Məhkəmə qərarları › İş №2-1(103)-1668/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1668/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1668/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı “qərarda dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əhmədli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyə qərarı əsasında ayrılmış 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Bələdiyyənin 22 noyabr 2007-ci il tarixli qərarında X4 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsinin həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı əsasında 150 kv.m torpaq sahəsi X6 ayrılmışdır. Torpaq sahəsində inşa edilən 62 kv.m fərdi yaşayış evi iddiaçı kimi onun mülkiyyətinə verilmiş, lakin torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. Ərizə ilə müraciət etsə də, 150 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, 150 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Əhmədli Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli 186 nömrəli qərarında X4 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsi (yəni, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi) barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əhmədli Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndini düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışdan da göründüyü kimi torpaq sahəsinin mülkiyyət növü kimi Dövlət qeyd olunsa da, bu halı nəzərə almamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdehin öz inzibati əraziləri daxilində səlahiyyətlərini həyata keçirmək hüquqları vardır. Cavabdehin mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətlərinin olduğunu nəzərə alaraq mülkiyyətində, istifadəsində olmayan inzibati ərazi hüdudlarından kənar hər hansı torpaq sahəsinə dair qərar qəbul oluna bilməməsi və ya sərəncam verilməməsi nəzərə alınmamışdır. Sərəncamda qeyd olunan torpaq sahəsinin X4 adına sənədləşdirilməsi üçün tərəflər arasında bağlanmış hər hansı müqavilə Bələdiyyənin arxivində mövcud olmamışdır. ünvan 1 ünvanında yerləşən 150 kv.m-dən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyəyə ayrılması barədə torpaq sahələrinə dair xəritə və sərəncamın olmaması, torpaq sahələrinin verilməsi barədə tərəflər arasında müqavilənin olmaması qanunvericiliyin tələbinin pozulmasını göstərir. İddia ərizəsi onun mümkünlük şərtlərinin tələblərinə cavab verməklə təqdim olunmamışdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddiada hüquqi cəhətdən yoxlanılma zamanı 1) Mümkünlük və 2) Əsaslılıq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibat məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarından irəli gəldiyi kimi mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Hər bir inzibati iddianın mümkün sayılması üçün lazımi şərtlərdən biri də iddiaçının hüquqlarının pozulmasının əsaslandırılmasıdır. İş materiallarından görünür ki, AN-İ №1162668 nömrəli, xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Evin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla iddiaçının istifadəsindədir. Torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması əsası kimi çıxış edən Xətai rayonu Əhmədli Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 186 nömrəli qərarına əsasən ünvan 4 ünvanında yerləşən 150 kv.m-dən torpaq sahəsi X4 adına rəsmiləşdirilmişdir. Bu hüquqi əsasdan çıxış edərək iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı subyektiv hüququnun olmaması öz təsdiqini tapmışdır. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarını və qanunla qorunan mənafeyini pozulduğunu əsaslandıra bilmədiyi təqdirdə iddia mümkün sayılmamalıdır. Həmçinin hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.4-cü maddəsinin tələbini pozmuş hesab edilir və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-4008/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad qəbul olunmuşdur. Qərardada əsasən iddiaçının iddiası mümkün sayılmamışdır. Cavabdeh tərəfindən təqdim olunan etirazda qeyd olunur ki, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Dövlət mülkiyyətindədir. Sahənin Bələdiyyə ərazisi olması barəsində elektron bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar qeyd edilməmişdir. Faktiki göstərilən torpaq sahəsinin cənub tərəfindən yeraltı neft kəmərləri keçir. Məhkəmə tərəfindən 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 nömrəli qərar qəbul edilərkən qeyd olunan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olubolmaması barədə zəruri məlumatlar ətraflı araşdırılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə tərəfindən göstərilən işin obyektiv araşdırılması məqsədi ilə zərurət yarandığı üçün sərəncamda adı çəkilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin, torpaq sahəsinin situasiya planının və digər aidiyyatı sənədlərin təsdiq edilmiş surətlərinin, o cümlədən sahənin ayrılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bələdiyyələrlə İş Baş İdarəsi və s.) müraciət edilibedilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəylərin verilib-verilməməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyəyə ayrılmış torpaq sahələrinə dair xəritə və sərəncamın və qeyd olunanlar barədə məlumatların müvafiq təsdiqedici sənədlərin əldə olunması məqsədi ilə sorğular göndərilməli və ətraflı məlumatlar toplanmalı idi. Xətai Rayonu Əhmədli Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 186 nömrəli qərarının müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatının aparılmasını təsdiq edən hər hansı sənəd və məlumatın olmadığı aşkarlanmışdır. ünvan 5 ünvanında yerləşən 0,015 ha-dan ibarət olan torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh xx.xx.2007-ci tarixli, 186 nömrəli qərarı, onun verilməsi üçün əsas olmuş sənədlər, alqı-satqı aktının naturada təhvil verilməsi akt və qərara dair hər hansı bir hüquqmüəyyənedici sənəd Xətai Rayonu Əhmədli Bələdiyyəsinin arxivində olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qərar cavabdehin qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Hər bir halda məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyə uyğun olaraq ətraflı tədqiq etməli, iş materiallarına əlavə olunan sənədlər üzrə düzgün araşdırma aparmalı idi. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi iddianın mümkünlük şərtləri pozulmuş, sübutlar araşdırılmamış, işdə olan materiallara düzgün baxış keçirilməmiş və işin hərtərəfli, tam və obyektiv tədqiq etməyərək Azərbaycan Respublikası inzibati qanunvericiliyinin müddəalarını pozaraq ədalətsiz nəticə çıxartmışdır. Məhkəmə tərəfindən 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 nömrəli qərar qəbul edilərkən qeyd olunan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması barədə zəruri məlumatlar ətraflı araşdırılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcələlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, - Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 186 nömrəli, 22 noyabr 2007-ci il tarixli qərarına əsasən Bakı şəhəri, R.Quliyev küçəsi, ev 10B-də yerləşən uzun müddət istifadə etdiyi (cizgidə göstərilən) 150 kv.m torpaq sahəsi həyətyanı sahə alqı-satqı yolu ilə vətəndaş X1. - 26 avqust 2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 10B-də yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 28.4 kv.m, yardımçı sahəsi 33,6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən 62 kv.m, 2 otaq hissəni alıcı İddiaçı satılmışdır. - İddiaçı adına verilmiş texniki pasporta əsasən fərdi yaşayış sahəsinin yerləşdiyi tikili altı sahə 0,0073 ha olsa da, faktiki və hüquqmüəyyənedici sənəd üzrə sahə 0,0158 ha təşkil edir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 10B-də yerləşən 62 kv.m fərdi yaşayış evi iddiaçının mülkiyyətində, 0,007220 kv.m torpaq sahəsi isə istifadəsindədir. - İş materialına əlavə edilmiş ərizələrdən görünür ki, X8 ona ayrılmış torpaq sahəsinin iddiaçının adına ayrılmasına razılıq vermişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş 16 oktyabr 2023-cü il tarixli, 3-21-3-30/2- VO110-8/2023 nömrəli məktubda qeyd edilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasnda təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(112)-4008/024-cü il tarixli qərardadı ilə müəyyən edilir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı ünvan 6 ünvanındakı evin yerləşdiyi yaşayış təyinatlı 1,5 sot torpağın üzərində xüsusi mülkiyyət hüququnun tətbiq edilməsi barədə iddia mümkün sayılmamışdır. İşin hallarından müəyyən edildiyi kimi, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 186 nömrəli, 22 noyabr 2007-ci il tarixli qərarına əsasən Bakı şəhəri, R.Quliyev küçəsi, ev 10B-də yerləşən uzun müddət istifadə etdiyi (cizgidə göstərilən) 150 kv.m torpaq sahəsi həyətyanı sahə alqı-satqı yolu ilə vətəndaş X6 ayrılmış, sonuncu ilə İddiaçı arasında imzalanmış müqaviləyə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı özgəninkiləşdirilmişdir və çıxarış əldə edilmişdir. İddiaçı torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbi ilə müraciət edilməsinə baxmayaraq, hüquqların qeydiyyatından imtina edilmişdir. İddiaçı Xətai rayonu Əhmədli Bələdiyyəsinə müraciət edərək, Bakı şəhəri, R.Quliyev küçəsi, ev 10B-də yerləşən torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinı xahiş etsə də, Xətai rayonu Əhmədli Bələdiyyəsinin 01/933 nömrəli, 29 iyul 2024-cü il tarixli məktubu ilə imtina edilərək qeyd edilmişdir ki, Bakı şəhəri, R.Quliyev küçəsi, ev 10B-də yerləşən torpaq sahəsinin iddiaçınım mülkiyyətinə keçirilməsi bələdiyyənin səlahiyyətinə daxil deyildir. İddiaçı bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş, mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin səlahiyyətində saymadığı məsələ onun ayırmış olduğu 150 kv.m bələdiyyəyə məxsus torpaq sahəsin torpaq ayırma barədə 22 noyabr 2007-ci il tarixli inzibati aktında müvafiq dəyişiklik edilməklə həmin sahənin digər şəxsin adına sənədləşdirilməsi ilə əlaqədardır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı cavabdehdən hər hansı yeni torpaq sahəsi tələb etməmiş, tələb etmə əvvəllər bələdiyyənin səlahiyyətli saydığı torpaq ayırmaya dair inzibati aktında qanuni əlverişli inzibati aktın tərəfi kimi üçüncü şəxsin də razılığı əsasında onun adının iddiaçının adı ilə dəyişdirilməsi, beləliklə də torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə əlaqədar olmuşdur. Bələdiyyənin 22 noyabr 2007-ci il tarixli qərarı inzibati orqan tərəfindən qəbul edilmiş, ləğv edilməmiş, hüquqi qüvvəsi olan inzibati aktdır. Həmin akt əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, onun üzərində inşa edilmiş tikilinin dövlət qeydiyyatı həyata keçirilmiş, həmin sahə texniki pasportda öz əksini tapmış, mülki dövriyyə üzrə torpaq sahəsinin bir hissəsinin istifadəsi, üzərində inşa edilmiş tikilinin isə mülkiyyət hüququnun iddiaçıya keçidi müqavilə ilə rəsmiləşdirilmiş və əmlak orqanı tərəfindən də buna dair növbəti çıxarış verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. - 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Yuxarıda qeyd olunan qanunun normalarından göründüyü kimi bələdiyyələrin yalnız öz inzibati əraziləri daxilində səlahiyyətlərini həyata keçirmək hüquqları vardır. Bələdiyyə onun inzibati ərazi hüdudlarından kənar hər hansı torpaq sahəsinə dair qərar qəbul etmək səlahiyyətinə malik deyildir. Bundan əlavə, yuxarıda qeyd olunan Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6.5-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir) torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 186 nömrəli, 22 noyabr 2007-ci il tarixli qərarına əsasən Bakı şəhəri, R.Quliyev küçəsi, ev 10B-də yerləşən 150 kv.m torpaq sahəsi X6 ayrılmış və bundan sonra X8 həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı çıxarış əldə etmişdir. İşin hallarından göründüyü kimi, X8 onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evini İddiaçı özgəninkiləşdirmişdir. Bu hal Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışla da təsdiqini tapır. Bakı şəhəri, R.Quliyev küçəsi, ev 10B-də yerləşən fərdi yaşayış evi ilə bağlı X4 xüsusi mülkiyyət hüququ, 150 kv.m torpaq sahəsinin hüquqi statusu “dövlət” mülkiyyəti olaraq qeyd edilir. Göründüyü kimi, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 186 nömrəli, 22 noyabr 2007-ci il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqlarının qeydiyyatını yekunlaşdırsa da, X4 mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı yalnız istifadə hüququ mövcud olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X4 mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı istifadə hüququ mövcud olmuş və bu hüquq İddiaçı ötürülmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı bələdiyyənin müvafiq qərarında dəyişiklik edilməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin deyil, dövlətin mülkiyyətindədir. Belə olan halda Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin torpaq sahəsi ilə bağlı hər hansı hərəkətin edilməsi üçün səlahiyyəti yoxdur. Belə ki, İddiaçı fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “Dövlət” göstərilmişdir. Hətta mübahisələndirilən torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olduğu halda yuxarıda göstərildiyi kimi xx.xx.2008-ci il tarixdən sonra torpaq ayırma proseduru bələdiyyələr tərəfindən hərracın (müsabiqənin) keçirilməsi yolu ilə həyata keçirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 saylı qərarı ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı ünvan 1 ünvanda yerləşən 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Əhmədli Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli 186 nömrəli qərarında X4 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsi (yəni, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi) barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əhmədli Bələdiyyəsinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12024/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı ünvan 1 ünvanda yerləşən 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Əhmədli Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli 186 nömrəli qərarında X4 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsi (yəni, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi) barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əhmədli Bələdiyyəsinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar