Məhkəmə qərarları › İş №2-1(103)-1670/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1670/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1670/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və Kamran Hüseyn oğlu Əkbərov ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavadehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “qərarının ləğv edilməsi və “ƏDVnin yekun məbləği barədə müvəkkil banka məlumat verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14350/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 15-ci mərtəbə, 5 №-li 1 otaqlı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Kapital Bank ASC-nin Binəqədi filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin iddia tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etmişdir. Müvafiq qaydada MTK-da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada Dövlət Vergi Xidmətinə hesabat verilməsi barədə ərizə cavablandırılmışdır. Bununla da, tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Bundan başqa həmin Qaydanın 5.1-ci bəndinə əsasən “Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabineti yaradır, elektron kabinet vasitəsi ilə müraciətini və sənədləri skan edərək portala göndərir”. Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanunun 15.1-ci maddəsinə görə “ Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz”. Göründüyü kimi cavabdeh formal tələblərə əsaslanaraq imtina qərarı vermişdir. Belə ki, ödənilmiş ƏDV məbləği tam şəkildə Dövlət büdcəsinə köçürülmüşdür. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi heç bir halda imtina üçün əsas ola bilməz. Cavabdeh iddiaya dair etirazla müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14350/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş edilmişdir. Müvafiq qaydada MTK-da öz tərəfindən ƏDV məbləğini ödəmiş, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada Dövlət Vergi Xidmətinə hesabat verilməsi barədə ərizə cavablandırılmışdır. Bununla da, tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəb barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur.İddiaçı inzibati orqanın üzərinə ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 5ci binasında, 5-ci blok, 16-cı mərtəbə, 6 nömrəli, iki otaqlı olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASCnin baş ofisi (Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. -1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. -2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır. -2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. -2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. (bundan sonra – Dövlət Vergi Xidməti). -2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. 3.1-ci bəndinə əsasən operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; -5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: -5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. -5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. -5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. -5.8-ci bəndinə əsasən qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

6. Keçid müddəası 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2-ci bəndinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

İddiaçı 09 sentyabr 2022-ci il tarixli 0493 №-li Payçı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi 81975 (səksən bir min doqquz yüz yetmiş beş) manat dəyərində ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3cü blok, 15-ci mərtəbə, 5 №-li, 1 otaqlı mənzili almışdır. İddiaçı tərəfindən Mənzil Tikinti Kooperativinə, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 45975 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödəniş olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”-na istinad edərək, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı 23 sentyabr 2024-cü il tarixli **********633100 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni 09 sentyabr 2022-ci il tarixdə bağladığından hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. İşin mübahisələndirilməyən halıdır ki, həm ilkin ödəniş kimi ödənilən 45975 manat, həm sonrakı aylıq ödənişlər bütövlükdə (ƏDV məbləği də daxil olmaqla) satıcının ("xxxx" MTK-nın) bank hesabına ödənilmişdir Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Qaydalar 2022-ci ilin may ayında qəbul olunsa da, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes.qov.az/eportal/az/loqin/) xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. Göründüyü kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 25 may 2022-ci il tarixdə qüvvəyə minsə də, alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda Qaydanın qüvvəyə minməsindən sonra texniki imkanların mövcudluğu məsələsinə aydınlıq gətirilməlidir. Lakin hazırkı iş üzrə bunun aydınlaşdırılmasına ona görə əsas yoxdur ki, iddiaçı tərəfindən aparılmış sonuncu ödəniş portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-nin qismən əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDVnin əvəzləşdirilməsini təsbit etmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödəniş Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdirir ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-477/2025 №-li, xx.xx.2025-ci il tarixli, 2- 1(102)-667/2025 №-li, xx.xx.2025-ci il tarixli qərarları). Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının düzgün tətbiqi ilə qəbul edildiyindən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14350/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Nigar Nəbizadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar