Məhkəmə qərarları › İş №2-1(103)-1663/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1663/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1663/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dəyişdirilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 mart 1980-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. 1997-ci ildə Samux Rayon Hərbi Komissarlığı tərəfindən Hərbi Həkim Komissiyasından həkim müayinəsindən keçərək tam sağlam vəziyyətdə könüllü surətdə həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətdə olarkən xidməti vəzifələrini yerinə yetirərkən soyuq hava şəraitində uzun müddət qaldığından ağır dərəcədə xəstələnmiş və xəstəliyi ilə bağlı 4 noyabr 1998-ci il tarixdən 20 noyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmaniyası” diaqnozu ilə müalicə olunmuşdur. İddiaçının hərbi xidmət dövründə aldığı xəstəlik diaqnozu arayış və tibbi sənədlərdə də öz əksini tapmışdrr: “X3 Xəstəliyi, qarışıq fenotip ağır gedişli. Ağciyərlərin emfizeması, xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə.” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 6 oktyabr 2017-ci il tarixli qərarında onun hərbi xidmət dövründə alındığı göstərilmişdir. 21 may 2021-ci il tarixli 0315003AAGL2 saylı Tibbi Sosial Ekspert Komjssiyasına Samux rayon Mərkəzi Xəstəxasına tərəfindən hərbi xidmət dövründə əlilliyin alınması əsası ilə göndəriş (TQS 088) verilmişdir. 17375 saylı 3 avqust 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə diaqnoz bölməsində göstərilmişdir ki, “X3 xəstəliyi, qarışıq fenotip, ağır gedişli, natamam remissiya mərhələsində. Ağciyərlərin emfizeması. Xarici tənəffüs funksiyasının mühüm dərəcədə pozulması ilə ”XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Hətta şəhadətnamədə göstərilmişdir ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəsətliklər cədvəli”nin 44a,51a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnaməyə qoşma) əsasən, iddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməni pozaraq ona məhəl qoymamış, istefaya çıxarılmalı olduğu halda, ona ümumi xəstəlik təyinatı ilə müvəqqəti əlillik dərəcəsi verilmişdir. Halbuki, o, həm də müharibə dövründə yararsız hesab edilməyi ilə ona müvəqqəti deyil, ömürlük əlillik verilməli idi. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində əsəb sarsıntısı keçirmişdir. Hərbi həkim komissiyasının rəyində ümumi olaraq 2003-cü ildə onda əsəbiliyin, halsızlığın yaranması ilə əlaqədar hərbi həkimə müraciət etməyi də göstərilmişdir. Əsəbiliyinin və qarşılaşdığı qanun pozuntusuna dözümsüzlyü nəticəsində səhhəti ağırlaşmışdır (infarkt olmuşdur). Bunun da nəticəsi olaraq həmin şəhadətnamədə diaqnozla bağlı ikinci bölmədə belə göstərilir: “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İİİ funksional sinif. Sol mədəciyin ön divarının keçirilmiş transmural infarktı. Aorta və tac arteriyalarının aterosklerozu. Aterosklerotik və postinfarkt kardiskleroz. Ürək çatışmazlığı, İİİ funksional sinif...”. İddiaçının xəstəliyi hərbi xidmət dövründə alınsa da, lakin ilkin olaraq ona hərbi xidmətdə aldığı xəstəliklə bağlı əlillik dərəcəsi verilməmiş, ona “ümumi xəstəlik” təyinatı ilə İİ qrup əlillik təyin edilmişdir. Halbuki, iddiaçı hərbçi olduğu, xəstəliyi hərbi xidmətdə qazandığı və bütün bunlar sənədlərlə tam təsdiq olunduğundan, həmçinin xəstəlik xroniki xarakter daşıdığından hərbi xidmət dövründə alınan əlillik dərəcəsi təyin edilməli idi. 2 avqust 2021ci il tarixdə onun hərbi xidmətdə əldə etdiyi ağır xroniki xəstəlik “ümumi xəstəlik” kimi təqdim edilərək İİ qrup əlillik dərəcəsi verilmişdir. Onun əlilliyi hərbi xidmət dövründə yaranmışdır, sonradan səhhətində əlilləyə səbəb olan başqa xəstəliklər yaransa da, ilkin olaraq əlilliyinin səbəbi hərbi xidmət dövrü olduğundan məhz bu təyinatla da əlillik dərəcəsi verilməli idi. Çünki sonrakı yaranan xəstəliklər əvvəl, yəni hərbi xidmətdə yaranan xəstəliyin fəsadlarıdır. Samux Rayon Mərkəzi Xəstəxanasından əlilliyin təyin olunması üçün göndərilən göndərişlərdə (forma 088) əlilliyin təyinatı hərbi xidmət dövrü ilə əlaqədar göndərilmişdir. 3 avqust 2021-ci il tarixli şəhadətnaməni aldıqdan sonra cavabdeh orqanda ikinci dəfə - 6 avqust 2021-ci il tarixdə keçirilən əyani baxışda iştirak etmiş, lakin nə müayinə olunmamış, nə də 3 avqust 2021-ci il tarixli şəhadətnaməyə baxılmamışdır. Qərarın dəyişilməz olduğu bildirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının 16 mart 2018-ci il tarixli 0315003AAELW saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması, Xroniki obusturuktiv bronxit. Xəstəlikdir. Hərbi Xidmət Dövründə Alınmışdır; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: stasional və ambulator müalicəni davam etsin” səbəbi ilə imtina verilmişdir. Samux Rayon Mərkəzi Xəstəxanasının 26 may 2018-ci il tarixli 0315003AAEP9 saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması, Ağciyərin xroniki obustruktiv xəstəliyi: Xroniki obustruktiv bronxit. Teztez kəslkinləşən forma. Ağciyərlərin enfizeması. Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensialı tükənməmişdir” səbəbi ilə imtina verilmişdir. Samux Rayon Mərkəzi Xəstəxanasının 21 may 2021-ci il tarixli 0315003AAGL2 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J4O-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağciyərlərin xroniki obsturuktiv xəstəliyi. Ağır gedişli.Tənəffüs çatmamazlığı İİİ dərəcə. Ağciyərlərin enfizeması. Perikardirt. Somatik mənşəli; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120- 125,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən Qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçının vəziyyəti ilə əlaqədar 31 may 2021ci ildə keçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “ağciyərlərin xroniki obsturuktiv xəstəliyi. Ağır gedişli. Tənəffüs çatmamazlığı İİİ dərəcə. Ağciyərlərin enfizeması. Perikardirt. Somatik mənşəli.” Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9- cu bəndinə əsasən Ümumi səbəblərdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmətlə əlaqədar yaranmadığından, iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçının əlilliyinin səbəblərini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, buna məhəl qoymamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi bütün sənədlərdə xəstəliyinin səbəbinin hərbi xidmətdə yarandığı göstərilmişdir. Belə olan halda məhkəmənin iddiaçıdan əlavə sübut və sənəd tələb etməsi qanunvericiliyə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 1.5-ci bəndinə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (1.5.1) ümumi səbəblərdən: (1.5.1.1) ümumi xəstəlik; (1.5.1.2) istehsalat zədəsi; (1.5.1.3) peşə xəstəliyi; (1.5.1.4) Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; (1.5.1.5) hərbi xidmət dövrü ilə əlaqədar; (1.5.1.6) hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; (1.5.1.7) terror hadisəsi ilə əlaqədar; (1.5.2) xüsusi səbəblərdən: (1.5.2.1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; (1.5.2.2) 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; (1.5.2.3) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (1.5.2.4) Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mübahisənin mahiyyəti ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya müddətsiz əlillik təyin olunmasına əsas olan xüsusi halın mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmədiyindən, iddiaçıya «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq 5 il müddətində ikinci dərəcə əlilliyin təyin edilməsi düzgün olmuşdur. Eləcə də iddiaçıya ikinci dərəcə əliliyin təyin edilməsinə əsas olmuş xəstəliyin onun hərbi xidməti ilə əlaqədar yaranması sübuta yetirilmədiyindən, ona təyin edilmiş əlilliyin səbəbi “ümumi xəstəlik”dən “hərbi xidmət dövrü ilə əlaqədar” dəyişdirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ümumi mülahizələrdən ibarət olan apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar