Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1672/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuş, Bakı şəh., Çernyaxovski küç,15a ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiаçı İddiaçı 25.12.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının Fazildən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o xx.xx.1963-cü il təvəllüdlüdür. O, Səbail Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 4 aprel 1963-cü il tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X4 eyni adam olduğunun müəyyən edilməsi, doğum haqqında təkrar şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Doğum haqqında şəhadətnamədə İddiaçı kimi qeydə alınsada, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə X2 yazılmışdır. Həmin dövrdə başqa sənədlərdə adı “Fəzail” kimi qeyd edildiyinə görə doğum haqqında şəhadətnaməni qaralayaraq “Fazil” adını “Fəzail” adı etmişdilər. İddiaçının doğum haqqında şəhadətnaməsi qaralandığından düzəliş aşkar şəkildə seçilir. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə ərizə ilə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsini xahiş etmişdir. Reyestr xidməti iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsini mümkün saymayaraq bildirmişdir ki, Zəngilan rayon, Alıbəyli kənd nümayəndəliyində 4 aprel 1963-cü il tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən İddiaçı adının təqdim olunan "sənəddə göstərildiyi kimi “Fəzail” deyil, “Fazil” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdəndə doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi mümkün olmamışdır. Sonradan Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsi əsasında ərizəsi təmin edilmişdir. Lakin, övladlarına aid sənədlərdə “ata adı” qrafalarında bəzilərində “Fazil” bəzilərində isə “Fəzail” yazılmışdır. Bu isə iddiaçının övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Adının yenidən dəyişdirilərək “Fəzail” olaraq yazılması üçün Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciət edilsədə, cavabdehin 16.12.2020-ci il tarixli 05/12-1161/15 saylı imtina məktubu ilə müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qаrşı İddiaçı adının Fazil-dən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqında iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının oğlu Zeynallı Əmir 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və onun bütün orden və medallarında ata adı “Fəzail” olaraq göstərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi (etibarnamə 30.05.2021-ci il tarixində 4 il 1 gün müddətinə verilmişdir, 4 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən videoyazı vasitəsilə təsdiq edilmişdir, reyestrdə 7E-12007 nömrəsi ilə qeyd edilmişdir, “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmişdir) izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq Qarabağ Müharibəsinin iştirakçısı olduğu üçün aldığı medalda da atasının adının “Fəzail” olaraq qeyd edildiyini bildirdi. Sədrlik edənin sualına cavab olaraq isə hazırda atasının müalicə alması ilə bağlı Rusiya Federasiyasında olduğunun bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. - Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsi ilə (hakim A.Tağıyev) iddiaçının ərizəsi təmin edilərək, Zəngilan rayon, Alıbəyli icra nümayəndəliyi tərəfindən 4 aprel 1963-cü il tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında şəhadətnamədə qeyd olunan İddiaçı ilə 09 iyun 2014-cü tarixdə ASAN3 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının seriya AZE 14719441 saylı şəxsiyyət vəsiqəsində qeyd olunan X4 eyni adam olması müəyyən edilmiş və X5 adı “Fazil” göstərilən doğum haqqında şəhadətnamənin təkrar verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.01.2021-ci tarixli, 05/Q-45/13 nömrəli məktuba (rəis vəzifəsini icra edən S.Şərifzadə tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 01.08.2014-cü il tarixli qətnaməsinə əsasən vətəndaşın adının Fazil-dən Fəzail-ə (mətnə uyğun) dəyişdirildiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 19.01.2021-ci il tarixli, 012-806- 1221 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında xx.xx.1963-cü il tarixdə Zəngilan rayonunda doğulmuş X1 rayon Xalq Məhkəməsinin 07.03.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1. və 129.1. maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli «Amnistiya» Qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 19.01.2021-ci il tarixli, 02/03 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 03.02.2021-ci il tarixli, 33/342 nömrəli cavab məktubunda bildirilmişdir ki , İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış 05/12-1161/15 nömrəli, 16.12.2020-ci il tarixli məktubuna əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçının adının Fəzail-dən Fazil-ə dəyişdirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiqlənmiş “Adın ata adının və soyadın dəyişdirilməsi” qaydalarının 6.3 bəndində göstərildiyi kimi adın ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi üçün cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadın dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız sadalanan hallarda imkan verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adının yenidən dəyişdirilməsinə imkan verilən halların mövcud olmasını təsdiq edən hər hansı sənəd sübutu məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassızdır, iş materialları ilə sübut olunmur və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1672/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1672/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver