Məhkəmə qərarları › İş №2-1(103)-1669/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1669/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1669/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi Əhmədov VüqarƏhməd oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hüququnun yarandığı, yəni 05 may 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin -1(112)-1447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24139,02 manat təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materialların uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. İş materiallarında olan НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 10 noyabr 1980-ci il tarixdən 08 dekabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan SSR X3 Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 124363 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Salyan rayon 04 saylı orta texniki məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə texniki məktəbin tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Fəhlə gənclərinin Salyan şəhər orta məktəbinə gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə öz istəyi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü ildə “Salyanneft” X4 İdarəsinin Quyuların Yeraltı və Əsaslı Təmiri sexində 3-cü dərəcəli qazmaçı köməkçisi işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcə verilmiş, xx.xx.1999cu ildə 5-ci dərəcə verilmiş, xx.xx.1999-cu ildə “Salyanneft” X4 İdarəsi ləğv olduğu üçün işdən azad edilmiş, xx.xx.2000-ci ildə Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində quyuların yeraltı və əsaslı təmiri sexinə 4-cü dərəcəli çilingər-təmirçi qəbul edilmiş, xx.xx.2001-ci ildə həmin sexdə 4-cü dərəcəli qazmaçı köməkçisi keçirilmiş, xx.xx.2002-ci ildə Qaz kompressor və istehsalatın avtomatlaşdırılması sexinə 4-cü dərəcəli qazın yığılması üzrə operator keçirilmiş, xx.xx.2004-cü ildə Qaz kompressor sexinin yaradılması ilə əlaqədar olaraq həmin sexə 4- cü dərəcəli qazın yığılması üzrə operator keçirilmiş, xx.xx.2007-ci ildə 5 saylı NQÇS-də neft və qaz hasilatı üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmişdir İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 10 mart 2020-ci il tarixli, HR-20-022 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1999-cu tarixlərdə “Salyanneft” X4 İdarəsinin Quyuların Yeraltı Əsaslı Təmiri sexində qazmaçı köməkçisi vəzifəsində işləmişdir və bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ yarımbölməsinə əsasən ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. İş stajı 16 il 8 ay 23 gün təşkil edir. İşdə olan “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin 15 mart 2019-cu il tarixli ƏH-06/90 saylı arayışından görünür ki, İddiaçı Ə.C.Əmirov adına NQÇİ-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci bölməsinin “a'' bəndində göstərilən xx.xx.2001-ci il tarixdən ( əmr Ns154/k.xx.xx.2001) xx.xx.2002-ci il tarixədək (əmr Ns154/k 02.08 2001) qazmaçı köməkçisi peşəsində işləmiş - 6 ay 14 gün, xx.xx.2007-ci il tarixdən (əmr Ns187/ş. xx.xx.2007) xx.xx.2008-ci il tarixədək (əmr N248/k. xx.xx.2008) neft və qaz hasilatı üzrə operator peşəsində işləmiş - 2 ay 18 gün, Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı - 9 ay 2 gün təşkil edir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 mart 2021-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci, 1.0.18-ci və 9.1-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24139,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştii şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element - iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda pensiyaçı deyildir. Onun 57 yaşı 05 may 2018-ci il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24139,02 manat təşkil etməsi əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması ilə, həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir. Hazırki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Fəhlə gənclərinin Salyan şəhər orta məktəbinə gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə öz istəyi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü ildə “Salyanneft” X4 İdarəsinin Quyuların Yeraltı və Əsaslı Təmiri sexində 3-cü dərəcəli qazmaçı köməkçisi işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcə verilmiş, xx.xx.1999cu ildə 5-ci dərəcə verilmiş, xx.xx.1999-cu ildə “Salyanneft” X4 İdarəsi ləğv olduğu üçün işdən azad edilmiş, xx.xx.2000-ci ildə Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində quyuların yeraltı və əsaslı təmiri sexinə 4-cü dərəcəli çilingər təmirçi qəbul edilmiş, xx.xx.2001-ci ildə həmin sexdə 4-cü dərəcəli qazmaçı köməkçisi keçirilmiş, xx.xx.2002-ci ildə Qaz kompressor və istehsalatın avtomatlaşdırılması sexinə 4-cü dərəcəli qazın yığılması üzrə operator keçirilmiş, xx.xx.2004-cü ildə Qaz kompressor sexinin yaradılması ilə əlaqədar olaraq həmin sexə 4-cü dərəcəli qazın yığılması üzrə operator keçirilmiş, xx.xx.2007-ci ildə 5 saylı NQÇS-də neft və qaz hasilatı üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmişdir. İddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı vardır. İddiaçının xx.xx.1978xx.xx.2008-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Salyanneft” X4 İdarəsinin Quyuların Yeraltı və Əsaslı Təmiri sexində qazmaçı köməkçisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində qazmaçı köməkçisi peşəsində işləməsi ona məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçası ilə təsdiq olunur. İddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Salyanneft” X4 İdarəsinin Quyuların Yeraltı və Əsaslı Təmiri sexində və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində işlədiyi qazmaçı köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının Xİİ bölməsində (şifrə: 2130200a-11292) nəzərdə tutulmuş və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq müddəti təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi qazmaçı köməkçisi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının Xİİ bölməsində (şifrə: 2130200a-11292) nəzərdə tutulması ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli 2- 1(102)-972/2019 saylı qərarında eyni hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən stehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 05 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar