Məhkəmə qərarları › İş №2-1(103)-1664/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1664/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1664/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi , İddiaçı nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 4012/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin İQ-42/1 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktları ərizə-anketində qeyd edilib. Həmin faktları olduğu kimi qəbul edirlər. O, Əfqanıstan vətəndaşı və etnik olaraq həzaradır. xx.xx.1992-ci ildə Əfqanıstan İslam Respublikasının Meydan Vərdək vilayətinin Mərkəzi Bisud ulusvaliliyinin Miyanedeh kəndində anadan olmuşdur. Orta məktəbi Qəzni vilayətində bitirmişdir. 2010-cu ildən Kabilə gələrək tikintidə işləmişdir. 2018-ci il ilin Ramazan ayından sonra “X1 LLC” adlı xarici tikinti şirkətində təhqiqatçı mühəndis vəzifəsində işləmiş, taliblər tərəfindən təhdid olunduğu üçün işindən ayrılmaq məcburiyyətində qalmışdır. Atası vəfat etmiş, anası, dörd qardaş və bir bacısı Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, bir bacısı Yunanıstanda, bir qardaşı isə Türkiyədə yaşayır. Talib qrupu tərəfindən əməkdaşlığa məcbur edilməsinə rəğmən əməkdaşlıqdan imtina etdiyi üçün “Emarat Eslami” adlı talib qrupu tərəfindən təhdid olunduğu üçün Əfqanıstanı tərk edərək Azərbaycan Respublikasına gəlmişdir. Bundan əlavə, ərizəçi həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, xx xxxxxx 2019-cu ildə Azərbaycana gəlmişdir. xx.xx.2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, torpaq mübahisəsinə görə bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Əfqanıstana geri qayıtmaq istəmir. xx xxxxxx 2020-ci ildə DMX İQ-42/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, təmsil etdiyi şəxsin hazırda Azərbaycanda olduğunu, xx.xx.2020-ci il tarixli ilkin qərardan birbaşa Bakı İnzibati Məhkəməsinə şikayət verildiyini qeyd etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İddiaçı cavabdehin İQ-42/1 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın tamamilə rədd olunduğu məhkəmə qərarında icraat materiallarına əsasən iddia tələbinin bütün qanuni əsaslarına münasibət bildirilməlidir. İnzibati məhkəmə icraatında formal sübutetmə vəzifəsi olmadığından məhkəmə işin hallarının araşdırılması ilə bağlı vəzifə daşıyır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarında tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hallar müəyyən edilməmişdir. Həmçinin iş materiallarına iddiaçı barəsində qaçqın statusunun verilməsi haqqında vəsatət (ərizəanket), həmin vəsatətə (ərizə-anketə) 1 nömrəli əlavəsi olan müsahibə zamanı verdiyi izahat əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halların sübuta yetirilməməsi və kifayət qədər araşdırılmadığından iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərinə riayət etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Eyni Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında yalnız mübahisələndirilən qərar və iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli, MŞ-382-2019 №-li Arayış- müvəqqəti şəhadətnamə mövcuddur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya baxışı ilə əlaqədar məhkəmə tərəfindən məhkəmə bildirişi iddiaçının Arayış- müvəqqəti şəhadətnaməsində qeyd edilmiş – ünvan 1 mənzil 72D8 ünvanına göndərilmiş, zərf “ünvan tam deyil” qeydi ilə geri qayıtmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda hazırkı iş üzrə inzibati icraat materiallarını məhkəməyə təqdim etməmiş və iddiaçı şəxsən məhkəmə iclasında iştirak etməmişdir, lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara istinad etmədən iddia tələbinin təmin edilməməsi barədə yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin İQ-42/1 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar