Məhkəmə qərarları › İş №2-1(103)-1666/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1666/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1666/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı1 və onun vəkili X1 cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi tələbinə dair” inzibati iş üzrə üçüncü şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1534/2022 saylı 18.01.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 1 ünvanında yerləşən və faktiki sahəsi ilə birlikdə 410 kv.m. təşkil edən mənzillərin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçılara ödənilməmiş 662.000 manat məbləğində mənzillərin dəyəri olaraq kompensasiya pulunun və daşınmaz əmlakın bazar qiymətinin 20 fazi miqdarında - 132.400 manat məbləğində əlavə kompensayasının, cəmi 794.400 manat nağd şəkildə pulun ödənilməsi vəzifəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.10.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4278/2021 saylı 24.12.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində olan 136 kv.m. hissəyə hər kv.m. üçün 2000 manat olmaqla 272.000 (iki yüz yetmiş iki min) manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (272.000x20%=54400 manat), «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (272.000x9%=24480 manat), cəmi 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat miqdarında kompensasiyanın hesablanması və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxs Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən tərəflərin və üçüncü şəxsin iştirakı ilə, Maliyyə Nazirliyinin üçüncü şəxs qismndə məhkəmə icraatında iştirakçılığının və onun apellyasiya şikayətinin mümkünlüyü məsələləri müzakirə olunmuş, nazirliyin nümayəndəsi və tərəflər (nümayəndələri) məsələnin qanuni həllini məhkəmənin səlahiyyətinə buraxıqlarını bildirmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını nəzərədən keçirib hesab edir ki, Maliyyə Nazirliyinin üçüncü şəxs kimi məhkəmə icraatında iştirakına xitam verilməli və onun apellyasiya şikayəti üzrə apellyasiaya icraatı mümkün sayılmamalıdır. Belə ki, İPM-in 28.1-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məcəllənin qeyd olunan tələbindn də göründüyü kimi, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda yalnız onlar üçüncü şəxs qismində məhkəmə icraatına cəlb oluna bilər. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçıya məxsus mənzillər Bakı şəhəri İcra Hakimiyyəti başçısının 76 saylı 16 fevral 2011-ci il tarixli və 403 saylı 20.09.2012-ci il tarixli sərəncamları əsasında sökülmüşdür. Həmin sərəncamlara müvafiq olaraq köçürmənin və kompensasyianın ödənilməsi məsələləri Bakı şəhəri İcra Hakimiyyətində yaradılmış koçürmə komissiyası tərəfindən həyata keçirilmişdir. İddiaçılar da məhz, onların mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilləri – cavabdehin qeyd olunan sərəncamlarının əhatə etdiyi söküntü dairəsinə düşən ərazidə yerləşir və onlar köçürməyə məruz qalan və cavabdehin yaratdığı köçürmə komissiyası tərəfindən kompensasiya ödənilməli olan şəxslərdir. Cavabdehin həmin sərəcamlarında isə Maliyyə Nazirliyinin kompensasiyanın ödənilməsində hər hansı iştirakı birbaşa nəzərdə tutulmamış, eyni zamanda, işin hazırkı mərhələsində, iddiaçılara veriləcək kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh tərəfindən mübahisələndirilən hər hansı bir hal yoxdur. Belə olan halda, tərəflər arasındakı hazrık mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının üçüncü şəxs qismrndə işə cəlb olunmuş Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunduğunu demək mümkün deyildir. Qeyd olunmalıdır ki, oxşar işlərlə bağlı artıq məhkəmə təcrübəsi də artıq mövcuddur. Belə ki, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli qərardadında“ qeyd etmişdir ki, “məhkəmə qərarları ilə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır...”(b.81) Qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda işin mövcud vəziyyətində artıq məhkəmə praktikasıda formalaşmış təcrübə nəzərə alınmaqla, Maliyyə Nazirliyinin üçüncü şəxs kimi iştirakına əsas olan hal aradan qaxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan 7 fevral 2022-ci il tarixli qərardadında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “cəlbetmə üçün əvvəllər mövcud olmuş əsaslar aradan qalxdığı hallarda , məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakçılığına xitam verilir” (b.55) Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Maliyyə Nazirliyinin üçüncü şəxs kimi məhkəmə icraatında iştirakına xitam verilməli, bununla əlaqədar, onun birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını zəruri edən əsaslar da aradan qalxdığı da nəzərə alınmaqla onun həmin şikayəti üzrə də apellyasiya icraatı mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilsin və onun apellyasiya şikayəti üzrə apellyasiaya icraatı mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar