Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1662/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (üçüncü şəxs: X4) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “divarın bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs: X4) “zirzəmiyə aid divarın bərpa edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. Mübahisəli sahələrdə üçüncü şəxs X3 (bundan sonra – üçüncü şəxs) mülkiyyətində olan qeyri-yaşayış sahəsi (zirzəmi) yerləşir. Üçüncü şəxs ünvan 1 ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsini (zirzəmi) Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində satın almış, bununla bağlı xx.xx.2009-cu il tarixli şəhadətnamə verilmişdir.
2. RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mk., X10 küçəsi, 3a ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüquqi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binanın 2 otaqlı mənzillər tərəfindən yerləşən və qanunsuz dağıdılan zirzəmiyə aid divarın ilkin layihədəki vəziyyətinə bərpa olunmasının təmin edilməsini, binanın monolit beton tökmə divarını saxlayan 28 mm diametrində “kəmər” adlanan armaturun bərpa olunmasını, zirzəmidə yerləri dəyişdirilən su və kanalizasiya xətlərinin ilkin layihədəki vəziyyətə gətirilməsini, xoşagəlməz hadisələrin qarşısını qabaqcadan almaq məqsədilə qanunsuz açılmış qapı boşluğunun ləğv olunmasını və divarın ilkin layihə şəklində bərpa edilməsini xahiş etmişdirlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hökumət tərəfindən tikilən və hökumətin əmlakı sayılan yaşadıqları 12 mərtəbəli 1 bloklu 36 mənzilli 3 A binası 1985-ci ildə istismara verilmişdir. Hökumət öz əmlakını qorumaq üçün binanın balans saxlayıcısı olaraq Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyini təyin edir. İddiaçılar 36 mənzilin sakinləri faktiki olaraq mülkiyyətçiləri 2010-cu ildən tikintidən anlayışı olmayan vəzifəli şəxsin şəxsi maraqları üzündən əziyyət çəkir. Belə ki, binanın istismarından 25 il sonra Hökumət tərəfindən verilmiş layihədə nəzərdə tutulmayan, heç bir rəsmi dövlət orqanından icazə alınmadan, qanunsuz və özbaşına verilmiş qərarlar nəticəsində binanın 2 otaqlı mənzillər tərəfindən yerləşən zirzəmisinin monolit beton tökmə divarı dağıdılmış və zirzəmiyə giriş üçün “darvaza boyda” qapı boşluğu açılmışdır (foto-şəkillər var). Özbaşına görülmüş işlər zamanı, divarı saxlayan və “kəmər” adlanan 28 mm diametrində polad armaturlar kəsilmiş və nəticədə həmin tərəfdə olan 1-dən 5-ci mərtəbəyədək 2 otaqlı mənzillərin divarlarında iri çatlar əmələ gəlmişdir. Binaya giriş bloku tərəfindən perpendikulyar baxanda divarların 2.5-2.6 sm irəli gəlməsini müşahidə etmək olar. Bununla yanaşı, zirzəmidə layihə üzrə çəkilən su və kanalizasiya xətlərinin yeri də dəyişdirilmişdir. Hesab edirlər ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin qanunsuz fəaliyyətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-ci maddəsinin əlamətləri var. Bakı şəhəri zəlzələ bölgəsində yerləşir. Niyə 36 mənzilli binanın sakinləri hər gün qorxu içində yaşamalı, həyəcan keçirməlidir? Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 31-ci maddələrinə əsasən hər kəsin mülkiyyət və təhlükəsiz yaşamaq hüquqları var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
5. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların hazırki tələbi inzibati orqana qarşı yönəlmiş olsa da, lakin həmin tələb publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi və s. ilə bağlı olmayıb, ümumən mübahisə mülki hüquq münasibətlərindən yaranmaqla, mülki qanunvericilik ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələbinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
9. İddiaçı1 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaç İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
20. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.
22. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
23. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
24. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
25. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
26. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
28. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.
29. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – mübahisənin mülki hüquq münasibətlərindən yaranmaqla, mülki qanunvericilik ilə tənzimlənən bir mübahisə olmasına, qanunvericiliyin tələbinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmasına əsaslanmışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
31. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi zirzəmi üçüncü şəxs X3 adına özəlləşdirilən zaman zirzəminin vəziyyətini müəyyən etməmiş, zirzəminin qapısının sonradan açılıb-açılmaması, qapı üçün icazə alınıb-alınmaması və sonradan açıldığı həmin qapının binanın divarlarının yükdaşıyan hissəsinə aid olub-olmamasını araşdırmamış, həmçinin iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan tələblərə uyğunlaşdırılması və dəqiqləşməli olan tələb üzrə tələbin düzgün cavabdehə qarşı yönəlməli olub-olamamasına dair hüquqi yardımı etməmişdir.
32. Belə ki, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, sədrlik edən sadəcə mübahisənin mülki və ya inzibati münasibətlərdən irəli gələn mübahisə olub-olmaması məsələsini aydınlaşdırmış, mübahisənin mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olduğunu düşündükləri təqdirdə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməli olduqlarını bildirmişdir.
33. Protokolda qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçıya yuxarıda göstərilmiş qaydada hüquqi yardım göstərilməmiş, mübahisənin mülki hüquqdan irəli gələn məsələ olduğu iddiaçı tərəfindən zənn edildiyi halda mülki məhkəmədə iddia qaldırılması bildirilmişdir ki, həmin protokolda qeyd edilənlər də iddiaçıya lazımı qaydada hüquqi yardım edilmədiyini göstərir.
34. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarının 10.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur.
35. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməmiş, nəticədə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi yardım həyata keçirilməmişdir.
36. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
37. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.
40. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».
41. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir.
43. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.