Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-167/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı, üçüncü şəxs Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillə təmin olunma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla İ qrup gözdən əlildir. İddiaçı İ qrup gözdən əlil kimi özü və iki nəfər qızı ilə birlikdə xx.xx.2009-cu il tarixdən mənzil növbəsindədir. Nəsimi Rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cü il tarixli sərəncamına əsasən xx.xx.2010-cu il tarixdən növbədənkənar mənzil alanların siyahısına keçirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edərək, mənzillə təmin olunmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli məktublarında bildirmişdir ki, hal-hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə bir otaqlı mənzillər olmadığından mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra birotaqlı mənzillə təmin edilməyinizə növbəlilik qaydasında baxılacaqdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda isə göstərilmişdir ki, 3 nəfər (siz və iki qızınız) ailə tərkibi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız qeyd edilmişdir. İki qızınız evli olduğu üçün və mövcud ailə tərkibiniz (özünüz) nəzərə alınmaqla Bakı şəhərində birotaqlı mənzillə təmin edilməyiniz nəzərdə tutulmuşdur. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra birotaqlı mənzillə təmin edilməyinizə növbəlilik qaydasında baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzillə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2009-cu ildən mənzil növbəsində olmasına baxmayaraq hələ də mənzillə təmin edilməmişdir. Dəfələrlə bu barədə cavabdehə müraciət etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə işi uzadılır, nəticədə mənzillə təmin edilmir. Ona birotaqlı mənzil verilməsində səbəb şifahi olaraq patronajı ilə eyni cinsli olması göstərilir. O, Bakı şəhərindən kənarda da mənzil almağa razıdır. Əsas xahişi odur ki, mənzillə təmin edilsin. İllər ərzində cavabdehin hərəkətsizliyi nəticəsində hüquqları pozulmuşdur və evsiz-eşiksiz qalmışdır Nəticə etibarilə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdehim imtinası əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci qrup əlil kimi 2010-cu ildən növbədənkənar mənzil alanların siyahısına keçirilmişdir, 13 ildir ki, mənzillə təmin edilməmişdir, məhkəmə cavabdehin 13 il ərzində olan hərəkətsizliyini qanunsuz hesab etməmişdir, halbuki bu uzun müddət ərzində cavabdehin balansında bir otaqlı mənzilin olmaması dəlili ağlabatan deyil. Dəfələrlə cavabdehin ona ünvanladığı məktublarda digər bir imtina səbəbi kimi guya Nazirliyin balansına bir otaqlı mənzillər verildikdən sonra bir otaqlı mənzillə təmin edilməsinə növbəlilik qaydasında baxılması ilə bağlı inzibati orqanın yanaşmasıdır, bu tamamilə absurddur və əsassızdır, bir halda ki, növbədənkənar qeydiyyata alınmışdırsa, hansı növbəlilikdən söhbət gedə bilər? Cavabdehin hərəkətsizliyi səbəbindən 13 ildir ki, mənzillə təmin olunmamışdır, hal-hazırda yaşamağa yeri yoxdur, çıxılmaz vəziyyətdədir, gözləri də həddindən artıq zəifdir, inzibati orqanı qeyri-müəyyən müddətə gözləməyə gücü qalmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “1-ci dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “iddiaçının birotaqlı mənzillə təmin olunması barədə qərar qəbul olunsa da, Nazirliyin balansında hazırda birotaqlı mənzillər olmadığından onun mənzil təminatının həyata keçirilməsinin mümkün olmaması, belə mənzillərin Nazirliyin balansına veriləcəyi təqdirdə tələbinin təmin olunacağı” səbəbindən tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublardan müəyyən edilir ki, iddiaçının iki qızı ailə qurduğundan onun özünə birotaqlı mənzil ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərində isə birotaqlı mənzil Nazirliyin balansında hal-hazırda yoxdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Fərmanların və Nazirlər Kabinetinin qərarlarının icrası 2021–2025-ci illər ərzində mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur və bu proses davam etdirilir. Hal-hazırda cavabdehin iddiaçının müraciətinin edilməməsi ilə bağlı hərəkətsizliyində hər hansı bir qanun pozuntusunun, iddiaçının hüquq və marağının pozulması halı müəyyən edilmir. Belə ki, cavabdehin imtinasının əsas kimi, Nazirliyin balansında bir otaqlı mənzilin olmamasını göstərmişdir. İddiaçı isə cavabdehin imtinasının qanunsuz olması, ona mənzilin verilməli olmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Hazırki işdə İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla İ qrup gözdən əlildir. İddiaçı İ qrup gözdən əlil kimi özü və iki nəfər qızı ilə birlikdə xx.xx.2009-cu il tarixdən mənzil növbəsindədir. Nəsimi Rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cü il tarixli sərəncamına əsasən xx.xx.2010-cu il tarixdən növbədənkənar mənzil alanların siyahısına keçirilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, Bakı və Sumqayıt şəhərləri üzrə inzibati orqanın balansında olan evlərin (mənzillərin) ünvanı, neçə ədəd evin (mənzilin) olması, otaqların sayı barədə sənədlərin (qeydiyyat jurnallarının), həmçinin xx.xx.1964-cü il təvəllüdlü İddiaçı növbədə neçənci sırada olması barədə məlumatın (sənədlərin) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış gözdən əlilliyi olan şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahıda İddiaçı 3 nəfər ailə tərkibi (özü və 2 qızı) ilə 6 iyul 2009-cu il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən Sərəncamının icrası çərçivəsində sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə vətəndaş İddiaçı Sosial Xidmətlər Agentliyinə (Agentlik) hər iki qızı ailəli olduğundan yalnız özünə aid sənədlər təqdim etmiş və İddiaçı Agentliyə təqdim etdiyi sənədlərə baxılaraq onun birotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edirlər ki, Abşeron rayon, Sumqayıt şəhər, habelə Bakı şəhərinin rayon icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərdən 230 nəfərinə bir otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur ki, onlardan da 24 nəfərinin uçota alınma tarixi İddiaçı növbəsinin tarixindən əvvəlki tarixlərə təsadüf edir. Hazırda Nazirliyin balansında Abşeron rayonu, habelə Bakı və Sumqayıt şəhərləri üzrə birotaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına birotaqlı mənzillər verildikdən sonra mənzil təminatına mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2689/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən növbədənkənar şəkildə birotaqlı mənzillə təmin edilən şəxslərlə bağlı bütün inzibati icraat materialları, həmçinin xx.xx.2020-ci il tarixdən bu günə qədər Agentliyin balansında olan mənzillər barədə (mənzillərin yerləşdiyi binaların ünvanı, neçə ədəd evin (mənzilin) olması, otaqların sayı barədə sənədlərin (qeydiyyat jurnallarının)) bütün inzibati icraat materialları), İddiaçı növbədə neçənci sırada olması barədə məlumat (sənədlər, siyahı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmış, qərardad icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Qərardadın icrası ilə bağlı cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubda qeyd edilmişdir ki, Abşeron rayon, Sumqayıt şəhər, habelə Bakı şəhərinin rayon icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərdən 230 nəfərinə bir otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur ki, onlardan da 24 nəfərinin uçota alınma tarixi İddiaçı növbəsinin tarixindən əvvəlki tarixlərə təsadüf edir. Yəni İddiaçı ümumi sıra nömrəsi 25-dir, lakin uçota alındığı Nəsimi rayonu üzrə mənzil verilmə növbəsi 1-dir, bir daha qeyd edirlər ki, hazırda Abşeron rayonu Pirəkeşkül ərazi dairəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Sabunçu rayonu Ramana və Maştağa qəsəbəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Yeni yaşayış kompleksi yerləşən ünvanlarda birotaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün deyildir. Nazirliyin balansına birotaqlı mənzillər verildikdən sonra mənzil təminatına mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Daha sonra cavabdeh inzibati orqana sorğu ünvanlanaraq İddiaçı ikiotaqlı mənzillə təmin edilməsinin mümkün olub-olmaması barədə, əgər təmin edilə bilməsi mümkün deyildirsə, bunun səbəbləri barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin Nazirlik tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bildirirlər ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 9 sentyabr 2021-ci il tarixli 4/816 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş gözdən əlilliyi olan şəxslərin siyahısında İddiaçı 3 nəfər ailə tərkibi (özü və 2 qızı) ilə 24 sentyabr 2010-cu il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən Sərəncamının icrası çərçivəsində sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə vətəndaş İddiaçı hər iki qızı ailəli olduğundan Agentliyə yalnız özünə aid sənədlər təqdim etmiş və həmin sənədlərə baxılaraq onun birotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildirirlər ki, İddiaçı övladları X3 daimi yaşayış yeri üzrə qeydiyyatı xx.xx.2011-ci il tarixindən ünvan 3 ünvanında, X2 qeydiyyatı isə 18.01,2021-ci il tarixindən ünvan 4 ünvanındadır və İddiaçı övladları L.Mədətova ilə M.Həşimovanın yaşayış sahəsi ilə təmin olunmamaları və ya yaşayış sahəsinə ehtiyacı olmaları ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin, vətəndaş tərəfindən təqdim edilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli MK 750 nömrəli arayışında “İddiaçı 03.2021-ci il tarixli M-6946 saylı Mənzil Alqı-Satqısı müqaviləsinə əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, AAAF Park” yaşayış massivində inşa edilmiş 12 saylı küçədə yerləşən 7 saylı binanın 12 saylı mənzilində qeydivyatsız faktiki olaraq yaşayır” sözləri qeyd edilmişdir. Həmin mənzilin hüquqi sahibi İddiaçı kürəkəni X5r. Belə ki, qeyd edilən alqı-satqı müqaviləsi "xxxx" MMC ilə vətəndaş M.Mədətov arasında bağlanmışdır. Onu da qeyd edirlər ki, hər ilin əvvəlində rayon (şəhər) icra hakimiyyətləri tərəfindən mənzil növbəsi siyahıları dəqiqləşdirilərkən (uçotda olan şəxslərin ailə tərkibində dəyişiklik edilməsi, vəfat etməsi, yşayış qeydiyyatını dəyişməsi, imtiyazını itirməsi və s.) İddiaçı İlə bərabər ailə üzvü qismində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xx.xx.2010-cu il tarixində uçota alınmış Leyla Mədətova və Minayə Həşimova daimi yaşayış yeri üzrə pasport qeydiyyatlarını Bakı şəhərinin digər rayonu ərazisinə dəyişdiklərindən onlar İddiaçı mənzil-uçot işində ailə tərkibindən çıxarılmalı idilər. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı ikiotaqlı mənzillə təmin edilməsi mümkün deyildir. Daha sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə və cavabdeh inzibati orqana eyni məzmunlu sorğularla müraciət edilərək işin obyektiv araşdırılması məqsədilə, 2010cu ildən sonrakı dövrdə İddiaçı ilə eyni statuslu şəxslərə 1 otaqlı mənzillərin verilibverilməməsi, verilmişdirsə, hansı şəxslərə verildiyi, həmin şəxslərin növbədə neçənci sırada olması barədə ətraflı məlumatın (inzibati icraat materiallarının) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Sorğuda qeyd olunan məsələ ilə əlaqədar bildirirlər ki, Agentlik imtiyazlı şəxslərin mənzil təminatını növbəlilik qaydasında həyata keçirdiyindən və hal-hazırda balansda 1 otaqlı mənzil olmadığı üçün İddiaçı ilə eyni statusa malik olan və 2010-cu ildən sonra növbəyə alınmış bu kateqoriyadan olan şəxslərə mənzil verilməmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, AzGƏC İctimai Birlikdir və mənzil fondu olmadığına görə üzvlərinin mənzil şəraiti ilə təmin edilməsi Cəmiyyətin səlahiyyətləri çərçivəsindən kənardır. Hal-hazırda (yaşayış yeri üzrə) müvafiq icra hakimiyyətində mənzil növbəsində olan gözdən əlil vətəndaşlar (ailələr) ƏƏSMN Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil şəraiti ilə təmin edilirlər. 2010-cu ildən sonra bir və iki otaqlı mənzil şəraiti (hal-hazırda) olmadığına görə növbəlik uçot sənədlərinə əsasən bir və ya iki otaqlı mənzilə ehtiyacı olan şəxslərə mənzil verilməmişdir. Sosial Xidmətlər Agentliyi tərəfindən bildirilir ki, hal-hazırda bir və iki otaqlı mənzillər olmadığı (tikilmədiyi və ya alınmadığı) üçün mənzil növbəsində olan bu vətəndaşların mənzil şəraiti ilə təmin edilməsi mümkün olmamışdır. Lakin adı şəkilən qurum tərəfindən yaxın gələcəkdə bu kateqoriyadan olan gözdən əlil mənzil növbəsidə olan vətəndaşlara mənzillərin verilməsi nəzərdə tutulduğu bildirilir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar gözdən əlil kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır. İş üzrə İddiaçı 1-ci qrup gözdən əlil şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər siyahısında 25-ci sıra nömrəsində, uçota alındığı Nəsimi rayonu üzrə mənzil verilmə növbəsində isə 1-ci olsa da, bu hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və əsassız olaraq iddiaçının mənzillə təmin edilmə öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlarla bağlı apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli və İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-167/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-167/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver