əgər hesabatlar və ödənişlər tam şəkildə və zamanında həyata keçirilməsəydi, "xxxx" ASC heç bir şəkildə fəaliyyət göstərə bilməz və məhsulistehsalatını həyata keçirə bilməzdi. Ancaq, xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin inzibati binasında və arxiv sənədlərinin saxlanıldığı otaqda yanğın baş vermidir. Həmin yanğın hadisəsi zamanı işçilərin əmək haqları, T-12 kartları, vergi hesabatları, ödəniş qəbzləri və digər önəmli sənədlər yapdığı üçün işçilərə yə digər orqanlara müvafiq sənədləri təqdim etmək mümkün deyildir.” Göründüyü kimi, xx.xx.2000-ci il tarixdə Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmış və xx.xx.2003-cü il tarixdən vergi orqanında qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixə qədər isə fəaliyyətini davam etdirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında olan məlumatlardan göründüyü kimi, iddiaçı xx.xx.2005-ci ilədək "xxxx" ASCdə işləmişdir. İnzibati orqan ididaçının xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi dövrü mübahisəsiz qəbul edir. Mübahisələndirilən dövr 2000-2005-ci illərdir. Halbuki həmin dövr iddiaçının əmək kitabçasına əsasən fasiləsiz iş stajı kimi qeyd edilmişdir. Hətta iddiaçının iş stajı "xxxx" ASC-nin vergi orqanında qeydiyyata alındığı xx.xx.2003-cü il tarixdən nəzərə alınsa da belə, ümumi iş stajı 25 ildən çox müddəti əhatə edir. Odur ki, iddiaçının ümumi stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi məhz 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi olduğundan, verilmiş iddia tələbi həddində, iddia tələbindən kənara çıxmadan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər çərçivəsində iş üzrə araşdırma apararaq iddiaçının mövcud tələbinin əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayışları və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğvinə əsas verir, bu səbəbdən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova MirzəTağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1662/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1662/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver