Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1671/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək pensiyasınıln yenidən hesablanması»na dair iddia dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı «iş illərinin sığorta stajına daxil edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 avqust 1954-cü il tarixdə Masallı rayonunda doğulmuşdur, 1971 – 1976-cı illərdə Texniki Universitetdə təhsil almış, hərbi xidmətdən sonra 1 iyun 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 19 mart 2018-ci il tarixdə 42 il (təhsil və hərbi xidmət dövrü ilə birlikdə 47 il) təqvim günü ilə əmək fəaliyyətindən sonra AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqaüdə çıxmışdır. Əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1 iyun 1976-cı il tarixdən 30 dekabr 1977-ci il tarixədək X2 İdarəsində çilingər, 30 dekabr 1977-ci il tarixdən 1 yanvar 1979-cu il tarixədək həmin İdarədə böyük növbətçi, 1 yanvar 1979-cu il tarixdən 1 aprel 1979-cu il tarixədək İdarədə istismar rəisi vəzifəsi vəzifəsini icra etmiş və 1 aprel 1979-cu il tarixdə həmin vəzifəyə təyin olunmuşdur, 1 yanvar 1981-ci il tarixdə struktur islahatları aparılaraq İdarənin adı Azneft İB Qaradağneft NQÇİ X2 İdarəsi adlandırılmışdır. 24 sentyabr 1984-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 8 oktyabr 1984-cü il tarixdən 9 mart 1987-ci il tarixədək Ticarət Nazirliyinin 3 saylı Xüsusiləşdirilmiş bazasında avtodəstə rəisi, 9 mart 1987-ci il tarixdən 28 dekabr 1999-cu il tarixədək Ticarət Nazirliyinin Qarışıq Mallar İdarəsində avtodəstə rəisi, 28 dekabr 1999-cu il tarixdə həmin X4 Nazirliyinin tabeliyinə verilmiş və o (iddiaçı), həmin qurumda fəaliyyətini davam etdirib əmək haqqı almış və onun maaşından sosial sıorta haqları tutulmuşdur, 1 fevral 2002-ci il tarixdən 13 aprel 2011-ci il tarixədək Ə.C.Əmirov adına NQÇİ Xüsusi texnika sexində mühəndis, 14 aprel 2011-ci il tarixdən ARDNŞ Azneft İB Qobustan Nəqliyyat İdarəsində 2 saylı Xüsusi texnika sexində rəis müavini, 11 dekabr 2012-ci il tarixdən 17 fevarl 2014-cü il tarixədək ARDNŞ Azneft İB Bibiheybət İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin 2 saylı Xüsusi texnika sexində rəis müavini, 18 fevral 2014-cü il tarixdən 31 iyul 2014-cü il tarixədək ARDNŞ Nəqliyyat Departamentinin 7 saylı Texnoloji nəqliyyat bölməsinin 2 saylı Xüsusi texnika sexində rəis müavini, 1 avqust 2014-cü il tarixdən 19 mart 2018-ci il tarixədək ARDNŞ Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı Xüsusi texnika sexində rəis müavini vəzifələrində işləmiş, 19 mart 2018-ci il tarixdən isə yaşa əmək pensiyasına çıxmışdır. O, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş və 28 dekabr 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək işlədiyi dövrün ona əmək pensiyası təyin olunarkən nəzərə alınmaqla həmin dövrlərin də onun iş stajına daxil olunmasını xahiş etmişdir. Belə ki, o, həmin dövrlərdə Dövlət Əmlak Komitəsinin İstehsal və Təsərrüfat İdarəsində, həmin İdarə ləğv olunduqdan sonra isə, Komitənin Ticarət və Xidmət Müəssisə və X1 Mərkəzində işləmiş, maddi-məsul şəxs kimi adında əmlaklar olmuş və bu əmlaklara görə cavabdehlik daşımışdır. Həmin əmlakların mühafizəsi ilə bağlı üzərinə qoyulmuş öhdəlikləri icra etmiş, əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi qurum dövlət təşkilatı olmuş, həmin İdarədə işləyərkən büdcədən maaş almış və əmək haqqından sosial sığorta haqları ödəmişdir. Bu barədə arxivdə məlumatlar saxlanılır və əmək kitabçasında da müvafiq qeydlər var. Buna baxmayaraq, həmin dövr üzrə sosial sığorta stajı qanunsuz olaraq nəzərə alınmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 17, 19-cu maddələrinə, İPM-in 45, 46-cı maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 4.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 1.1, 3.1.1-ci bəndlərinə əsaslanaraq, 28 dekabr 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək pensiyasının yenidən hesablanması»na dair iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olmaqla inzibati orqan hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin əsaslı hesab edilib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün mümkünlük şərtlərinin olmadığını bildirdi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, formalaşmış inzibati praktikaya görə vətəndaşlara əmək pensiyalarının təyin edilməsi və ödənilməsi DSMF-nin özünün yox, aidiyyəti yerli qurumunun səlahiyyətlərindədir. Ona görə də hazırki iddia tələbinə cavab verməli orqan DSMF deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPm-nin 13-cü maddəsinə əsasən iddiaçıya yardım edilmiş, nəticədə iddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın “iddiaçının 20 aprel 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək müddətin iş sajına daxil edilməsi, eləcə də ona iş stajı və pensiya kapitalına uyğun əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmiş, cavabdehin məhz Dövlət Sosial Müdafiə Fondu qalması tələbində israrlı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini qismən təmin edərək, iddianı “20 aprel 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək işlədiyi müddət sığorta stajına daxil edilməklə iddianın əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul etmişdir. İş materiallarının 45-ci səhifəsində olan iddiaçının məhkəməyə ünvanladığı ərizədən də görünür ki, iddiaçı cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik normaları məsələnin bu xüsusatını üzrə konkret müddəa müəyyən etməsə də, formalaşmış inzibati praktikaya görə vətəndaşlara əmək pensiyalarının təyin edilməsi və ödənilməsi DSMF-nin özünün yox, aidiyyəti yerli qurumunun səlahiyyətlərindədir. Hazırkı iddiaçı isə, birinci instansiya məhkəməsi tərəfindən ona İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilsə də, iddia ərizəsində iş üzrə cavabdeh kimi göstərdiyi Dövlət Sosial Müdafiə Fondunun onun yerli qurumu ilə dəyişdirilməməsində israrlı olduğunu göstərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona əmək pensiyasının yenidən hesablanması tələbi üzrə hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmiş və nəyə görə onun iddiası üzrə cavab verməli orqanın Dövlət Sosial Müdafiə Fondu olmasını əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1671/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1671/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver