Məhkəmə qərarları › İş №2-1(103)-1671/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1671/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1671/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə ünvan 1ində anadan olmuş, Ağdam rayonu, Əlimədədli kəndi ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: “xxxx” QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər “xxxx” QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İİİ yeni (Bənövşəyi) xəttinin çəkilişi ilə əlaqədar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı onun Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evinin (sənədlərdə “A” tikilisi, ümumi sahəsi 141.76. kv.m) və hüquqi varisi olduğu mərhum anası X3 məxsus olan evin (sənədlərdə “C” tikilisi, ümumi sahəsi 78.30 kv.m qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyaclarına görə alınması üçün: kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar qiymətləndirilmə meyarı müəyyən edilərkən iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndirmə obyektinin analoquna uyğun olaraq yaşayış evinin hər kv.m-i 850 manat məbləğində müəyyən edilməsi; 15 kv.m zirzəmiyə görə (15 kv.m ₓ 200 manat = 3000) 3000 manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 (min iki yüz) manat, sökülən 16 kv.m hasara görə (16 kv.m ₓ 50 manat= 800 manat) 800 manat, sənədlərdə “A” tikilisi kimi qeyd olunan yaşayış evinin dəyərinin (141.76 kv.m ₓ 850 manat = 120.496 manat + 20 faiz) 144595 manat, sənədlərdə “C” tikilisi kimi qeyd olunan yaşayış evinin dəyərinin (78.30 kv.m ₓ 850= 66.555 manat + 20 faizi) 79.866 manat, sənədlərdə “A” və “C” tikilisi kimi qeyd olunan hər iki tikilinin, zirzəminin, 20 ədəd ağacın, sökülən 16 kv.m hasarın cəmi dəyərinin (79.866+120.496+3000+1200+800) 205.428 manat olduğu nəzərə alınaraq yaşayış evinin ödənilməyən hissəsi olan (205.428 manat - 154.710 manat) 50.718 manat məbləğində pulun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən məcbur alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ermənilər Ağdam rayonunu işğal etdikdən sonra o və ailə üzvləri məcburi köçkün olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış sahəsində məskunlaşmışlar. Qonşuluqlarında isə Ağdam rayonundan məcburi köçkün X10 ailəsi ilə birlikdə yaşayır. Mərhum anası X5 da onların qonşuluqlarında yaşayıb. “xxxxnin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “xxxx Xətlərinin X11” və “xxxxnin 2011-2015- ci illərdə inkişafına dair Dövlət Proqramı”nda İİİ Yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-2, B-3, B-4 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmiryol xəttinin layihələndirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamla 23.7 ha torpaq sahəsinə bitişik 2466 ha torpaq sahəsi “xxxx” QSCnin daimi istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin müavinin xx.xx.2016-cı il tarixli, 17/3800 – 12 saylı məktubuna əsasən köçürülməsi nəzərdə tutulan evlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinin bank hesabına 4368758.0 manat vəsait keçirilmişdir. Binəqədi rayonu Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən və mərhum anası X3 məxsus olan fərdi yaşayış evinin (sənədlərdə “C” tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar X5 ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən alınıb və hazırda sökülüb. Mərhum anası X5 ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 16 saylı müqaviləyə əsasən 318.43 kv.m sahəyə görə 154710 manat pul kompensasiya kimi ona ödənilib. X5 sözügedən müqavilə imzalandıqdan və kompensasiya məbləğini aldıqdan bir müddət sonra, xx.xx.2017-ci il tarixdə vəfat edib. X8 məxsus ev də (sənədlərdə “B” tikilisi) Zərifə Allahverdiyevaya məxsus köməkçi sahə kimi göstərilərək söküləcək evlərin siyahısına salınıb, amma həmin ev sökülməyib. Çünki, həmin ev tikilən tuneldən təhlükəsiz məsafədə yerləşir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3886/2018 saylı qərarına əsasən X8 məxsus ev Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılıb. Həmin qərar qanuni qüvvəsini alıb. Ona məxsus “A” tikilisinin bir hissəsi hazırda sökülüb. Müqavilə ilə əlaqədar danışıqlar və yerində baxış keçirilən zaman məsul şəxslər tərəfindən ona deyilirdi ki, ona və X8 məxsus evlər sökülməyəcək. Lakin, müqavilə imzalandıqdan sonra onlara bildirildi ki, müqavilədə yalnız X3 və onunla bir evdə yaşayan qardaşına məxsus ev deyil, ona və X8 məxsus evlər də qeyd olunub, ona görə də, evləri sökülməlidir. Onlar birinci vitse-prezidentə müraciət etdikdən sonra söküntü dayandırılmışdır. Lakin, yenə də evləri sökəcəkləri ilə, yaşadıqları evin işığını, suyunu, qazını kəsəcəkləri ilə onları hədələməkdə davam edir və hər dəfə mərhum anası ilə bağlanan müqaviləyə istinad edirlər. Halbuki, həmin müqavilədə qeyd olunanları o, indi də oxuya bilmir. Hərflər o qədər xırda yazılıb ki, orada yazılanları böyüdücü olmadan oxumaq mümkün deyildir. “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanan K/111 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması” ilə bağlı tərtib olunan hesabatda xxxxnin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal” sahəsi ünvanda yerləşən və sənədlərdə yalnız onun mərhum anası X3 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 128925.00 manat məbləğində müəyyən edilib. Həmin bazar dəyərinin hansı meyara əsasən müəyyən olunduğu hesabatdan məlum olmur. Belə ki, hesabatda qeyd olunub ki, “qiymətləndirici qiymətləndirilən obyektə uyğun olan obyektlərin satışlar bazarında faktiki baş tutmuş alğı-satqılar haqqında məlumat toplaya bilmədi”. Buna baxmayaraq qiymətləndirici “bu tipli evlərin satış qiymətlərini” təhlil edərək X3 aid yaşayış evinin 1 kv.m 500 manat, həyət tikililərinin 1 kv.m 300 manat qiymətləndirilib. Bu qiymətləndirmə yanlışdır və kompensasiyanın ödənilməsi zamanı əsas kimi qəbul edilə bilməz. Eyni məqsədlə, eyni obyekt barəsində və təxminən eyni vaxtda “xxxx” MMC tərəfindən hazırlanan analoji hesabata tam fərqli qiymətləndirmə müəyyən edilib. Belə ki, həmin hesabatda əsasən ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) ümumi sahəsi 141.76 kv.m, X8 məxsus evin (sənədlərdə “B” tikilisi) sahəsi 98.73 kv.m mərhum anası X3 məxsus evin (sənədlərdə “C” tikilisi) sahəsi isə 78.3 kv.m-dir. Bu halda, həmin üç evin ümumi sahəsi sənədlərdə 318.43 kv.m kimi qeyd olunub. “xxxx” MMC tərəfindən hazırlanan analoji hesabatda X3 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 307200 manat məbləğində olduğu müəyyən edilib. Bu məbləğin üstünə 20 faiz əlavə edilsə (61.440 manat) bu halda, həmin obyektə görə yuxarıda qeyd olunduğu kimi 154710 əvəzinə 368.640 manat kompensasiya ödənilməlidir. Lakin, cavabdeh tərəf onu aldadaraq, X8 məxsus evi də daxil etməklə ona müqavilə imzalatdırıblar ki, guya o, təkcə anasına məxsus evi deyil, özünə və qonşu X8 məxsus evi buna heç bir hüququ olmadan satmışdır. Halbuki, X8 məxsus ev ümumiyyətlə sökülməli deyildir. Hesabatın saxtakarlığını sübut edən məqamlardan biri də odur ki, Sevinc Məmmədovanın evi sənədlərdə həyət tikilisi kimi qeyd olunub, lakin bu ayrıca girişi olan yaşayış evidir. Bu ev sökülmədiyi üçün yerində baxış keçirməklə onun həyət tikilisi olmadığını, hesabatın isə saxtakarlıqla tərtib edildiyini sübut etmək çox rahatdır. Mərhum anası X3 məxsus ev də (sənədlərdə “C” tikilisi) sənədlərdə həyət tikilisi kimi qeyd olunub. Lakin, o da yaşayış evi olub və bu xüsusat qarşı tərəfi təmsil edən ekspertlərdən ibarət komissiya üzvlərinin çəkdikləri fotoşəkillərlə təsdiq olunur. 2016-cı ilin iyul ayında dəvət olunmuş ekspert qrupunun nümayəndələrinin iştirakı ilə həqiqətən onun evinə baxış keçirilib, evin eskizi tərtib edilərək müvafiq akt yazılıb və evin şəkilləri çəkilərək işə əlavə olunub. Lakin, o zaman tərtib olunan sənədlərin surətləri ona təqdim edilməmişdir. O zaman o, evi barədə tərtib edilmiş bütün sənədlərin surətlərini tələb etməsinə baxmayaraq, həmin sənədlərin surətlərini ona verməkdən imtina etmişlər. Həmin vaxtı onunla qanunla nəzərdə tutulan qaydada müqavilə bağlanmamışdır. İndi Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri iddia edir ki, guya o, qaçqın kimi hökumətdən ev almaq məqsədi ilə öz evini də anasına məxsus ev kimi təqdim etmişdir. Bu absurd iddiadır. Yerində baxış keçirən komissiya üzvləri bu evlərin girişlərinin ayrı olduğunu, hər evdə yaşayış olduğunu müşahidə etsələr də, sənədləşməni düzgün aparmayıblar. Digər tərəfdən, yaşayış olan evin guya həyət tikilisi kimi təqdim edilməsində onların heç bir maraqları ola bilməzdi. Onun evinə görə verilən kompensasiyanın məbləği evin faktiki qiymətindən və qanunla müəyyən edilmiş məbləğdən az olduğu üçün evinin dövlət ehtiyacı üçün alınması üçün əlavə kompensasiya verilməsi vacibdir. Hesab edir ki, qiymətləndirmə düzgün meyarlar əsasında müəyyən edilməlidir. Qiymətləndirilən əmlakın bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə obyektinin analoqu kimi oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan və qiymətləndirmə obyekti ilə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən başqa bir obyektlə müqayisə bu halda məqsədəmüvafiq olardı. Oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionunun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün (hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri və torpaq sahələri) dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirməni əsas kimi götürməklə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən obyektləri Xocəsəndəki obyektlərin analoqu kimi götürməklə kompensasiyanın verilməsi üçün daha düzgün meyarlara əsaslanmaq mümkündür. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1830/2014 saylı, xx.xx.2014-cü il tarixli hazırda qanuni qüvvədə olan Qərarına əsasən müəyyən olunur ki, Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionunun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən yaşayış evlərinin 1 kv.m sahəsinə 850 manatdan, xidməti tikililər üçün hər kv.m 600 manat, zirzəmi hər kv.m 200 manatdan, daş hasar üçün hər kv.m 50 manatdan hesablanıb. Bu halda, qiymətləndirilmə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndirmə obyektinin analoquna uyğun aparıldıqda ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) dəyəri (141.76 kv.m ₓ 850 manat = 120.496 manat + 20 faiz) 144.595 manatdır. Mərhum anası X3 məxsus evin (sənədlərdə “C” tikilisi) dəyəri isə (78.30 kv.m ₓ 850= 66.555 manat = 20 faiz) 79.866 manatdır. Bundan əlavə, “A” tikilisində yerləşən 15 kv.m zirzəmiyə görə (15 kv.m ₓ 200 manat = 3000 manat) 3000 manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 manat, sökülən 16 kv.m hasara görə (16 ₓ 50 manat) 800 manat kompensasiya ödənilməlidir. Bu halda, o, (79.866+120.496=200.428- 154.710) əlavə olaraq 50.718 manat məbləğində əlavə kompensasiya almalıdır. Kompensasiyanın ödəniməsi ilə bağlı tərəfindən cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziya məktubuna 40N-K/5-145 saylı, xx xxx 2019-cu il tarixli imtina məktubu almışdır. Həmin imtina məktubuna əsasən cavabdeh bildirir ki, kompensasiya məbləğinin hesablanması və artırılması onun səlahiyyətlərinə aid deyil. Bununla əlaqədar “xxxx” QSC cavabdeh kimi müəyyən edilərək tərəfindən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi cavabdehi dəyişərək əsl cavabdehlə əvəz etmək barədə tövsiyə versə də, onlar bu təklifi qəbul etməyərək torpağı alan orqan kimi “xxxx” QSC-nin cavabdeh kimi tanınmasında israrlı olsa da, apellyasiya instansiya məhkəməsində qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2740/2019 sayıl qərardada əsasən iddia mümkün sayılmayıb. Həmin qərardadın mətnindən çıxan mənaya görə bu iş üzrə cavabdeh müqavilə bağlayan tərəf olmalıdır. Həmin məhkəmə aktları göstərilən məhkəmə prosesində üçüncü tərəf kimi iştirak edən Binəqədi rayon İcra Hakimiyyətinə təqdim edilib. Bundan sonra xx.xx.2020-ci il tarixli məktubla yenidən cavabdehə müraciət etmişdir. Binəqədi rayon İcra hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 02/03/11-11/09-16-152 saylı imtina məktubuna əsasən əlavə kompensasiyanın ödənilməsi ilə bağlı ona aidiyyəti üzrə “xxxx” QSC-nə müraciət olunması tövsiyyə olunub. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə o anasına məxsus olduğu evdən başqa evinin olmasını sübut etməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin heç biri işin faktiki hallarına uyğun deyildir və yalnız hakimin subyektiv mülahizələrinə əsaslanır.Alqı-satqı müqaviləsi məhkəmədə mübahisələndirilmişdir, lakin Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan qərardadına əsasən anasının vəfatı ilə əlaqədar iş üzrə xitam verilmişdir.İddia ərizəsində qeyd olunanlara əsasən ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) ümumi sahəsi 141.6 kv.m, X8 məxsus evin (sənədlərdə “B” tikilisi) sahəsi 98.7 kv.m, mərhum anası X3 məxsus evin (sənədlərdə “C” tikilisi) sahəsi isə 78.30 kv.m-dir. Bu halda onun guya anasına məxsus sahəsi 78,30 kv.m olan evin sahəsinin 318,43 kv.m olduğunu və həmin evdə ailə üzvü kimi yaşadığını iddia etməsi barədə qərardadda yazılanlar tamamilə absurddur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etdilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının – Bakı şəh., Binəqədi ray., Xocəsən yaşayış massivi ünvanına göndərilmiş məhkəmə bildirişi – “imtina edilib” qeydi ilə, Bakı şəh., Ü.Bünyadzadə küç., ev 17a ünvanına göndərilmiş məhkəmə bildirişi isə “ünvan tam deyil” qeydi ilə geri qayıtmışdır. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslərin nümayəndləri ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - X5 ilə Binəqədi rayon İcra Hakimiyyəti adından X12 arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayon İcra Hakimiyyəti şəxsində Nazirlər Kabinetinin 158 saylı, xx.xx.2013-cü il tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə uzun müddətdir istifadəsində olan xx.xx.2016-cı il tarixdə, 212 saylı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 318.43 k.mdən ibarət fərdi yaşayış evindən Xocəsən Avtovağzal arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəfindən xeyrinə imtina etmişdi. Yaşayış sahəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama əsasən birinci tərəfin istifadəsində olmuş, müqavilə bağlananadək yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdır. Birinci tərəf 154 710 (bir yüz əlli dövr min yeddi yüz on) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən ikinci tərəfindən xeyrinə imtina etmişdir. İkinci tərəf həmin müqavilədə göstərilən məbləğdə kompensasiyanın “xxxx” ASC-nin Binəqədi rayon filialında açılmış tranzit hesab vasitəsilə birinci tərəfə ödəmiş, bununla bağlı birinci tərəf ödəniş tapşırığını qəbul etmişdir. - Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2011-ci il tarixli, 1408 saylı “xxxxnin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş “xxxx Xətlərinin Konseptual inkişaf Sxemi” ilə “xxxxnin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı”na uyğun olaraq, İİİ yeni (Bənövşəyi) xəttinə aid, Ceyhun Səlimov küçəsində inşa edilən “B-3” stansiyası 2017-ci ilin buraxılış obyektləri siyahısına daxil olmuşdur. Stansiyanın istismara verilməsi və qatarların normal hərəkətinin təmin olunması üçün isə “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi tələb olunmuş, hər iki obyekt üzrə tikinti işlərinin aparılması orada inşa edilmiş məcburi köçkünlərə, yerli sakinlərə məxsus fərdi yaşayış evləri və bir obyekt mane olmuşdur. “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə təzminatın ödənilməsi Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifovun xx.xx.2016-cı il tarixli, 17/2625-12 nömrəli tapşırığına uyğun olaraq cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən müəyyən olunmuş aşağıda göstərilən kompensasiya məbləğləri Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi üçün hesablanmış ümumi kompensasiya məbləği – 3 6000 801.0 manat, o cümlədən, məcburi köçkünlərə məxsus 33 ədəd fərdi yaşayış evləri üçün – 2 014 851.0 manat, yerli sakinlərə məxsus 28 ədəd fərdi yaşayış evləri üçün – 1 585 950.0 təşkil etmişdir. “Xocəsən” elektrik deposuna çəkiləcək dəmir yolu xəttinin layihəsi altına düşən fərdi yaşayış evləri və bir obyekt (“xxxx” MMC)-də, müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş, kompensasiya məbləği Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Dəmir yolu xəttinin layihəsi altına düşən fərdi yaşayış evləri və bir obyekt üçün hesablanmış ümumi kompensasiya məbləği 767 957.0 manat, o cümlədən, məcburi köçkünlərə məxsus 2 ədəd fərdi yaşayış evləri üçün – 189 125.0 manat, yerli sakinlərə məxsus 2 ədəd fərdi yaşayış evləri üçün -216 398.09 manat, bir obyekt (“xxxx” MMC) üçün – 362 434.0 manat təşkil etmişdir. Fərdi yaşayış evlərinə hesablanmış kompensasiyaların ödənilərək, ərazidən köçürülməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən xxxxnin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal” sahəsi ünvanda yerləşən, X3 aid daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi xx xxxx 2016-cı il tarixinə aparılmışdır və qiymətləndirmə tarixi ilə üst-üstə düşmüşdür. MMCnin sərəncamında olan məlumatların təhlilinin nəticəsinə əsasən qiymətləndirilən daşınmaz əmlakın bazar dəyəri məhdudlaşdırıcı şərtlər və edilmiş ehtimallar, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) tələbləri və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarilxi, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20 % əlavə olunmaqla layihənin tikinti sahəsinə düşən daşınmaz əmlak üçün kompensasiya məbləği – 154710.00 manat təyin olunmuşdur. - Hesabata əlavə edilmiş, sxemə əsasən “A” tikilisi – 141.76 kv.m; “B” tikilisi – 98.37 kv.m; “C” tikilisi – 78.3 kv m., ümumilikdə - 318 kv. metr təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-3120/2019 saylı qərardadı ilə (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6181/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi “X2 Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, X2 Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2740/2019 saylı qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) İddiaçı cavabdeh “xxxx” QSC-yə, üçüncü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyasının ödənilməsi barədə inzibati iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2823/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi “A” və “C” tikililəri üzrə kompensasiya məbləğinin ödənilməsi təşkil edir. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatına əlavə edilmiş sxemlə “A”, “B” və “C” tikililərinin ümumi sahəsinin 318 kv. metr təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, X5 ilə Binəqədi rayon İcra Hakimiyyəti adından X12 arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqavilə ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 318.43 k.mdən ibarət fərdi yaşayış evindən birinci tərəf 154 710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən ikinci tərəfindən xeyrinə imtina etmiş, ikinci tərəf həmin müqavilədə göstərilən məbləğdə kompensasiyanın “xxxx” ASC-nin Binəqədi rayon filialında açılmış tranzit hesab vasitəsilə birinci tərəfə ödəmiş, bununla bağlı birinci tərəf ödəniş tapşırığını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş № TT2779835, xx.xx.2016-cı il tarixli kassa məxaric orderinə əsasən 154710,00 AZN Xocasən Avtovağzal mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə kompensasiya X4 etibarnaməsi əsasında İddiaçı ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən “A” və “C” tikililərinin də daxil olduğu ümumi sahəsi 318.43 kv.m-dən ibarət olan tikililərlə bağlı iddiaçının mərhum anası ilə cavabdeh arasında müqavilə bağlanmış və iddiaçı qeyd edilən məbləği almışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ödənilmiş kompensasiya məbləği ilə razı olmadığı təqdirdə və ya əlavə kompensasiya ödənilməsini tələb etdiyi halda, ilk növbədə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı inzibati icraat qaydasında baxılmalı olan iddia tələbi mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar