Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1662/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-13610/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə Nazirliyinin qanunsuz əmrlərinin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, buraxılmış müddətə görə ona əmək haqqının verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən işdən azad edilmişdir və dəfələrlə bu əmrlərin ləğvi barədə müraciət etmişdir. İddia edir ki, təqib və təzyiqlərə məruz qaldığı üçün insult keçirmiş, həyat yoldaşı isə qan xəstəsi olmasına baxmayaraq, pensiya ala bilmir. Böyük oğlu müharibə veteranıdır və ona əlillik təyin edilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əmrləri (2000-ci il aprel, 2001-ci il yanvar və avqust tarixli) ləğv olunmalı, onun buraxılmış əmək stajına əlavə olunmalı və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-13610/2022 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuna görə inzibati məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilir, sərəncam çıxarılaraq cavabdehdən iddia üzrə tələbləri yerinə yetirməyi tələb edir, onun məhkəmədə iştirakını təmin edir, məhkəmə iclasında faktlar araşdırılmamış, sübutlara hüquqi qiymət verilməmiş, iddianın təmini barədə ərizə iştirakları olmadan qəbul edilmiş, məhkəmənin qətnaməsi məhkəmə zalında elan edilməmiş, xəbəri olmadan qəbul edilmişdir. Bütün yuxarıda sadaladığı faktların araşdırılması barədə müraciət etsə də, nəticəsi olmayıb, sorğuların verilməsi ilə bağlı vəsatəti də nəinki təmin olunmayıb, əksinə qərar qəbul olunması cinayətkarların və onların himayədarlarının korrupsiya faktlarını sübut edir, sübutlar araşdırılmamışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə ƏN-nin rəhbərliyi tərəfindən heç bir qanuna istinada etmədən qəbul etdiyi əmrlərin tələb olunması, onların hərəkət və hərəkətsizliyi ucbatından onun qanunsuz işdən azad olunmağı, ona qarşı təqib və təzyiqlərinə görə müddətin üzrsüz buraxılması və buraxılmış müddətin üzrlü sayılması barədə vəsatətlərinin heç biri təmin olunmayıb. Qüvvədə olan qanunvericiliyə və beynəlxalq hüquq normalarına görə fərziyyələrlə qəbul edilmiş qərarların heç bir əsası yoxdur, dərhal ləğv olunmalı, onların icrasına heç kim məcbur edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, İddiaçı dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, müvafiq iddia lazımi qaydada qaldırılmayıb və formal tələblərə cavab vermir. İddiaçı hansı əmrlərin ləğv edilməsi, hansı buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi və həmin müddətə görə ona əmək haqqının verilməsini tələb etdiyini, həmçinin dəymiş maddi və mənəvi ziyanla bağlı tələbini əsaslandıran halları iddia ərizəsində göstərməmişdir. Bundan başqa, iddia ərizəsinə müvafiq tələblərlə cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədlər və ya cavabdeh orqanın imtina məktubu əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Göstərilən hallarla əlaqədar birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin edilməsinə baxmayaraq, qeyd olunan çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digərlərinə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12239/2022 saylı qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qeyd olunan səbəblərdən iddia mümkün hesab edilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində isə göstərilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə konkret şəkildə inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfindən qəbul edilmiş və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-13610/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1662/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1662/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver