Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1669/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14296/2023 nömrəli qərarının ləğv edilməsi, hər ay 105,11 manat məbləğində pulun əmək pensiyasından tutularaq büdcəyə ödənilməsinin dayandırılması və pensiyasından tutulmuş pul vəsaitinin ona geri ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən ona xx.xx.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin cavabdeh tərəfindən 3-17-1/3-3-14296/2023 №-li xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə xx.xx.2010-cu il tarixdən (52 yaşdan) əmək pensiyası təyin edilmiş, pensiya məbləği 1452,60 manatdan, 1051,11 manata azaldılmışdır. Pensiya məbləğində olan azalmaya aydınlıq gətirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur...” İddia ərizəsinə etirazında da cavabdeh iddiaçıya ünvanlanmış həimin cavab məktubunda göstərilənlərə uyğun ifadə tərzində iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 03 iyul 2023-cü il tarixli 3- 17-1/3-3-14296/2023 nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hər ay 105,11 manat məbləğində pulun İddiaçı əmək pensiyasından tutularaq büdcəyə ödənilməsinin dayandırılması və pensiyasından tutulmuş pul vəsaitinin İddiaçı geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin.” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01,2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 01.01,2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 31 il 11 ay 13 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 37,72 manat (31,95 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 58,45 manat müəyyən edilərək üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5915,52 manat sığorta kapitalına uyğun 41,08 manat (5915,52:144) və baza hissəsi (75,00 manat) əlavə edilərək 174,53 manat (58,45+75,00+41,08 (indeksləşdirilərək və sonrakı yenidən hesablanmalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 1051,11 manat)) ödənilməli olduğu halda, səhvən 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixinə 344,04 manat (indeksləşdirilərək və sonrakı hesablamalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 1452,60 manat) əmək pensiyası müəyyən edilməklə ona ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 21505,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub. Həmin artıq ödənilmiş 21505,94 manat pul vəsaiti cari ilin aydan etibarən hissə-hissə (hər ay 105,11 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəfimizdən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-140063/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıqödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmiş, yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14296/2023 nömrəli qərar qəbul edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçya Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 50 yaşından, yəni xx.xx.2008-ci il tarixindən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-14296/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək xx.xx.2010-cu il tarixdən, yəni 52 yaşdan əmək pensiyası təyin edilmiş, nəticədə onun pensiyasının məbləği 1452,60 manatdan, 1051,11 manata azaldılmış, ödənişdə yaranmış fərq məbəlğini isə ondan tutmağa başlamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə istinadən israrlıdır ki, iddiaçının pensiyası xx.xx.2010-cu il tarixdən, yəni 52 yaşından hesablanmalı idi. Lakin pensiya təyinedicisi olaraq Qanunu bu qədər qeyri-professional formada səhv səvir etməsi başa düşüləməzdir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçıya güzəştli pensiya təyin edilərkən qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, 23 sentyabr 1992-ci il tarixindən qüvvəyə minmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 52 yaş həddinə çatdırılmışdır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, 1 avqust 1997-ci il tarixinə qədər iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı mövcud olduğu təqdirdə, yəni, azı 20 il ümumi, 10 il güzəştli pensiya hüququ verən stajı mövcud olduqda, onun 50 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Çünki, yaş artımı, əhr il 6 ay olmaqla, 1 avqust 1997-ci il tarixdən qüvvəyə minmişdir. İş materiallarına əsasən isə xx.xx.1958-ci il təvəllüdlü iddiaçının peşə təhsinə dair 530 №li Attestatı, hərbi bilətinin surəti və 22 iyul 1974-cü il tarixli əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi iş stajı toplanır: xx.xx.1978-xx.xx.1980: müddətli həqiqi hərbi xidmət - 2 il 25 gün; xx.xx.1971-xx.xx.1973: Texniki –peşə məktəbində təhsil - 1 il 10 ay 26 gün; xx.xx.1974-xx.xx.1976: Avtomobil Təmiri Zavodunda çilingər - 2 il, 3 gün; xx.xx.1976-xx.xx.1978?: “Xəzərbeftflot” İdarəsinin Qəza-Xilasedici dəstəsində dalğıc -1 il, 8 ay, 3 gün; xx.xx.1980-xx.xx.1983: N.Nərimanov adına NQÇİ-də qazmaçı köməkçisi -3 il, 23 gün; xx.xx.1983-xx.xx.1997: Xəzər dənizində neft ”quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator - 13 il 10 ay. İddiaçının qeyd edilən xx.xx.1997-ci il tarixə qədər iş stajı ümumiləşdirildikdə onun xx.xx.1997-ci il tarixinə qədər 24 il 6 ay 20 gün iş stajı toplanır ki, həmin stajın da təkcə,12 il 6 aydan çoxunu(13 il 10 ayını) Xəzər dənizində neft” quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator işində çalışmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin "a" bəndinin nəzərədə tutduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1100000a—15866 koduna əsasən “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” 50 yaşından güzəştli pensiya hüququ verən xüsusilə zərərli ağır işlərə aid edilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının 1 avqust 1997-ci il tarixinə azı 20 il ümumi, həmin stajın da azı 10 ilini 1 nömrəli sözügedən 1 nömrəli Syiahıda nəzərdə tutulan xüsusilə ağır işdə çalışdığından, onun 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixindən güzəştli pensiya hüququ yaranır. Göründüyü kimi, vaxıtilə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 50 yaşından (xx.xx.2008-ci il tarixdən) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qanuni və əsaslı olmuşdur. Başqa sözlə, hazırkı cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14296/2023 nömrəli qərarı ilə onun pensiyasının xx.xx.2010-cu ilə, yəni, 52 yaşına artırılaraq ondan hər ay pensiyasından 105,11 manat məbləğində pulun əmək pensiyasından tutulması tamamilə qanunsuzdur. Ən azından “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbi baxımından, cavabdehin artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir: 1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur. İş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Əksinə, həmin tutulmadan narazı qalan iddiaçı ilk öncə cavabdehə sonra isə hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir ki, bütun bunlaronun tərəfindən iddiaçıdan Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan razılığının alınmadığını sübuta yetirir. Onu da qeyd etmək lazımdır ki, inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinə də cavabdeh trəfindən məhəl qoyulduğu müəyyən olunmur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmiş, ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verildiyi görünmür və bununla bağlı cavabdehin heç bir əsaslandırması və dəlil-sübutu da mövcud deyildir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının pensiya hüququnun 52 yaşından yarandığını və birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1669/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1669/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver