Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1671/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın adına dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(112)-3162/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmasına dair mərhum anası, X1 adına olan xx.xx.2003-cü il tarixli, 534 saylı Sərəncamın iddiaçının adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 534 saylı Sərəncamına əsasən iddiaçının mərhum anasına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Anası vəfat etdiyindən iddiaçı sərəncamın mərhum anası, X1 adından öz adına dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciət cavablandırılmamış, hərəkətsizliyə yol verilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(112)-3162/2023 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3162/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini, işin baxılması üçün Bakı İnzibati Məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktın ilk dəfə onun maraqlarına toxunduğunu bildikdə məhkəmənin qeyd etdiyi 6 ay şikayət verilmə müddəti artıq keçmişdir. O isə bu gün maraqlarına toxunduğundan şikayət vermə imkanı əldə edə bilmişdir. Hüquqlarının pozulduğu vaxtda isə inzibati aktın qəbul edilməsindən 6 ay müddət keçmiş idi. Hətta mərhum anasının sağlığında ikən nəzərdə tutulmuş 6 aylıq şikayət verilmə müddəti keçmişdi. Göründüyü kimi inzibati aktın qüvvəyə mindiyi vaxtdan 6 ay ərzində ümumiyyətlə mübahisəli Sərəncam mərhum anasının adına bağlanılmış, o isə həmin zaman ümumiyyətlə Sərəncamla bağlı tələb irəli sürmək imkanı əldə etməmişdir. Mübahisə predmeti olan sərəncamla bağlı bu günədək hər hansı bir sənədləşdirilmə işləri tələb edilməmiş, onların istifadələrində olmuşdur. Mübahisəli əmlakın iki cür, ya vərəsəlik qaydasında qəbul edə, ya da sərəncamın dəyişdirilməsi yolu ilə öz adına özəlləşdirə bilər. Birinci hal əmlakın dövlət reyestrindən keçməməsi halında mümkün olmadığından sərəncamın onun adına bağlanılması yolu ilə onun özəlləşdirilməsi mümkündür. Odur ki, hal-hazırda sözügedən əmlakın özəlləşdirilməsi üçün həmin Sərəncamın onun adına dəyişdirilməsinə zərurət vardır. Belə ki, həmin aktın əlverişsiz olması, onun dəyişdirilməsi məsələsi hazırda mübahisələndirilə bilərdi. Məhkəmə isə bu nüansı gözardı etmiş, işi araşdırmayaraq iddia tələbinin mümkünsüz olmasına əsaslanmışdır. Beləliklə, onun hüququ məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Qeyd olunan hüquq normasına müvafiq olaraq, o, ilk öncə hazırki inzibati iş üzrə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmiş, müraciəti cavablandırılmadığından isə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə hərəkətsizliyə yol verərək ərizəni təmin etməmiş, öhdəliyini lazimi qaydada yerinə yetirməmişdir. Belə ki, mübahisə predmeti olan Sərəncamın xx.xx.2003- cü il tarixində verilməsinə, həmin sərəncamın verilməsindən 19 il keçməsinə, mərhum anasının isə ölümündən 17 il keçməsinə istinad edərək iddia tələbinin mümkünsüz olması qənaətinə gəlmişdir. Halbuki, heç bir qanunvericilikdə inzibati aktın hansı müddət aralığında mübahisələndirilməsi, mübahisələndirilməsinin mümkün olması barədə norma öz əksini tapmamışdır. Belə olan halda, məhkəmə necə ola bilərki mübahisələndirilən hüquq münasibətindən 17 il keçməsinə istinad edə, bu gün həmin iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması qənaətinə gələ bilər? İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Sözügedən normaya müvafiq olaraq hazırki qərardadın məhkəmə qaydasında ləğv edilməsi qanunidir. Belə ki, məhkəmə istinad etdiyi 1 aylıq müddət cavabdeh orqanın vətəndaşın hüquqlarını pozması ilə müşayiət olunan hərəkət və ya hərəkətsizliyindən edilməsindən bir ay ərzində məhkəməyə müraciət edilməsini nəzərdə tutur. Hətta, məhkəmə İPM 35.1-ci maddəsini şərh etmişdir. Həmin şərhin bütün qaydalarına tərəfindən riayət edildiyindən iddia tələbi mümkün hesab edilməklə yenidən məhkəmə icraatı qaydasında baxılmalı, obyektiv yekun akt qəbul edilməlidir. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sözügedən normaya müvafiq olaraq tərəfindən hazırki iş üzrə öhdəlik daşıyan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hüquqları pozulduğundan hüququnun bərpa edilməsi naminə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyd edilən normaya istinad edərək iddia tələbini mümkünsüz hesab etmişdir. Göstərilən norma onun hüquqlarının realizə edilməsini birbaşa olaraq təsdiq edir, inzibati aktın mübahisələndirilməsi ilə bağlı isə hər hansı bir məhdudlaşdırıcı, qadağanedici hal nəzərdə tutmamışdır. Məhz bu səbəbdən məhkəmənin gəldiyi qənaət əsassız olub, qəbul edilən 2-1(112)-3162/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardad məhkəmə qaydasında ləğv edilməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin bu kimi halları araşdırmasını, qanunun tələblərinə uyğun yekun akt qəbul etməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilini dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 534 nömrəli, 28 oktyabr 2003-cü il tarixli Sərəncamın notarial qaydada təsdiq edilmiş surətinə əsasən 1-ci qrup əlil S.M.Mursaliyeva Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektlərinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv.m yer ayrılması qərara alınmışdır. - İddiaçı Firkət oğluna aid Vİ-ЖГ seriyalı, 353379 nömrəli, xx.xx.1979-cu il tarixli Doğum haqqında Şəhadətnamənin surətinə əsasən o, 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası: X4, anası X2r. - X3 aid AZ-İ seriyalı, 132456 nömrəli, 29 mart 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə əsasən o, 15 sentyabr 2004-cü ildə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan N-44- 091 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən ticarət obyektinin onun adına sənədləşdirilməsi ilə bağlı məsələnin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. - Bakı Şəhər İcra Hakimiyyətinin “Torpaq sahəsinin ayrılması haqqında” 353 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 03/102 saylı məktubu nəzərə alınaraq, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının şimal-şərq çıxışında yüngül konstruksiyalardan ticarət mərkəzinin layihələşdirilməsi və quraşdırılması üçün 70 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmasına dair mərhum anası, X1 adına olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 534 saylı (19 il əvvəl verilmiş) sərəncamının onun adına dəyişdirilməsini xahiş edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbində isə göstərilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə konkret şəkildə inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir. 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfindən qəbul edilmiş və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Yuxarıda artıq göstərildiyi kimi, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 534 saylı sərəncamı xx.xx.2003-cü il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 19 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı iddiaçının nümayəndəsi sərəncamdan məlumatlı oldugunu bildirərək qeyd etmişdir ki, sərəncamla torpaq sahəsi iddiaçının anasına ayrılmış, lakin anası vəfat etdiyindən hazırda sərəncamın adına dəyişdirilməsini tələb edir. Halbuki, iddiaçının anası 2004-cü ildə vəfat etdiyindən iddiaçı həmin ildən hesablansa belə sərəncamı 18 il keçdikdən sonra mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin 6 aylıq şikayət vermə müddətinin yanlış tətbiq olunmasına, o cümlədən apellyasiya şikayətinin digər formal dəlillərinə münasibət bildirərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə istinad edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(112)-3162/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1671/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1671/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver