Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1665/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-791/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı gündən, yəni 2008ci il tarixdən bu günədək hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun pensiya hüququnun yarandığı gündən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ödənilməyən pensiya kompensasiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, pensiya hüququnun yarandığı gündən, yəni xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası torpaqlarının müdafiəsi zamanı hərbi qulluqçu kimi aldığı 2-ci qrup əlilliyə görə əmək pensiyası hesabalanaraq təyin edilmişdir. Lakin, keçmiş müddət üçün verilməmiş əmək pensiyasının bir hissəsi, yəni son 3 (üç) il əvvəl hesablanaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövr ödənilməyə başlanıb. Ancaq onun pensiya hüququ xx.xx.2007-ci il tarixdən yaranıb. Belə ki, o, cavabdehə müraciət edərək onun pensiya hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etməsinə baxmayaraq, müraciətinə cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddəsinə istinad edərək bildirmişlər ki, keçmiş müddət üçün əmək pensiyası onun yarandığı gündən hesablanaraq son 3 il üçün ödənillir. O, həmin cavabla razılaşmır və qəbul etmir. Hesab edir ki, ona ödənilməmiş əvvəlki məbləğ ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-791/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrinə birbaşa ziddir. İddiaçı xx xxx 2018-ci il tarixdə ona pensiya təyin edilməsi ilə bağlı ərizə ilə İdarəyə müraciət edib. Müdafiə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli, MN-10639 nömrəli məlumat vərəqəsi təqdim edilib. İdarənin 18/1850 nömrəli, xx xxx 2018-ci il tarixli Qərarı ilə ƏPQ-nin 20.16.1-ci maddəsinə əsasən iddiaçıya ikinci qrup Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə pensiya təyin edilmişdir. ƏPQ-nin 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, İdarə ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiyanı hesablayıb və hissəhissə ödəyir. İddiaçının 2008-ci ildən 2015-ci il tarixədək olan dövr üçün İdarədən pensiya ödənilməsini tələb etmək hüququ, İdarənin isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Odur ki, İdarənin imtinası ƏPQ-nin tələblərinə tam uyğundur. Diqqət edilsin ki, 32.1-1 və 37.7-ci maddələr hüququn yaranıb-yaranmaması ilə bağlı halları nizamlamır. Hazırki mübahisə pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı deyildir. İddiaçının pensiya hüququna malik olduğunu heç kəs mübahisələndirmir. ƏPQ-nin 37.7-ci maddəsi də pensiya hüququnun qazanılıb-qazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmayaraq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. Təsadüfi deyildir ki, maddə “Əmək pensiyasının ödənilməsi” adlanan İX fəsildə yerləşir. Eyni zamanda, belə bir mövqe ƏPQ-nin 37.7-ci maddəsini 2020-ci ilin iyul ayının 1-dək “ölü norma”ya çevirir. Çünki Məhkəmənin məntiqinə görə, bu norma yalnız 2017-ci ilin iyulundan sonra “qazanılmış hüquq”lara aid ola bilər; deməli, geriyə 3 illik müddət qadağasının 2020-ci ilin iyul ayının 2-dən tez tətbiqi imkansızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X6 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya ilkin təyinat tarixi xx.xx.1995-ci il olmaqla, İİ qrup Qarabağ əlili kimi pensiya təyin edilmiş və xx.xx.2006-cı il tarixdən ödənilməyə başlanılmışdır. Sonradan xx.xx.2018-ci il tarixdə əlilliyin səbəb əlaqəsi dəyişdirilmiş, ona İİ qrup, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş MN-10639 nömrəli məlumat vərəqəsinə əsasən ömürlük pensiya təyin edilmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş **********1 nömrəli, xx.xx.2018-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə İdarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. İdarə tərəfindən edilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli, 14/188 nömrəli məktubunda ona əmək pensiyasının xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il, MN-10639 nömrəli məlumat vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi İİ qrup Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə əmək pensiyası təyin edilmiş və qanunamüvafiq olaraq xx.xx.2015-ci il tarixdən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6381.60 manat məbləğində fərq xx.xx.2018-ci il tarixdən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və “Əmək pensiyaları haqqında” Qanununun 11, 12.2 və 32.2-ci maddələrinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığından cavabdehin istinad etdiyi müddəa (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələri) iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Eləcə də, cavabdeh inzibati orqan 2018-ci ildə iddiaçıya yeni məzmunda əmək pensiyası təyin edilməsi barədə inzibati akt qəbul edərək, həmin inzibati aktla iddiaçının hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası almaq hüququnu tanımış və təsdiq etmiş, lakin həmin pensiyanın ödənilməsini 3 illik müddətlə məhdudlaşdırmışdır. Mübahisə olunan da, iddiaçı tərəfindən qazanılmış, cavabdeh tərəfindən isə tanınmış və təsdiq edilmiş hüquq deyil, bu hüququn realizə olunması qaydasıdır. İddiaçı artıq bunadək qazanmış olduğu hüququn iddia olunan 2007-ci ildən tətbiqini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçıya keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği cavabdeh tərəfindən müraciət edilən tarixdən-Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il, MN-10639 nömrəli məlumat vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün xx.xx.2015-ci il tarixdən hesablanmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsində xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) əks olunmuş müddət məhdudiyyətinin tətbiq edilməli olub-olmamasının mümkünlüyü ilə bağlıdır. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 3/2020 qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmə hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyrimütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Beləliklə, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaranmış, lakin keçmiş müddət üçün alınmamış əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati orqana həmin tarixdən sonra müraciət etmiş, odur ki, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya məbləğinin hesablanıb ödənilməsi qərara alınmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-791/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-791/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1665/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1665/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver