Məhkəmə qərarları › İş №2-1(103)-1667/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1667/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1667/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər Bakı Maliyyə-Kredit Texnikumunda təhsil almışdır, xx.xx.1983cü ildən Bakı Elektron Hesablayıcı Maşınlar Zavodunda texniki nəzarət şöbəsində nəzarətçi peşəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildən 5 №li sexə mexaniki-yığma işləri üzrə çilingər keçirilmiş, xx.xx.1987-ci ildən texniki nəzarət şöbəsinin nəzarətçi ustası peşəsinə keçirilmiş, xx.xx.1995-ci ildə BTK rəisi - rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir, xx.xx.1996-cı ildə "xxxx" Azərbaycan-X3 mühəndis -nizamlayıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir, xx.xx.1999-cu ildə “Elektronika-F” firmasına mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmişdir, xx.xx.2008-ci ildə "xxxx" QSC-da texniki istismar şöbəsinə elektronçu vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmişdir,xx.xx.2010-cu ildə "xxxx" MMCyə 6-cı dərəcəli elektronçu peşəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir, xx.xx.2016-cı ildən "xxxx" QSCdə “Bibiheybət Gəmi Təmiri Zavodu” elektrik quraşdırma bölməsinə 5-ci dərəcəli radioelektron aparatlarının və cihazların quraşdırıcısı peşəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildən elektrik quraşdırma bölməsində gəmi radioelektron aparatlarının və cihazlarının quraşdırıcı peşəsinə keçirilmiş və xx.xx.2024-cü ildə edilmiş qeydə əsasən həmin vaxtda orada işləmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "Xəzər GLX” QSC-nin Gəmi təmiri müəssisəsinin iddiaçıya dair 19 mart 2024-cü il tarixli, 51 nömrəli arayışında xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində elektronçu vəzifəsində işləməsi, iddiaçının işlədiyi elektronçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmadığı, bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il 9 ay 21 gün (xx.xx.2016-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2023cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyi qeyd olunmuşdur.

3. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayış-təqdimatında göstərilmişdir ki, əmək müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək İddiaçı "Xəzər GLX” MMC-də (21 iyun 2019-cu il tarixdən təşkilati-hüquq forması dəyişdirilərək “Xəzər GLX" QSC) elektronçu vəzifəsində işlədiyi müddətdə gəmi elektrik avadanlıqlarının təmir edilməsi, xüsusi elektrik avadanlıqları və maşınlarının quraşdırılması, təmir edilməsi və xidmət göstərilməsi, ötürücülərin quraşdırılması, naqillərin birləşdirilməsi, elektrik və ya elektronik naqillərinin, avadanlıqlarının, aparatlarının, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edərək yığılması, quraşdırılması, sınaqdan keçirilməsi və sazlanması, elektrik naqillərinin elektrik açarına, transformatorlarına və digər hissələrə birləşdirilməsi, elektrik sistemlərinin, avadanlıqların və hissələrinin təhlükələrinin, qüsurlarının müəyyən edilməsi, təmirə ehtiyacı olub olmadıqlarının yoxlanılması və qanuna uyğun olduqlarını yoxlamaq məqsədi ilə sınaqdan keçirilməsi, elektrik mühərriklərinin, transformatorların və s.avadanlıqların təmir olunması, yüksək gərginlikli kabel sisteminin quraşdırılması, müxtəlif elektik montaj islərinin yerinə yetirilməsi kimi isləri уеrinө yetirilmişdir.

4. “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı "xxxx" QSC-da 5 il 10 ay 18 gün elektronçu işləmişdir, işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - gəmilərdə yüksək gərginlikli kabel sisteminin quraşdırılması, elektrik və ya elektronik naqillərinin, avadanlıqlarının, aparatlarının, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edilərək yığılması, quraşdırılması, sazlanması, ötürücülərin quraşdırılması, müxtəlif elektro-montaj işlərinin yerinə yetirilməsi olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndində 11.6-cı yarımbəndində “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

5. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli arayış-təqdimatına əsasən iddiaçı xx.xx.2010-cu ildə gəmi radio-elektron quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir, "xxxx" MMC-də əmək şəraiti ağır və zərərli olan işlərdə ümumilikdə onun iş stajı 6 il 2 ay 20 gündür. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-cı yarımbölməsinə əsasən güzəştli sayılır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir.

6. "xxxx" MMC-nin Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilə qədər "xxxx" MMC-də 6-cı dərəcəli elektronçu ixtisası üzrə işə götürülmüş, vəzifə olaraq güzəştli arayışda qeyd edilən işləri yerinə yetirmişdir, həmin məktuba əlavə edilmiş 23-k nömrəli, xx.xx.2010-cu il tarixli əmrdən çıxarışa əsasən iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər 5 ay müddətinə əmək müqaviləsi bağlanmaqla 6-cı dərəcəli elektronçu peşəsinə qəbul edilmişdir, 09-K nömrəli, xx.xx.2016-cı il tarixli əmrdən çıxarışa əsasən iddiaçı xx.xx.2016-cı ildən elektronçu vəzifəsindən azad edilmişdir.

7. "xxxx" QSC ilə iddiaçının xx.xx.2014-cü ildə bağladığı əmək müqaviləsindən çıxarışa əsasən iddiaçının əmək funksiyası kimi göstərilmişdir: gəmi elektron avadanlıqlarının təmir edilməsi, elektrik aparatlarında, siqnalizasiya sistemində, işıqlandırmada, kabellərdə yaranmış nasazlıqların aradan qaldırılması, elektrik naqillərinin elektrik sistemlərinin çıxışlarının sarınması, əl və digər xüsusi elektrik avadanlıqlarından istifadə olunması, xüsusi elektrik avadanlıqları və maşınlarının quraşdırılması, təmir edilməsi və xidmət göstərilməsi, dövrə elektrik diaqramlarının oxunması, ötürücülərin quraşdırılması, naqillərin birləşdirilməsi, elektrik və ya elektronik naqilləri, avadanlıqları, aparatları, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edilərək yığılması, quraşdırılması, sınaqdan keçirilməsi və sazlanması, düzgün olmayan sistemləri, avadanlıqların və hissələrin sınaq və əl avadanlıqlarından istifadə edilərək yoxlanılması, nasazlığın səbəbinin və yerinin aşkarlanması və problemin həll edilməsi, elektrik naqillərinin elektrik açarına, transformatorlarına və digər hissələrə birləşdirilməsi, elektrik sistemlərinin, avadanlıqlarının və hissələrinin təhlükələrinin, qüsurlarının müəyyən edilməsi, təmirə ehtiyacının olub-olmamasının yoxlanılması və qanuna uyğun olduqlarını yoxlamaq məqsədilə sınaqdan keçirilməsi, avadanlığın davamlı isitfadəsinin təhlükəli olubolmadığının məsləhət görülməsi, elektrik sisteminin və elektrik dövrələrinin hərəkətlərinin sınaqdan keçirilməsi məqsədilə və sistemin uyğunluğunu və təhlükəsizliyini yoxlamaq üçün ommetr, voltmetr, osiloqraf və s.kimi avadanlıqlardan istifadə edərək ölçmələrin aparılması, müxtəlif elektro-montaj işlərinin yerinə yetirilməsi, elektrik mühərriklərinin, transformatorların və s.avadanlıqların təmir edilməsi, yüksək gərginlikli kabel sisteminin quraşdırılması, yanacaq üçün bölmə və rezervuarların qaynaq edilməsi, diametri 1500 mm-dən çox olan metal təbəqədən olan silindlərin əyilməsi və düzəldilməsi.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ99791/2024 nömrəli imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarxinə kimi olan dövrün güzəştli sosial sığorta stajı hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.2023-cü il tarixinə 25 ildən cox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək birinci dəfə xx.xx.2023-cü il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-119562/2024 nömrəli cavab məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinasını onunla əsaslandırmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçının təqdim etdiyi "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayışında həmin müəssisədə xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində elektronçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi elektronçu vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (l 1.6) bəndində nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçıya güzəştli iş stajının 12.il 6 aydan az (7 il 6 ay 20 gün (xx.xx.2016-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrləri) təşkil etdiyi bildirilmiş və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini göstərilmişdir.İddiaçı cavabdehə “Xəzər GLX’’ MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 04-K nömrəli arayış-təqdimatı və xx.xx.2024-cü il tarixli, 27 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışını təqdim edərək ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təkrar müraciət etmişdir. Göstərilən arayışlarda işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətlərinin göstərilməsinə baxmayaraq cavabdehin əməkdaşları tərəfindən heç bır araşdırma aparılmadan, vəzifəsinin arayışda qeyd edilən xüsusiyyətləri qarşılıqlı yoxlanılmadan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ- 99791/2024 nömrəli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən təkrar olaraq imtina edilmişdir.İddiaçı hesab edir ki, inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuz olduğuna görə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-99791/2024 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və iddiaçıya hüququ yaranan gündən, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2 nömrəli əlavəsinə uygun formada güzəştli iş stajı barədə arayışın verilməsi hüququ işəgötürənə həvalə edilmişdir. Ona görə də işlədiyi "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 04- K nömrəli və "xxxx" QSC-nin Gəmi təmiri müəssisəsinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli arayışları ilə güzəştli iş şəraitində işlədiyi və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ olduğu təsdiq edilir. Arayışlarda işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri hissəsində “Gəmilərdə yüksək gərginlikli kabel sisteminin quraşdırılması; elektrik və ya elektronik naqilləri, avadanlıqları, aparatları, birləşmələrin əl və ya elektron avadanlıqlarından istifadə edərək yığılması, quraşdırılması, sazlanması, ötürücülərin quraşdırılması, müxtəlif elektro-montaj işlərinin yerinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının İİ bəndində 11.6-cı yarımbəndində və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir” qeydi edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə gorə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir.Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. "xxxx" QSC-nin Gəmi təmiri müəssisəsinin İddiaçı dair 19 mart 2024-cü il tarixli, 51 nömrəli arayışında xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində elektronçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi elektronçu vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 9 ay 21 gün (xx.xx.2016- xx.xx.2019-cu il və xx.xx.2019- xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəməsən xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, inzibati iş materiallarından (əmək kitabçasından, işəgötürənin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışlarından, əmrlərdən, əmək müqaviləsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2010-xx.xx.2016-cı il dövrlərində "xxxx" QSC-nin Gəmi təmiri müəssisəsində işləmişdir və əmək funksiyası “Gəmi elektrik avadanlıqlarının təmir edilməsi, xüsusi elektrik avadanlıqları və maşınlarının quraşdırılması, təmir edilməsi və xidmət göstərilməsindən, ötürücülərin quraşdırılmasından, naqillərin birləşdirilməsindən, elektrik və ya elektronik naqillərinin, avadanlıqlarının, aparatların birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edərək yığılmasından, quraşdırılmasından, sınaqdan keçirilməsi və sazlanmasından, elektrik naqillərinin elektrik açarına, transformatorlarına və digər hissələrə birləşdirilməsindən, elektrik sistemlərində, avadanlıqlarında və hissələrində təhlükələrin, qüsurların müəyyən edilməsindən, təmirə ehtiyacının yoxlanılmasından və sınaqdan keçirilməsindən, elektrik mühərriklərinin, transformatorların və s.avadanlıqların təmir olunmasından, yüksək gərginlikli kabel sisteminin quraşdırılmasından, müxtəlif elektro-montaj islərinin yerinə yetirilməsindən, gəmilərdə yüksək gərginlikli kabel sisteminin quraşdırılmasından, elektrik və ya elektronik naqilləri, avadanlıqları, aparatları, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edilərək yığılmasından, quraşdırılmasından, sazlanmasından, ötürücülərin quraşdırılmasından” ibarət olmuşdur ki, bu da işəgötürənin verdiyi arayışlara, habelə əmək funksiyalarının və görülən işlərin mahiyyətinə və məzmununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-cı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində “a” bəndində göstərilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları peşəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Yəni iddiaçının xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilə qədər işlədiyi elektronçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmuşdur, cavabdeh inzibati orqan işin bu halını təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Xəzər GLX” QSC-nin Gəmi təmiri müəssisəsinin İddiaçı dair 19 mart 2024-cü il tarixli 51 nömrəli arayışında xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində elektronçu vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının işlədiyi elektronçu vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 9 ay 21 gün (xx.xx.2016-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etməmişdir (Teleqram göndərərək məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmişdir).Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır

19. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

20. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət;21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın: 11.6-cı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsi”ndə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların və peşələr, vəzifələr kimi göstərilmişdir: gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 4.1-ci bəndində göstərilir: “Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:4.1.1. 2006-cı il yanvarın 1dək olan dövr üzrə:..4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:

28. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur və ümumi əmək stajı 25 ildən çoxdur, işin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir.

29. İddiaçı ilə cavabdehin arasında mübahisənin yaranmasına səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının ümumi iş stajının 25 il olmasını qəbul edir, güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir, güzəştli iş stajının 7 il 9 ay 21 gün olmasını (xx.xx.2016-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrü) qəbul edir.

30. Məhkəmə də eyni zamanda iddiaçının əmək kitabçasından və təqdim edilmiş sənədlərdən iddiaçının ümumi əmək stajının 25 ildən çox olmasını, eyni zamanda xx.xx.2016-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrdə "xxxx" QSC-də “Bibiheybət Gəmi Təmiri Zavodu” elektrik quraşdırma böılməsinə 5-ci dərəcəli radioelektron aparatlarının və cihazların quraşdırıcısı peşəsində, xx.xx.2016-cı ildən isə elektrik quraşdırma bölməsində gəmi radioelektron aparatlarının və cihazlarının quraşdırıcı peşəsində işlədiyini, həmin peşənin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsinin “a” bəndində nəzərdə tutulan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi ilə eyni olmaqla güzəştli şərtlələ pensiya almaq hüququ verən peşə olmasını müəyyən etmişdir.

31. Belə olan halda iddiaçı ilə cavabdehin arasında yaranmış mübahisənin əsasını cavabdeh tərəfindən iddiaçının xx.xx.2010-xx.xx.2016-cı il dövrlərində "xxxx" QSC-nin Gəmi təmiri müəssisəsində işlədiyi dövrün güzəştli iş stajı kimi qəbul edilməməsi təşkil edir.

32. İnzibati iş materiallarından (əmək kitabçasından, işəgötürənin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışlarından, əmrlərdən, əmək müqaviləsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2010-xx.xx.2016-cı il dövrlərində "xxxx" QSC-nin Gəmi təmiri müəssisəsində işləmişdir və əmək funksiyası “Gəmi elektrik avadanlıqlarının təmir edilməsi, xüsusi elektrik avadanlıqları və maşınlarının quraşdırılması, təmir edilməsi və xidmət göstərilməsindən, ötürücülərin quraşdırılmasından, naqillərin birləşdirilməsindən, elektrik və ya elektronik naqillərinin, avadanlıqlarının, aparatların birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edərək yığılmasından, quraşdırılmasından, sınaqdan keçirilməsi və sazlanmasından, elektrik naqillərinin elektrik açarına, transformatorlarına və digər hissələrə birləşdirilməsindən, elektrik sistemlərində, avadanlıqlarında və hissələrində təhlükələrin, qüsurların müəyyən edilməsindən, təmirə ehtiyacının yoxlanılmasından və sınaqdan keçirilməsindən, elektrik mühərriklərinin, transformatorların və s.avadanlıqların təmir olunmasından, yüksək gərginlikli kabel sisteminin quraşdırılmasından, müxtəlif elektro-montaj islərinin yerinə yetirilməsindən, gəmilərdə yüksək gərginlikli kabel sisteminin quraşdırılmasından, elektrik və ya elektronik naqilləri, avadanlıqları, aparatları, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edilərək yığılmasından, quraşdırılmasından, sazlanmasından, ötürücülərin quraşdırılmasından” ibarət olmuşdur ki, bu da işəgötürənin verdiyi arayışlara, habelə əmək funksiyalarının və görülən işlərin mahiyyətinə və məzmununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-cı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində “a” bəndində göstərilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları peşəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir.

33. Yəni iddiaçının xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilə qədər işlədiyi elektronçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmuşdur, cavabdeh inzibati orqan işin bu halını təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

34. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 60 yaşı xx.xx.1963-cü ildə tamam olmuşdur və ümumi iş stajı 25 ildən çoxdur, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajı isə cəmi 13 il 8 aydan çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, lakin cavabdeh qeyd edilən halları nəzərə almayaraq, ətraflı araşdırma aparmadan iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-99791/2024 nömrəli məktub ilə əsassız imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.

35. Məhkəmə Kollegiyası yuxarıda göstərilən hallara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, İddiaçı iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-99791/2024 saylı imtina məktubu əsassız hesab edilərək iddiaçının xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarxinə kimi işlədiyi dövr güzəştli sosial sığorta stajı hesab edilməli və iddiaçıya xx.xx.2023-cü il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır.

36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Xəzər GLX” QSC-nin Gəmi təmiri müəssisəsinin İddiaçı dair 19 mart 2024-cü il tarixli 51 nömrəli arayışında xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində elektronçu vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının işlədiyi elektronçu vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 9 ay 21 gün (xx.xx.2016-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

37. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar