Məhkəmə qərarları › İş №2-1(103)-1664/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1664/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1664/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13037/2022 nömrəli 15 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147 ünvanında 1-ci mərtəbədə yerləşən 1 (bir) otaqlı, 4 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147 ünvanında 1-ci mərtəbədə yerləşən 1 (bir) otaqlı, 4 saylı mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi ev 147, 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2013cü il tarixdə verilmişdir. Həmçinin, həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxıb apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, 147 saylı evin, 4 nömrəli mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinə baxılmış, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 48 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30 №-li, xx.xx.2014-cü tarixli arayışdan (Forma 2) görünür ki, İddiaçı Bakı şəhəri, Tolstoy küçəsindəki 147 №-li evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 13,5 kv.m olan 1 (bir) otaqlı 4 №-li mənzildə yaşayır. Binanın İcra Hakimiyyətinə məxsus olduğu, sahibinin (kirayəşin) İddiaçı olduğu və 4 nəfər ailə tərkibi - özü 1952-ci il təvəllüdlü - İddiaçı Sracəddin qızı, 1981-ci il təvəllüdlü qızı X2; 1983-cü il təvəllüdlü oğlu X4; 1988-ci il təvəllüdlü qızı X3 qeyd olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA- 06891-2022 №-li xx.xx.2022-cı il tarixli və BA-06996-2022 №-li xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktubları ilə məhkəməyə təqdim olunmuş “Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinin icra edilməsi barədə” Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 298 №-li sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinə əsasən Tolstoy küçəsi 147 №-li ünvanda yerləşən 1 otaqlı yaşayış sahəsi 13,5 kv.metr olan 4 №-li mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı Siracəddin qızı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 29/45908 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Siracəddin qızının cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, kirayə müqviləsinin bağlanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1463/2013 nömrəli, 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə, İddiaçı Siracəddin qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə olan 19 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Siracəddin qızının Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə istifadə hüququnun tanınması və kirayə müqaviləsinin bağlanması tələbinə dair iddianın Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən etirafı təsdiq edilmişdir. İddia təmin edilmişdir. Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə İddiaçı Siracəddin qızının istifadə hüququ tanınması və onunla kirayə müqaviləsinin bağlanması Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2013-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1463/2013 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Siracəddin qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə olan 19 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Siracəddin qızının Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə istifadə hüququnun tanınması və kirayə müqaviləsinin bağlanması tələbinə dair iddianın Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən etirafı təsdiq edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə İddiaçı Siracəddin qızının istifadə hüququ tanınmış və onunla kirayə müqaviləsinin bağlanması Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamənin 1-ci səhifəsinin 2-ci abzasında Bakı şəhəri, Tolstoy küçəsi 147 saylı evin 4 saylı mənzili yaşayış sahəsi 13,5 kv.metr olan bir otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aid olduğu, mənzil boş olduğundan 1998-ci ildə Nəsimi rayon İcra Hakimiyyətinin razılığı ilə 48 saylı Mənzil İstismar Sahəsində xadimə işləyən və yaşayış sahəsi olmayan İddiaçı Siracəddin qızının iki uşağı ilə birlikdə həmin mənzilə köçürüldüyü, həmin vaxtdan İddiaçı uşaqları ilə birlikdə göstərilən mənzildə yaşamaqla mənzilə dair kommunal xidmət haqlarını ödədiyi qeyd olunmuşdur. Qətnamənin 2-ci səhifəsinin 6-cı abzasında İddiaçı həqiqətən də Nəsimi rayon İcra Hakimiyyətinin razılığına əsasən uşaqları ilə birlikdə həmin mənzilə köçməsi və 15 ilə yaxın bir müddət ərzində həmin mənzilə sahiblik etməklə ondan istifadə etməsi, mənzilə dair kommunal xidmət haqları ödəməsinin məhkəmə kollegiyası tərəfindən müəyyən edilməsi qeyd olunmuşdur. Qətnamənin 2-ci səhifəsinin 8-ci abzasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin məhkəmə kollegiyasına ünvanlanmış 26 aprel 2013-cü il tarixli məktubunda da iddiaçının mübahisəli mənzilə xidməti işi ilə əlaqədar yerləşdirilməsinin təsdiq olunduğu və cavabdehin nümayəndəsinin yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət etməklə həmin ərizədə iddianı etiraf etdiyi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış **********40 №-li, xx.xx.2022ci il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Binəqədi qəsəbəsi, Tolstoy küçəsi, ev 147, 4 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. İşin faktiki hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1463/2013 nömrəli, 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Siracəddin qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə olan 19 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Siracəddin qızının Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə istifadə hüququnun tanınması və kirayə müqaviləsinin bağlanması tələbinə dair iddianın Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən etirafı təsdiq edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə İddiaçı Siracəddin qızının istifadə hüququ tanınmış və onunla kirayə müqaviləsinin bağlanması Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. “Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinin icra edilməsi barədə” Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 298 №-li sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinə əsasən Tolstoy küçəsi 147 №-li ünvanda yerləşən 1 otaqlı yaşayış sahəsi 13,5 kv.metr olan 4 №-li mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı Siracəddin qızı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın xx.xx.2013-cü il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam xx.xx.2013-cü il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - xx.xx.2009-cu ilədək yaranmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1463/2013 nömrəli, 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə həmin mənzilə iddiaçının istifadə hüququ tanınmış və onunla kirayə müqaviləsinin bağlanması Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir və həmin qətnamə ilə müəyyən edilmişdir ki, mənzil dövlət mənzil fonduna aiddir, mənzil boş olduğundan 1998ci ildə Nəsimi rayon İcra Hakimiyyətinin razılığı ilə 48 saylı Mənzil İstismar Sahəsində xadimə işləyən və yaşayış sahəsi olmayan iddiaçı həmin mənzilə köçürülmüş, həmin vaxtdan iddiaçı göstərilən mənzildə yaşamaqla mənzilə dair kommunal xidmət haqlarını ödəyir, 15 ilə yaxın bir müddət ərzində həmin mənzilə sahiblik etməklə ondan istifadə edir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir və həmin əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar