Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1672/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC və digərləri) “torpaq sahəsinə dair çıxarışın verilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(112)- 9628/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ünvanında yerləşən 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 19 sentyabr 1996-cı il tarixli, 1785 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin arxiv arayışında nömrəsi və ölçüsü qeyd edilməmişdir və bundan əlavə qeyd olunur ki, göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Eyni zamanda, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkəti qanunaziddir. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanunamüvafiq ona ayrılmış, həmin sahə ona naturada təhvil verilmiş, o da öz növbəsində torpaq sahəsini daş hasarla əhatəyə almaqla hal-hazıra kimi faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Qeyd olunduğu kimi torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Bundan əlavə, imtina məktubunda qeyd olunan yerləşmə cizgisinin təqdim edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə ki, məhkəmənin qərarı ilə Səbail rayon İcra Hakimiyyətinin üzərinə məlum torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi qoyulmuşdur. Bu səbəbdən hesab edir ki, qanuni mülkiyyətində olan torpaq sahəsinə dair onun adına müvafiq çıxarış verilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim edilən xx.xx.2012-ci il tarixli, A207 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 28 kv.metr hissəsi X1 (FİN: 0V3LZX7), 21 kv.metr hissəsi X4 (FİN: 12ZVCGB) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Daha sonra, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman göstərilən torpaq sahəsinin konfiqurasiyası qeyri-müəyyən olmuşdur. Belə ki, göstərilən torpaq sahəsinin 20 kv.metr hissəsi X1 (FİN: 0V3LZX7), 40 kv.metr hissəsi X4 (FİN: 12ZVCGB), 12 kv.metr hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Eyni zamanda, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin faktiki sahəsi 370 kv.metr təşkil edir. Həmçinin, iddiaçı idarəyə müraciəti zamanı şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Qeyd olunanlarla yanaşı göstərilən əraziyə "xxxx" QSC-nin müraciəti olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, X10, X11 və "xxxx" QSC üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9628/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, Səbai rayon İcra Hakimiyyətinin 19 sentyabr 1996-cı il tarixli, 1785 saylı sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsində Köhnə bağlar ərazisində yerləşən 400 kv.m torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsinin arxiv arayışında nömrəsi və ölçüsü qeyd edilməmişdir və bundan əlavə qeyd olunur ki, göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin adına reyestrdə qeydə alınmış sahələr ilə üst-üstə düşür. Eyni zamanda, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkəti qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanunamüvafiq ona ayrılmış, həmin sahə iddiaçıya naturada təhvil verilmiş, o da öz növbəsində torpaq sahəsini daş hasarla əhatəyə almaqla halhazıra kimi faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir. Cavabdeh Təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Qeyd olunduğu kimi onun qanuni mülkiyyətindədir. Bundan əlavə, imtina məktubunda qeyd olunan yerləşmə cizgisinin təqdim edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə ki, məhkəmənin qərarı ilə Səbai Rayon İcra Hakimiyyətinin üzərinə məlum torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi qoyulmuşdur. Bu səbəbdən hesab edir ki, qanuni mülkiyyətdə olan torpaq sahəsinə dair onun adına müvafiq çıxarış verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023cü il tarixli, 2-1(112)- 9628/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 nömrəli “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağın sənədləşdirilməsi barədə” Sərəncamından görünür ki, RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Torpaq sahəsinin konfiqurasiyası qeyri-müəyyəndir. Faktiki koordinatlarla olan sahə qərb tərəfdən 20.0 kv.m hissədə **********01, şərq tərəfdən 40.0 kv.m hissədə **********69-10301, cənub tərəfdən 12.0 kv.m hissədə **********55- 10301 üst-üstə düşür. Bundan əlavə, əraziyə metro stansiyasının tikintisinin planlaşdırılması ilə bağlı "xxxx"nin müraciəti mövcuddur. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-1133/2023 nömrəli məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1785 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İddiaçı hazırda onun istifadəsində olan Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 nömrəli sərəncamı ilə ayrıldığını iddia etdiyi həmin 400 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdehin imtinasını qanuni hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. İddiaçıya torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İstinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan-ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə torpaqayıran qurum tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməli, həmin cizgiyə uyğun mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə dair yerləşmə cizgisini təqdim etmədiyindən iddia olunan torpaq sahəsinin məhz sərəncamla ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək, həmin sahənin plan ölçüsünün tərtib edilməsi və bunun davamı olaraq mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır İş materiallarından görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi - torpaqayırma barədə Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 nömrəli sərəncamını təqdim etsə də, ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisini təqdim etməmişdir. İddia ərizəsi ilə eyni məzmunlu iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 19 sentyabr 1996-cı il tarixli 1785 saylı Sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən və faktiki onun istifadəsində olan 400 kv.m-dən ibarət torpaq sahəsinə dair yerləşmə cizgisinin (sxemin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamına əsasən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) verilməsi ilə əlaqədar İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Lakin həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti isə xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə bildirmişdir ki, Sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair plan-ölçü sxeminin təsdiq olunması Yerli İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricində olduğundan qaldırılan məsələnin həlli istiqamətində köməkliyin göstərilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Rayon İcra Hakimiyyətinə daxil olmuş **********78 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)-1262/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə hər hansı öhdəlik qoyulmamış və bu səbəbdən də məsələnin həlli istiqamətində hər hansı bir köməklik göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, qaldırılan məsələyə münasibət bildirilməsi məqsədilə sözügedən sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının ona torpaq ayıran quruma qarşı qaldırdığı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” barədə iddiası təmin edilsə də, hazırkı tarixədək icra olunmamışdır, buna görə də iddiaçının naturada göstərdiyi torpaq sahəsinin həqiqətən Səbail rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsi olması müəyyən edilmir. Digər tərəfdən, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 20 kv.metr hissəsi X1 (FİN: 0V3LZX7), 40 kv.metr hissəsi X4 (FİN: 12ZVCGB), 12 kv.metr hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür Məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisi verildikdən sonra qeyd olunan hal hələ də qüvvədə olarsa, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrə mühasibətdə üçüncü şəxslərin xeyrinə aparılmış qeydi mübahisələndirmədən həmin torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9628/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1672/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1672/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver