Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1665/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğvi və vəzifəyə bərpa olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7624/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmrinin ləğv edilməsi və İddiaçı X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-2-1(112)-7624/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dövlət qulluçusudur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2011-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmri ilə barəsində intizam tənbeh tədbiri tətbiq edilərək X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsindən aşağı vəzifə olan məsləhətçi vəzifəsinə keçirilmişdir. Barəsindəki əmr əsassızdır və qanunsuzdur. Mübahisənin mediasiya qaydasında həlli üçün müraciət etsə də, təəssüf ki, barışıq mümkün olmamışdır. Mediasiyanın yekunlarına dair sənəd ona 2023-cü il martın 07-də verilmişdir. Əvvəla, inzibati akt - əmr inzibati aktara dair istər icraat, istərsə də forma məzmun tələblərinə cavab vermir (əsaslandırılmamışdır və sair). İkincisi isə o, bu əmrin verilməsinə əsas olduğu bildirilən intizam pozuntusu törətməmişdir. İnzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Barəsində qəbul edilmiş əmrdə nəinki işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir, hətta əmr ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi iddiaçı tərəfin “inzibati tənbeh tədbiri hansı əmələ görə tətbiq edilmişdir” sualına “iş yerinə daxil olarkən və çıxarkən öz adına olmayan elektron oxucudan istifadə edildiyinə görə” cavabı verdiyi halda, məhkəmə iddianı rədd etməsini iddiaçının iş vaxtı qrafıkinə əməl etməməsi ilə əsaslandırmışdır. Halbuki, əvvəla gecikmə cüzi olub, ikincisi isə intizam tənbeh tədbiri haqqında inzibati akt iş qrafıkinə əməl edilibedilməməsinə görə yox, iş yerinə daxil olarkən və çıxarkən öz adına olmayan elektron oxucudan istifadə edildiyinə görə qəbul edilib. Həmin elektron oxucunun başqa işçinin adına olmasını iddiaçı bilmirdi, bilə bilməzdi və bildiyini cavabdeh sübut edə bilməmişdir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İttiham edildiyi məsələ ilə bağlı onun barədə yoxlama aparılması haqqında qərar qəbul edildikdən (əmr verildikdən) sonra onun izahatı alınmamışdır. O, mübahisələndirdiyi əmrin verilməsinə əsas olduğu bildirilən intizam pozuntusu törətməmişdir. Onun ittiham edildiyi pozuntunu törətməsi nə inzibati orqanın apardığı icraatda, nə də birinci instansiya məhkəməsindəki icraatda sübut edilmişdir. Tənbeh tədbirinin tətbiq edilib-edilməməsinin diskresionluğundan o zaman söhbət gedə bilər ki, dövlət qulluqçusunun iddia edilən intizam tənbeh tətbirini törətdiyi sübut olunsun. Bu işdə isə, əvvəla, iddiaçınn iddia edilən əməli törətməsi (istifadə edilən elektron oxucunun öz adına olmadığını bilməsi) sübut edilməmişdir. İkincisi isə, səlahiyyətin diskresion olması qanunsuz inzibati akt qəbul edilməsinə əsas deyildir. İş materiallarından da göründüyü kimi, giriş-çıxış nöqtəsi (turniket) kamera nəzarətində olmuşdur. Yəni iddiaçının başqasının adına olan texniki vasitədən istifadə edərək iş yerinə gəlmə və getmə vaxtlarından guya bilə-bilə yayınması mümkün və ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-2873/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.1-2022-579 nömrəli Xidməti yoxlamanın təyin edilməsi haqqında əmri ilə vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə Komitənin İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan X2 barəsində xidməti yoxlama təyin edilməsi əmr edilmişdir. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanan izahatında bildirmişdir ki, işə giriş-çıxış zamanı istifadə etdiyi keçid kartından istifadəsi asan olan balaca çip-kart almışdır və İT üzrə çalışan keçmiş əməkdaş Şaiq Cahangirov (təxmini il yarım olar) çipi onun adına rəsmiləşdirmişdir. Digər kart ondan təhvil alınmadı və hər ikisinin onun adına rəsmiləşdirildiyi bildirildi (texniki tərəfləri bilmədiyi üçün qəbul etmişdir). Bir müddət sonra giriş-çıxışının qeydə alınmaması səbəbilə çipi sektorda baş məsləhətçi vəzifəsində çalışan-davamiyyətə nəzarət edən Səidə Bünyatovaya yoxlanılması üçün vermiş, yoxladıqdan sonra ona geri qaytarmış, belə hallar çox və digər əməkdaşlarda da müşahidə olunduğu üçün sistem xətası kimi qeyd edilmişdi. Dünən kartının Komitə Aparatının rəhbərinin müavini Elçin Kazımlının adına rəsmiləşdirildiyi bildirildi. Kart onun adına ola-ola digər şəxsə rəsmiləşdirilməsindən ümumiyyətlə xəbəri yoxdur, öncə yoxlanışa təqdim etdiyi zaman bu ona deyilməmişdir. Belə olan halda yoxlanışa verdiyi zaman kart ona yenidən qaytarılmamalı, digər əməkdaşın adına olduğu halda isə məlumat verilməli idi. Dünən çipi Komitə Aparatının rəhbərinin müavini Elçin Kazımlının adına olduğunu bilən kimi Elçin Kazımlıya təhvil vermişdir. Həm kartın, həm çipin onun adına resmiləşdirilməsini bildiyi üçün hər hansı bir qərəzli və ya sui-istifadə məqsədi olmayaraq işə giriş-çıxış zamanı asan və rahat olsun deyə kartdan və ya çipdən istifadə etmişdir. - X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan X6 tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatında bildirilmişdir ki, Komitə Aparatında çalışmağa başladığı müddətdən turniket qeydiyyatı, o cümlədən yeni turniket kartlarının qeydiyyatı və əməkdaşlara təqdim edilməsi (sentyabr 2020-ci il tarixindən) ona tapşırılmışdır. Ona verilən sualla bağlı qeyd etmişdir ki, əməkdaşların giriş-çıxışlarına nəzarət etdiyi zaman tərəfindən İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan İddiaçı işdə olmasına baxmayaraq, turniket qeydiyyatında görünmədiyi aşkar edilmiş və kartın turniketdə oxunmadığı özünə bildirilmişdir. Cavab olaraq qeyd olunan zaman əsas kartını deyil, sonradan hazırlanmış çip tipli kartını turniketə oxutduğunu bildirmişdir. Qeyd etmişdir ki, çip tipli kart onun tərəfindən heç bir vaxt heç bir əməkdaşa verilməyib və hər hansı bir əməkdaşda iki kart olması barədə məlumatı olmayıb. Turniketin çip tipli kartı tanımamağı səbəbindən İddiaçı bir daha həmin kartdan istifadə etməməsi barədə müraciət edilmişdir və sonradan o həmin çip tipli kartdan istifadə etmədiyini bildirmişdir. Bu məsələ şöbə əməkdaşlarının iştirakı ilə baş vermişdir. Bildirmişdir ki, heç vaxt İddiaçı tərəfindən kartın yoxlanılması ilə bağlı ona müraciət edilməmişdir. Kartın oxunmamasının İddiaçı tərəfindən sui-istifadə ediləcəyi ehtimalı ağlından keçməyib. Turniket qeydiyyatının aparılması 13 iyul 2022-ci il tarixindən baş mütəxəssis-böyük inspektor vəzifəsində çalışan Nərmin Kazımzadə tərəfindən icra olunur. - Vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə Komitənin insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan İddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticəsi barədə Arayışla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü və 18.0.12-ci maddələrinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 iyul 2021-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların əməkdaşları üçün etik davranış" qaydalarının 3.7-ci və 4.2.1-ci maddələrinin tələblərini pozaraq dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmədiyinə, etik davranış qaydalarına əməl etmədiyinə, habelə sözügedən normativ sənədlərin tələblərini pozaraq qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə etdiyinə, icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etmədiyinə, iş vaxtını kənar işlərə sərf etdiyinə, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verdiyinə, üzrlü səbəb və birbaşa rəhbərinin icazəsi olmadan iş yerini tərk etdiyinə görə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.3-cü maddəsinə əsasən həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, yuxarıda qeyd olunan qaydaların 5.1.11-ci və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 31 iyul 2019-cu il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin Əsasnaməsinin 5.4.2-ci maddəsinin tələblərinə uyğun olaraq emək və icra intizamına riayət edilməsinə nəzarətin möhkəmləndirilməsinin və gələcəkdə belə halların baş verməməsinə dair tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə X11 resursları şöbəsinin müdiri X7 və məsul olduğu işin icrasında yol verililmiş nöqsanla bağlı məlumatın vaxtında birbaşa rəhbərinə (şöbə müdiri) bildirmədiyinə görə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunda baş məsləhətçi X3 yazılı xəbərdarlıq elan edilməsi, Komitənin inzibati binasına giriş-çıxış üçün quraşdırılmış kart oxuyucuları ilə çalışan “turniketlər” barmaq izi oxuyucuları ilə çalışan “turniketlər” ilə əvəz edilməsi ve icrasına nəzarətin Vahid informasiya sistemi şöbəsinə həvalə edilməsi, qeyd olunan neqativ halların qarşısının alınması məqsədi ilə Komitənin inzibati binasına giriş-çıxışın daima nəzarətdə saxlanılmasının İnsan resursları şöbəsi ilə yanaşı Daxili nəzarət sektoruna tapşırılması təklif edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış Xidməti Məruzə ilə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı öz vəzifə səlahiyyətlərindən, rəhbərlik tərəfindən ona göstərilən etimaddan öz şəxsi məkirli məqsədləri üçün sui-istifadə etdiyinə, habelə daxili nizamintizam qaydalarını kobud şəkildə pozduğuna görə intizam məsuliyyətinə cəlb olunması, X11 resursları şöbəsinə Komitə Aparatında qulluq keçən əməkdaşlara Komitənin inzibati binasına giriş-çıxış üçün turniketdən istifadə kartları təqdim edərkən kartları qəsdən itirən, korlayan, saxtalaşdıran, habelə digər şəxslərə verən, onlardan qanunsuz istifadə edən və ya təyinatı üzrə istifadə etməyən şəxslərin intizam məsuliyyətinə cəlb olunacaqları barədə əməkdaşların ciddi şəkildə təlimatlandırılmasının tapşırılması, qeyd olunan neqativ halların qarşısının alınması məqsədi ilə Komitə Aparatının inzibati binasına giriş-çıxışın daima nəzarətdə saxlanılmasının Daxili nəzarət sektoruna tapşırılması təklif edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.1-2022-596 nömrəli Əmri ilə etik davranış qaydalarına əməl etmədiyinə görə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan İddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilərək xx.xx.2022-ci il tarixindən çalışdığı vəzifə təsnifatından, lakin vəzifə maaşı aşağı olan İnsan resurslarının inkişafı sektorunda məsləhətçi vəzifəsinə keçirilməsi əmr edilmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2021-ci il 12 iyul tarixli 49 nömrəli Əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların əməkdaşları üçün etik davranış Qaydaları»: 4.1. Əməkdaşın xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar faliyyətidir. 4.2. Əməkdaş: 4.2.1. icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli, üzrlü səbəb və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməlidir. 10.4. Sədrin göstərişi əsasında daxili nəzarət məsələləri üzrə səlahiyyətli olan müvafiq struktur bölmə, həmçinin tabeliyindəki qurumlarda səlahiyyətli olan vəzifəli şəxs əməkdaş barəsində intizam icraatına başlaya bilər. 10.14. Aparılmış intizam icraatının nəticələri sədrə, həmçinin tabe təşkilatlarda səlahiyyətli olan vəzifəli şəxsə təqdim edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, dövlət qulluqçularına münasibətdə isə əlavə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun və bu Qaydaların müddəalarını pozmuş əməkdaş barədə Sədr, tabe təşkilatlarda səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam tənbeh tədbiri tətbiq edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı Komitənin inzibati binasına giriş-çıxış üçün nəzərdə tutulan “turniket”dən keçmək üçün Komitə tərəfindən verilən bir ədəd əsas kartla yanaşı bir ədəd əsas kartın dublikatı olan giriş-çıxış oxuyucusu aşkar edilmişdir. Vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə iddiaçı barəsində xidməti yoxlama təyin edilmiş, onun və digər əməkdaşların izahatı alınmış, Komitənin inzibati binasında quraşdırılmış kamera görüntüləri və əldə edilmiş turniket məlumatları araşdırılmışdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Komitə Aparatının inzibati binasına giriş-çıxış zamanı həm əsas kartdan, həm də dairə formasında olan plastik oxuyucudan istifadə etmişdir. Kamera görüntüləri və turniket məlumatları arasında aparılan müqayisə ilə müəyyən olunmuşdur ki, İddiaçı öz adına qeydiyyatda olan əsas kartdan səhər inzibati binaya giriş zamanı və iş saatı bitdikdə inzibati binadan çıxarkən istifadə etmiş, digər “turniket” oxuyucusundan isə sui-istifadə edərək istədiyi vaxt inzibati binaya giriş-çıxış üçün istifadə etmişdir. Belə ki, İddiaçı tərəfindən dublikat oxuyucu istifadə olunduqda turniket məlumatlarında onun adı yox, Komitənin aparat rəhbərinin müavini X4 adı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı Komitə Aparatının inzibati binasına giriş-çıxış zamanı həm əsas kartdan, həm də kartın dublikatı olan plastik oxuyucudan istifadə etmiş, iddiaçı üzrlü səbəb və icazə olmadan iş yerini tərk etmiş, əmək intizamına, həmçinin iş qrafikinə, davamiyyətə riayət etməmişdir. Qeyd edilən əmək intizamının pozulması halına yol verdiyinə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.1-2022-596 nömrəli əmri ilə iddiaçı barəsində intizam tənbehi tədbiri tətbiq edilərək “Dövlət qulluğu haqqında” Qanunun 25.2.3-cü maddəsinə əsasən iddiaçı çalışdığı vəzifə təsnifatından olan, lakin vəzifə maaşı aşağı olan İnsan resurslarının inkişafı sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmişdir, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi öz təsdiqini tapmamışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Əmr verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7624/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1665/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1665/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver