Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-167/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4360/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 3 mart 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 mart 1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 15 fevral 1979-cu ildən 25 aprel 1981-cü il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda quraşdırıcı zərgər vəzifəsində işləmiş, 27 aprel 1981-ci il tarixdən 10 iyun 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 15 iyul 1983cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər, 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər, 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011ci il tarixədək "xxxx" kiçik müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər vəzifəsində işləmişdir. 1 yanvar 2006-cı il tarixədək 26 il 8 ay 8 gün ümumi iş stajı var, həmin müddətin 15 il 5 ay 18 günü güzəştli şərtlərlə pensiya hüququ verən işlərdəki stajdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahı üzrə malikdir. Hesab olunur ki, ona (iddiaçıya) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, həmin müraciət təmin olunmamışdır. İmtinanın səbəbi kimi, onun "xxxx" KM-də işlədiyi dövrdə sosial sığorta haqlarının ödənilməməsi göstərilmişdir. Halbuki, 1 yanvar 2006-cı il tarixədək müəssisələrin sosial sığorta haqları Azərbaycan Respublikasının müvafiq qanunu ilə silinmişdir. Buna görə də hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbini irəli sürərək iddia qaldırmışdır. İddia əsassız hesab olunur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 3 mart 1961-ci il tarixdə doğulmuşdur. Onun 57 yaşı 1 iyul 2017-ci il tarixdən sonra tamam olmuşdur. Buna görə də ona 57 yaşdan pensiya təyin olunması üçün, onun 01 yanvar 2006-cı il tarixədək həm ümumi, həm də güzəştli iş stajı tamamlanmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Təqdim olunmuş sənədlərdə 04 fevral 1999-cu il tarixdən 02 noyabr 2011-ci il tarixədək olan dövr ərzində iddiaçının işlədiyi "xxxx" kiçik dövlət müəssisəsi tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. Belə ki, o, müxtəlif dövrlərdə ayrı-ayrı müəssisələrdə işlədiyi “quraşdırıcı zərgər” peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli olan işlərdə, çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “zərgər və bədii məmulatları qaralaynlar” (kod 2150700a – 19553) peşəsi ilə eyniləşdirmişdir. Halbuki, Siyahıdakı həmin peşə metal emalı sahəsinə, qaynar üsulla matalın üzlənməsi bölməsinə aid olsa da, iddiaçı tərəfindən təqdim edilən arayışlardakı onun iş yerlərinin sözügedən sahəyə aid olması öz təsdiqini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4360/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 57 yaşı 01.07.2017-ci il tarixindən sonra tamamlanmışdır. Buna görə iddiaçıya 57 yaşdan pensiya təyin edilə bilməsi üçün o, 01.01.2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. İddiaçın təqdim etdiyi sənədlərdə 04.02.1999- 02.11.2011-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi "xxxx" Kiçik Dövlət müəssisəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən iddiaçının 01.01.2006-cı ilə qədərki ümumi iş stajı 25 ildən az təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin a bəndinə əsasən işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Deməli, məhkəmə həmin dövrü iddiaçının ümumi iş stajına daxil etməklə qəbul etmişdir ki, həmin dövr üçün iddiaçı sosial sığorta edilməli idi, lakin edilməyib. Buna baxmayaraq məhkəmə tərəfindən bu faktın səbəbləri, iddiaçının həmin dövrlərdə, həqiqətən də, həmin müəssisədə işləmiş olub-olmaması, işləmiş olduğu halda 2011-ci ilə qədər işçilərin sosial sığortaya cəlb olunmaması səbəbi heç bir şəkildə araşdırılmamışdır. Bundan başqa, iddiaçının güzəştli iş satjı da mübahisəlidir. Belə ki, iddiaçının müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə işləmiş olduğu “quraşdırıcı zərgər” peşəsini AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “zərgər və bədii məmulatları qaralayanlar” (kod 2150700a-19553) peşəsi ilə eyniləşdirmişdir. Halbuki, Siyahıdakı həmin peşə metal emalı sahəsinə, qaynar üsulla metalın üzlənməsi bölməsinə aid olsa da, iddiaçı tərəfindən təqdim edilən arayışlarda iddiaçının iş yerlərinin həmin sahəyə aid olması öz təsdiqini tapmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 1999-2011-ci illər arası sığorta haqları ödənilməyib. Müəssisənin işlədiyi sübut olunmalıdır. 2006-2011-ci illər arası da sığorta haqları ödənilməyib 2006-cı ilə qədər 25 il stajı yoxdur. Xüsusi stajla bağlı isə peşələrin adları tam eynilik təşkil etmir. Sığorta kapitalı kifayət qədər deyil. Stajı əvvəlki qanunvericiliklə götürürlər. 57 yaşı 2017-ci ilin iyulun 1-dən sonra tamam olduğu üçün Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən yaşının tamam olduğu vaxta pensiya kapitalı da tələb olunur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, O, 15 fevral 1979-cu il tarixdən 25 aprel 1981-ci il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda quraşdırıcı zərgər işləmiş və 25 aprel 1981- ci il tarixdən 10 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər, 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər işləmişdir. Əmək kitabçasında 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011-ci il tarixədək "xxxx" kiçik müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər vəzifəsində işləməsi də qeyd olunmuşdur. O, 57 yaşı tamam olduğu 03 mart 2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun (iddiaçının) 1999 – 2011-ci illərdə işlədiyi "xxxx" kiçik dövlət müəssisəsi tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrləri sosial sığorta stajına aid etmək mümkün deyildir, bu səbəbdən onun ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən az təşkil edir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəf imtinanın əsası kimi ikinci dəlil kimi bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə onun işlədiyi “zərgər” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahıda əks olunan “metal emalı sahəsində qaynar üsulla metalın üzlənməsi bölməsində zərgər və bədii məmulatları qaralayanlar” peşəsinə aid olması müəyyən edilmir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş güzəştli arayışda aşağıdakılar bildirilmişdir: -İddiaçı həqiqətən əmək kitabçasına və arxiv sənədlərinə əsasən 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlərin Təmiri” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. 1 fevral 1989-cu il tarixdən həmin Zavod yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsi yaradılmışdır. İddiaçı 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 15 il 5 ay 18 gündür. "xxxx" ASC isə, “Zərgər” müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 1 iyul 2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işlərini aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL), eləcə də qaynaq işlərini aparmaq üçün benzindən istifadə etmiş, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarında emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcəsi üzrə iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir – zərgər quraşdırıcı, zərgər şəbəkəçi, zərgər sepçi, zərgər nəqqaş, zərgər bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatlara dair bəndində zərərli sahə kimi nəzərə alınaraq, 2150700a – 19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunvericiliyinin tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştlə yaşa görə təqaüdə çıxmaq hüququna malikdir. Cavabdehin imtinasında və apellyasiya şikayətində 01.01.2006-cı il tarixə iddiaçının ümumi iş stajının 25 ildən az olmasına istinad edir. Məhkəmə kollegiyası cavabdehin dəlllərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Beləliklə, iş materiallarında olan hərbi biletin və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Cavabdehin imtinasında və apellyasiya şikayətində iddiaçının 1999 – 2011-ci illərdə "xxxx" X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlllərini əsassız hesab edərək qeyd edir ki, 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri pensiya təyin olunması üçün (qanunla müəyyən edilmiş hallar istisna olmaqla) 1 yanvar 2002-ci il tarixədək əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əmək fəaliyyəti müddətinin daxil olunmamasını nəzərdə tutmur. Bundan başqa, Azərbaycan Respublikasının «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» 06 mart 2018-ci il tarixli Qanunu ilə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Odur ki, İddiaçı 04 fevral 1999- cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" X1 iş stajı onun əmək pensiyası təyin olunması üçün sosial sığorta stajına daxil edilməlidir. Həmçinin,İddiaçı 1999 – 2006-cı illərdə "xxxx" X2 işləməsi ona məxsus əmək kitabçası ilə təsdiqini tapır. Həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi sözügedən əmək kitabçası həmin hissədə mötəbər hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir (1999-2006-cı illər). Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən daxil olmuş 27.04.2021-ci il tarixli **********2 saylı məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 2006cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15073,72 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 3359,39 manat olmaqla, cəmi pensiya kapitalı 18433,11 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40444,00 manat məbləğində hesablanmışdır. Apellyasiya baxışı zamanı göndərilmiş məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 yanvar 2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, dövlət əmlakının Registrində qeydiyyata alınmış "xxxx" kiçik müəssisəsi 04.03.2001-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmişdir. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətindəki iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndakı kodla müəyyən edilmiş peşəyə aid olmaması barədə dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının işlədiyi peşəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XİV. Metal emalı” bölməsinin “7. Qaynar üsulla metalın üzlənməsi” bəndində 2150700a—19553 kodlu zərgər və bədii məmulatları qaralayanlar vəzifəsinə uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ACS-nin arayışında İddiaçı zərgərlik məmulatları və onların hissələrini məhz fərdi qaydada əl ilə və “qaynar üsulla qaynaq işləri” çərçivəsində hazırladığı vurğulanmışdır. Cavabdeh tərəfin bu halı (iddiaçının peşə xüsusiyyətləri üzrə) təkzib edən əks arqumenti olmadığından, məhkəmə iddiaçının işlədiyi “zərgər” peşəsinin AR Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda 2150700a – 19553 kodla nəzərdə tutulan peşə ilə eynilik təşkil etməsi qənaətinə gəlir və cavabdehin mübahisənin bu hissəsində mövqeyi ilə razılaşmır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (03.03.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (maddə 31.1, 32.1, 37.7) 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 03.03.2018-ci il tarixdən yarandığından, istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi tələbində də haqlı olmuşdur və bu hissədə də iddiaçının tələbini təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4360/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-167/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-167/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver