Məhkəmə qərarları › İş №2-1(103)-1671/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1671/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1671/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhər icra Hakimiyyəti, "xxxx" MTK) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5351/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 33 ünvanında yerləşən binanın 1- ci mərtəbəsində 100 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2-1(112)-5351/2021 saylı nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyi layihədəki binanın konturundan 5 metr çöldədir, qeyriyaşayış sahəsinin ümumi sahəsi 89,0 kv.m-dir, həmin 89,0 kv.m sahənin 28,7 kv.m hissəsi isə binanın konturundan çöldə yerləşməklə layihədə öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən cavabdehin imtinası əsaslıdır. Bu baxımdan iddia əsassız hesab edilməli və təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********39 saylı imtina bildirişində qeyd edilir: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, təqdim olunmuş razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda qeyri-yaşayış sahəsinin bir hissəsi binanın konturundan kənarda yerləşir. Həmçinin, 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi olması X4 qeyd edilmədiyindən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 417 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı MTK-ya məxsus ünvan 2 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının həyətində giriş 4 ümumi sahəsi 100 kv.m qeyri- yaşayış tam payı dəyəri ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 417 nömrəli protokoldan Çıxarışın surətindən görünür ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul olunmaqla, MTK-nın ünvan 3 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının 4-cü giriş 1-ci mərtəbəsində ünvan sahəsi 100 kv.m qeyri yaşayışın payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi T.Ə.Məmmədov və X1 müdiri tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, ərizəçi İddiaçı ərizəsi əsasında ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi sənəd üzrə 100 kv.m, faktiki 89 kv.m təşkil edir, qeyri-yaşayış sahəsi təqdim olunmuş razılaşdırılmış layihəyə uyğun deyil, qeyri yaşayış sahəsinin yerləşmə mövqeyi təqdim olunmuş layihədəki binanın konturundan 5 metr (təqribən) çöldədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müvafiq məlumatların və sənədlərin surətinin verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Habelə nəzərinizə çatdırırıq ki, sözügedən tikili ilə bağlı təqdim edilən razılaşdırılmış layihə İdarənin arxivində saxlanılmamışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunan məlumatlara əsasən qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyi təqdim olunmuş layihədəki binanın konturundan 5 metr (təqribən) çöldədir. Ümumi sahəsi 89,0 kv.m olan əmlakın 28,7 kv.m olan hissəsi binanın konturundan çöldə yerləşməklə layihədə öz əksini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş xx.xx.2019-cu il tarixli 078 nömrəli istismara icazə sənədinin surətindən görünür ki, ünvan 4 ünvanında "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasının istismarına icazə verilmişdir (Tikinti obyekti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 33; 8 girişli, 16 (+mansarda) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış, 2 səviyyəli zirzəmili yaşayış binaları) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin xx.xx.2005-ci il tarixli 3461 nömrəli tikinti işlərinin aparılması üçün “İcazə Sənədi” əsasında səlahiyyətli orqanlarla razılaşdırılmış layihə ilə inşa olunduğundan xx.xx.2019-cu il tarixdə həmin tikilinin istismara hazırlığı barədə rəy verilmişdir. Bundan sonra Fövqaladə Hallar Nazirliyinin və aidiyyəti dövlət təşkilatları tərəfindən müvafiq yoxlamalar və ekspertizalar aparılaraq müsbət rəylər verildiyindən bu işlərin yekunu olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının AKT”na əsasən ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. AR “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları göstərilmişdir. Həmin Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil- tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1671/2022 saylı qərardadla tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1671/2022 saylı qərardadında qoyulmuş suallarla bağlı ekspert (mütəxəssis) rəyində göstərilmişdir : X4 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin kordinatları ilə həmin kompleksin tərkib hissəsi olan İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki yerləşmə koordinantları arasında fərq yoxdur (sxem rəyə əlavə olunur). Qeyd olunur ki, surəti “Simurğ” Mənzil Tikiti Kooperativi tərəfindən təsdiq olunmuş 1-ci və tipik mərtəbənin planından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 33 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasını, blok 4, 1-ci mərtəbədə 3-4 oxları ilə В-D oxlarının kəsişməsində yerləşən tikiinin mövcud (faktiki) sahəsi 100 m2 təşkil edir. Qeyri-yaşayış sahəsi daxilində divar inşa edilərək sanitar qovşaq yaradılmışdır. Eyni zamanda alçıpan materialından quraşdırılmış arakəsmələrlə qeyri-yaşayış sahəsi iki hissəyə ayrılmışdır. Həmin hissələrdən dərzi fəaliyyəti və hazırlıq kursaları kimi istifadə olunur. Mütəxəssis tərəfindən müvafiq ölçmə işləri aparılaraq tikilinin sahəsi müəyyən edilmişdir. Ölçmə işləri nəticəsində İddiaçı məxsus qeyd olunan qeyri-yaşayış sahəsinin divarlarının daxilindən ölçəndə sahəsi faktiki vəziyyətinə görə obyektin daxilindəki, arakəsmə divarları nəzərə alınmadan 95,00 kv.metr, divarların çöldən-çölə məsafəsi isə 100 kv. metr təşkil etdiyi müəyyən olundu. Araşdırma zamanı o da məlum olmuşdur ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi X4 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin kordinatları ilə həmin kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin tikilinin ilkin layihəsi arasında fərq yoxdur. Əmlak kompleksinin faktiki ölçüləri layihəyə uyğundur, kənara çıxma halı müşahidə olunmadı. TƏDQİQATİN NƏTİCƏLƏRİ: AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi X4 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin kordinatları ilə həmin kompleksin tərkib hissəsi olan İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki yerləşmə koordinantları arasında fərq yoxdur. İddiaçı məxsus qeyri-yaşayış sahəsinin divarlarında daxildən ölçəndə 95,00 kv.metr, divarların çöldən-çölə məsafəsi ilə ölçüldükdə 100 kv.metr sahə olur. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi X4 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin kordinatları ilə həmin kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin tikilinin ilkin layihəsi arasında fərq yoxdur. Əmlak kompleksinin faktiki ölçülərində kənara çıxmalar olmadığı üçün qərardadın 4-cü sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edərək bildirir ki, icazənin verilməsi üçün sənədlər və faktiki vəziyyət yerində baxış, ekspertizalar keçirilməklə bu sahədə xüsusi bilikləri olan şəxslər tərəfindən öyrənilir. Müsbət rəylər verildikdən sonra binanın istismarına icazə verilir. Həmin icazədə tikintinin layihə üzə ölçüləri və faktiki ölçüləri, ünvanı, döngə nöqtələrinin kordinantları, istismar təyinatı (yaşayış və qeyri-yaşayış) dəqiq göstərilməklə təsdiq edilir. Bu kordinatlar və döngə nöqtələri həmin X4 aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair qanunvericiliyin tələbi aşağıdakı kimidir. Həmin Məcəllənin 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Həmin Məcəllənin 102.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğu müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) obyektin istismarına icazə verməkdən imtina edir. Məhkəmə kollegiya qeyd edir ki, sözügedən bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və araşdırma nəticəsində müəyyən edilmişdir ki, oradakı, yəni birinci mərtəbədə olan qeyri-yaşayış sahəsinin üzərində yerləşən yuxarı mərtəbələrdə olan mənzillərə çıxarışlar verilmişdir. Bu isə o deməkdir ki, həmin bina istismara qanuni əsaslarla qəbul edilmişdir. Hər hansı kənaraçıxma, çatışmazlıqlar olmadığından sənədləşdirilmişdir. Həmçinin qeyd edilməlidir ki, artıq bu sahədə inzibati praktika da formalaşmışdır. Bununla bağlı iş materiallarında müvafiq çıxarışlar mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə,məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda sadalanan halların heç biri mövcud olmadığndan, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın konturları təqdim olunmuş layihəyə uyğun gəldiyindən, başqa sözlə kənaraçıxmalar mövcud olmadığından cavabdeh təşkilatın imtinası əsassız hesab edilməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5351/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5351/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 33 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 100 kvadrat metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar