Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1671/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “sərəncamının ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6689/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Xəzər RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 927 №-li Sərəncamının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) İcra Hakimiyyəti Başçısının 17 dekabr 1999-cu il tarixli, 1208 nömrəli sərəncamı ilə ona (o vaxtkı soyadı X5) Mərdəkan qəsəbəsində 99/14 №li sahədə fərdi ev tikməyi üçün 1200 kv. metr torpaq sahəsi ayrılmış və həmin sərəncama əsasən qeyd olunan torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən yuxarıda göstərilən torpaq sahəsinə dair adına xx.xx.2010-cu il tarixdə, 20533 nömrə ilə uçota alınmış A № 268179 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib və təsdiq olunmuşdur. Yaranmış zərurətlə əlaqədar, etibarnamə üzrə nümayəndəsi müvafiq ərizə ilə Dövlət Arxivinin Bakı filialına müraciət edərək torpaq sahəsinin plan və ölçüsünün dublikatının verilməsini xahiş etmişdir. Sözügedən müraciətlə əlaqədar Dövlət Arxivinin Bakı filialı tərəfindən ünvanına göndərilmiş 19 dekabr 2023-cü il tarixli, 3-48-2 F/2- e09102/2023 nömrəli məktubda göstərilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin arxiv fondu üzrə adına olan xx.xx.1999-cu il tarixli, 1208 saylı sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncam xx.xx.2000-ci il tarixli, 927 saylı sərəncamla ləğv olunduğundan həmin sənədin dublikatının ona təqdim olunması imkan xaricindədir. Dövlət Arxivindən bu cavabı aldıqdan sonra, tərəfindən xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən filiala ərizə ilə müraciət edilərək xx.xx.2000-ci il tarixli, 927 saylı sərəncamın təsdiq olunmuş surətinin ona təqdim olunması xahiş edilmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-e-00201/2024 nömrəli məktubuna qoşma ilə xx.xx.2000-ci il tarixli, 927 saylı sərəncamın surəti ünvanına göndərilmişdir. xx.xx.2000-ci il tarixli, 927 nömrəli sərəncamın surəti xx.xx.2024-cü il tarixli məktuba qoşma ilə ünvanına göndərildikdən sonra ona məlum olmuşdur ki, guya, o, yuxarıda sözügedən xx.xx.1999-cu il tarixli, 1208 nömrəli sərəncamla ona ayrılmış torpaq sahəsindən imtina etdiyi üçün həmin sərəncam xx.xx.2000-ci il tarixli, 927 nömrəli sərəncamla ləğv edilmişdir. Tərəfindən heç bir vaxt adına olan sərəncamın bu və ya digər səbəbdən ləğv edilməsinə dair hər hansı orqana müraciət olunmamışdır. Torpaq sahəsi 1999-cu ildən onun istifadəsindədir, heç bir vaxt ondan imtina etməmişdir, belə məzmunda heç bir orqana və ya şəxsə müraciəti olmamışdır. Yuxarıda sadalanan xüsusatlarla yanaşı, onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, tərəfindən xx.xx.1999-cu il tarixli, 1208 nömrəli sərəncamın surəti xx.xx.2010-cu il tarixdə Dövlət Arxivinin Bakı filialından alınarkən, eləcə də adına yuxarıda göstərilən torpaq sahəsinin planı və ölçüsü xx.xx.2010-cu ildə tərtib edilərkən xx.xx.1999-cu il tarixli, 1208 nömrəli sərəncamın ləğv edilməsi barədə arxivdə heç bir sənəd, o cümlədən xx.xx.2000-ci il tarixli, 927 nömrəli sərəncam mövcud olmamışdır. Göründüyü kimi, xx.xx.2000-ci il tarixli, 927 nömrəli sərəncam xx.xx.2010-cu il tarixdən sonrakı dövrlərdə saxta yolla tərtib edilərək arxivə yerləşdirilmişdir. Hesab edir ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) İcra Hakimiyyəti Başçısının 17 dekabr 1999-cu il tarixli, 1208 nömrəli sərəncamı ilə ona ayrılmış və hazırki vaxtda torpaq sahəsinin istifadəsində olmasını təmin edən sərəncamın ləğvinə dair xx.xx.2000-ci il tarixli 927 № sərəncam qanunsuz olmaqla, onun mülkiyyət hüquqularına birbaşa qəsddir. Yerli icra hakimiyyətinin vəzifəli şəxsi öz qulluq mövqeyindən sui-istifadə etməklə qanunsuz və əsassız inzibati akt qəbul etməklə onun mülkiyyət hüquqlarına qəsdlə nəticələnən ona münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh inzibati orqan hazırki iddia ilə ləğvi tələb olunan inzibati aktı qəbul etmişdirsə (yəni, həqiqətən belə bir sərəncam qəbul olunmuşdursa), Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəllənin, xüsusən, “İnzibati icraat haqqında” Azərbaycan RespublikasıQanunun və digər normativ-hüquqi aktların tələblərini pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, ləğvi tələb olunan sərəncamın qəbuluna “əsas kimi, guya, onun istifadəsində olan torpaqdan imtinaya dair qeyd” əsassızdır. O, belə bir imtina ilə heç bir orqana və ya vəzifəli şəxsə müraciət etməmişdir. Beləliklə, ləğvi tələb olunan sərəncamın qəbul edilməsi üçün Xəzər RİH baçısının hər hansı faktiki və hüquqi əsasları mövcud olmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Xəzər RİH-nin xx.xx.2024-cü il tarixli, 5-12/2-608/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı iddia tələbində Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 927 nömrəli sərəncamı ilə iddiaçıya Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 17 dekabr 1999-cu il tarixli, 1208 nömrəli sərəncamın ləğv olunduğunu qeyd etmişdir. Bu barədə Dövlət Arxivinin Bakı filialına torpaq sahəsinin pian və ölçüsünün dublikatının verilməsini xahiş edərkən məlumatlı olduğunu bildirmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verildiyindən Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 927 nömrəli Sərəncamının hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 927 nömrəli Sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6689/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyəti Başçısının “vət. X2 adına verilmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1208 saylı xx.xx.1999-cu il tarixl sərəncamının ləğv edilməsi haqqında” xx.xx.2000-ci il tarixli, № 927 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6689/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının “vət. X2 adına Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, № 1208 saylı sərəncamının surətindən müəyyən olunur ki, X3 Mərdəkan qəsəbəsində M-99/14 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının “vət. X2 adına verilmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1208 saylı xx.xx.1999-cu il tarixl sərəncamının ləğv edilməsi haqqında” xx.xx.2000-ci il tarixli, № 927 saylı sərəncamının surətindən müəyyən olunur ki, vət. X1 qəsəbə nümayəndəliyinə müraciət edərək imkanı olmadığı üçün ona verilmiş torpaq sahəsinin qaytarılmasını xahiş etdiyindən X3 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün Əzizbəyov rayon İHB-nın torpaq sahəsinin ayrılması haqqında xx.xx.1999-cu il tarixli, № 1208 saylı verilmiş sərəncam ləğv edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-3-30/2-23440/2024 saylı cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC ilə müştərək qaydada araşdırma aparılmışdır və təqdim olunan məlumatlardan aydın olur ki, xx.xx.2010-cu il tarixində Yaqubova (Dəmirova) Kəmalə Qulu qızı (təvəllüdü xx.xx.1973) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus AN-038929 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin itməsi səbəbindən dublikatının verilməsini xahiş etmişdir. Həmin ərizə əsasında vətəndaşın adına AN-268179 (kod **********0927) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Lakin arxivdə AN- 038929 nömrəli Plan-ölçü sənədinin xx.xx.1973-cü il təvəllüdlü olan X2 adına tərtib edilməsinə dair məlumat mövcud deyildir. Həmçinin yuxarıda itmiş sənəd kimi qeyd olunan AN-038929 (kod **********0927) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi xx.xx.1949-cu il təvəllüdlü X2 adına tərtib edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A № 268179 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, № 1208 saylı sərəncamı ilə ayrılmış M-99/14 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X7 kitabında xx.xx.2010-cu il tarixdə 20533 nömrə ilə uçota alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin”: Maddə 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, X7 və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 927 №-li Sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Əzizbəyov RİH tərəfindən hazırkı İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 1200 kv. m torpaq sahəsi ayrılması barədə 17 dekabr 1999-cu il tarixli 1208 nömrəli sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəki dövrdə xx.xx.2000-ci il tarixli, 927 №-li sərəncamla ləğv edilsə də, həmin (17 dekabr 1999-cu il tarixli) sərəncam qəbul edilərkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 28-ci maddəsində torpaqların verilməsi və geri alınması ilə əlaqədar olan və onların mənafeyinə toxunan məsələlərə baxılmasında marağı olan vətəndaşların iştirak etmək hüququ, habelə bu barədə rayon, şəhər xalq deputatları Sovetlərinin qərarının əhalinin və əmək kollektivlərinin mənafeyinə toxunduğu hallarda onların rəyi nəzərə alınmaqla qəbul edilməsi təsbit olunmuşdur. Göründüyü kimi iddiaçının özünün mənafeyinə toxunan məsələsi əhatə edən həmin sərəncamın qəbulunda (icraatda) iştirak etmək hüququ pozulmuşdur. Həmçinin 2011-ci ilin 1 yanvar tarixindən sonra qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri baxımından Əzizbəyov RİH-in 18 sentyabr 2000-cu il tarixli 927 nömrəli sərəncamının qəbulundan məlumatsız olan hazırkı iddiaçının müvafiq torpaq sahəsinin ayrılması barədə 17 dekabr 1999-cu il tarixli 1208 nömrəli sərəncama münasibətdə 1 yanvar 2011-ci il tarixdən sonra “etimad hüququ” yaranmış olur. Qeyd olunanlarla yanaşı, Əzizbəyov RİH-in 18 sentyabr 2000-ci il tarixli 927 nömrəli sərəncamının qəbulu üçün tutarlı əsaslar da hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmir və cavabdeh bu sərəncamın qəbulunu şərtləndirən yetərli dəlillər təqdim etmir. Mübahisə predmeti olan sərəncamın özündə hazırkı iddiaçının “torpaq sahəsinin qaytarılması barədə” müraciətinin olması əsas gətirilərək, 17 dekabr 1999-cu il tarixli 1208 nömrəli sərəncam ləğv edilmişdir. Lakin məhkəmə icraatında iddiaçı tərəf belə müraciətin olmasını təkzib etmiş və müraciət arxivdə və inzibati orqanın özündə aşkar olunmamışdır. Beləliklə, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya vaxtilə torpaq sahəsinin ayrılması barədə sərəncamı məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılması barədə sərəncam faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: 1) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, 2) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; 3) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (1) və (2) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (3) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. İnzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6689/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6689/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1671/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1671/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver