Məhkəmə qərarları › İş №2-1(103)-1663/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1663/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1663/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-2576/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-2576/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim A.Hüseynov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-1992- ci ildə Kaluqa Mülki Aviasiya Texnikləri Məktəbində təhsil almış, 05.06.1993-cü ildən Müdafiə Nazirinin əmri ilə gənc zabit, leytenant kimi N saylı həbri hissədə aviasiya texniki kimi xidmətə başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0385 saylı, 16.07.2015-ci il tarixli əmri ilə xidmət müddəti bitdiyi üçün ehtiyata buraxılmış, Mülki Aviasiya Məktəbindən başqa 23 il, 1 ay, 11 gün hərbi qulluqda olmuşdur. Hərbi xidmətdə olduğu dövrdə çoxsaylı medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmışdır. İddiaçı qeyd edilən Fərmanı rəhbər tutaraq, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət edib, dövlət vəsaiti hesabına mənzillə təmin edilməyini xahiş etmişdir. Həmin müraciətə 12.09.2020-ci il tarixli, 3611 saylı cavabda göstərilmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdaq sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin xidməti Azərbaycan Respublikası Müdafiə Nazirinin 21.02.2018-ci il tarixli, 63 sayl əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzillə təmin olunmaları üçün Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. İddiaçı qeyd edir ki, 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanla əlaqədar Müdafiə Nazirliyinin yaratdığı komissiyanın normativ akt sayıla biləcək qərar qəbul etməyə səlahiyyəti yoxdur. Müvafiq icra hakimiyyəti orqanlarının hər hansı qərarının məcburi xarakter daşıması, normativ-hüquqi akta çevrilməsi üçün «Normativ hüquqi aktlar haqqında» Qanuna əsasən onun Ədliyyə Nazirliyində qeydiyyatı və daha sonra dərci mütləqdir ki, qanunvericilik sisteminə əlavə edilsin. Digər tərəfdən, 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanda Müdafiə Nazirliyinə normativ-hüquqi aktlar qəbul etməyə səlahiyyəti olan komissiya yaratmaq səlahiyyəti verilməyib. Həmin komissiyanın verdiyi qərar normativ-hüquqi akt sayılsa belə, komissiyanın qərarında hərbi xidmət dövrünə dair məhkəmə hökmlərindən söhbət gedir. Gəncə Hərbi Məhkəməsinin 11.06.2013- cıi il tarixli, 1 (095)-160/2013 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 600 manat miqdarında cərimə edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, 18.01.2013-cii il tarixdən 28.01.2013-cü il tarixədək müddətdə İddiaçı xidmət etdiyi N saylı hərbi hissədən məzuniyyətə buraxılmış, bu barədə 17.01.2013-cü il tarixli məzuniyyət biletində qeydiyyat aparılmışdır. 19.01.2013-cü il tarixdə ailəsi ilə birgə Qazax rayonuna toya getmiş və ünvanına nalayiq ifadələr işlətmiş X3 ilə aralarında mübahisə olmuşdur. Yəni, işin faktiki hallarından görünür ki, cinayət hadisəsinin hərbi xidmətlə hər hansı əlaqəsi yoxdur, hadisə məzuniyyətdə olduğu dövrdə və xidmət etdiyi Bakı şəhərində yox, doğulduğu Qazax rayonunda baş vermişdir. Məhkəmə işin yüngülləşdirici hallarını müəyyən edərək, ona həbs nəzərdə tutulmayan cəza təyin etmişdir. İddiaçıya «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medal məhz Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli hökmü çıxarılandan 13 gün sonra verilmişdir və Müdafiə Nazirliyinə məlum idi ki, məzuniyyətdə olduğu müddətdə, 19.01.2013-cü il tarixdə başına belə bir hadisə gəlmiş və hərbi prokurorluq tərəfindən istintaqı aparılır. Hadisənin Müdafiə Nazirliyinə məlum olmasına Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli hökmündə istinad edilmiş və komandanlıq tərəfindən barəsində verilmiş çoxsaylı arayışlardan, o cümlədən müsbət səciyyələndirilməyi barədə xidməti xasiyyətnamədən müəyyən edilir. Xidmətində qüsur olsaydı Müdafiə Nazirliyi onu «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalla təltif etməzdi. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 12.08.1993-cü il tarixdən 30.04.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli 1(095)-160/2013 nömrəli hökmü ilə, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1- ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd edilənlər buna dəlalət edir ki, iddiaçının 20 il ərzində xidməti qüsursuz olmayıb. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki: İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletə əsasən o, 05.06.1993-cü il tarixdən hərbi xidmətə başlamış, 12.11.1999-cu il tarixdə ona kapitan hərbi rütbəsi verilmiş, 16.07.2015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatması) əsasən ehtiyata buraxılmışdır. İddiaçı 25.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, 26.06.2008-ci il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə, 24.06.2013-cü il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə, həmçinin 25.06.2004-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, 19.07.2008-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 24.06.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə təltif olunmuşdur. Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli 1(095)-160/2013 nömrəli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. İddiaçının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməyi barədə müraciəti ilə bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 3611 nömrəli, 12.09.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdaq sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin xidməti Azərbaycan Respublikası Müdafiə Nazirinin 21.02.2018-ci il tarixli, 63 sayl əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzillə təmin olunmaları üçün Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Qeyd edilən hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə əlavə məlumat veriləcəkdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 05.06.1993-cü il tarixdən 23.11.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun da adının daxil edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdeh Müdafiə Nazirliyin iddiaçının müraciətinin təmin edilməsindən imtinası üçün gətirdiyi iddiaçının əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə dəlili əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçının məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçının törətmiş olduğu cinayət əməli onun hərbi xidməti ilə əlaqədar olmayan böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əsasında onun hərbi xidmətini və hərbiçi keyfiyyətlərini dəyərləndirmək qəbuledilməzdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Müdafiə Nazirliyinin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən İddiaçı 24.06.2013-cü il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunması ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-1İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Əsasnamənin 2-ci bəndinə əsasən, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə verilir. Göründüyü kimi qanunvericilik istinad olunan medalla silahlı birləşmələrdə 10, 15 və 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçuların təltif oluna biləcəyini qeyd etmişdir. Beləliklə də, iddiaçı 05.06.1993-cü il tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 16.07.2015-ci il tarixdən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Xidmət illəri ərzində bir dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmuş, məhkum olunduqdan sonra da iddiaçı xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltif edilmişdir. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Fərmandan göründüyü kimi qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür ki, iddiaçıya münasibətdə də bu şərt yerinə yetirildiyindən, cavabdeh, iddiaçının adının mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, birinci insttansiya məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-2576/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar