Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1673/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 24.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının 57 yaşının olduğu 24.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 01.09.1979-cu ildə başlamış və hal-hazırda iş fəaliyyətinə davam edir. 57 yaşı tamam olan zaman pensiya hüququ yarandığı üçün, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin ona güzəştli şərtlərlə pensiya düşmədiyi üçün müraciətinə imtina edilmişdir. İddiaçı 01.09.1979-cu il tarixdən 01.04.1980-ci ilə qədər Qərvənd pambıq məntəqəsində fəhlə işləmişdir. 08.04.1980-ci ildən 28.06.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. 01.09.1982ci il tarixdən 31.08.1984-cü il tarixdə və 07.06.1985-ci il tarixdən 2006-cı il tarixə kimi güzəştli sahədə işləmiş və hal-hazırda güzəştli sahədə fəaliyyətini davam etdirir. İddiaçının işlədiyi bu sahələri əmək kitabçası təsdiq edir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 24 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 26.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az təşkil edir. Buna baxmayaraq məhkəmə səhvən iddiaçının güzəştli iş stajının olması qənaətinə gəlmişdir. Belə ki, barəsində şikayət verilən məhkəmə qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısında 213032a-13775 kod altında nəzərdə tutulan kompressor qurğularının maşınisti, 2130301a-19861 kod altında nəzərdə tutulan elektroavadanlığının təmiri və xidməti üzrə elektromontyorlar peşəsində güzəştli iş stajı 20 il 6 ay 26 gün, ümumi iş stajı 26 il 1 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə tərəfindən iddiaçının “Leninneft” Qaz Çıxarma İdarəsində çalışdığı kompressor qurğularının maşınisti və "xxxx" MMC-də çalışdığı elektrik montyoru vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin 3-cü yarımbölməsində (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) nəzərdə tutulduğuna əhəmiyyət verilməmişdir. İddiaçının işlədiyi müəssisələr neftin, qazın və qaz kodensatının, kömürün, şistin emalı ilə əlaqədar fəaliyyət göstərmədiyi üçün sözügedən vəzifələr iddiaçıya münasibətdə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr siyahısına daxil edilə bilməz. İddiaçının fəaliyyət göstərdiyi “Leninneft” Qaz Çıxarma İdarəsi və "xxxx" MMC neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olmuşdur. Kompressor qurğularının maşınisti və elektrik montyoru vəzifələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin neftqaz və qaz kondensatının hasilatı ilə bağlı olan ikinci yarımbölməsində nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - İT-İ ******* nömrəli, 07 aprel 1980-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, 01.09.1979-cu ildən 01.04.1980-ci ilədək Qərvənd pambıq məntəqəsində fəhlə kimi işləmiş, 08.04.1980-ci ildən 28.06.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 01.09.1984-cü ildən 15.04.1985-ci ilə qədər 12 nömrəli orta peşə texniki məktəbində təhsil almış, 07.06.1985-ci ildən 20.11.1989-cu ilədək “Leninneft” X6 İdarəsində kompressor qurğularının maşınısti peşəsində, həmin idarədə 01.11.1991-ci ildən 28.02. 1995-ci ilədək elektrik avadanlıqlarına xidməti üzrə elektrik montyoru, 01.03.1995-ci ildən 01.09.2003-cü ilədək qaz-kompressor sexində elektrik montyoru, 01.09.2003-cü ildən 28.08.2011-ci ilədək elektrik avadanlıqlarının quraşdırılması, təmiri və elektrik təchizatı sahəsində elektro montyor peşəsində "xxxx" Müştərək müəssisəsində işləmişdir. - İT-İ ******* nömrəli, 03 sentyabr 1982-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 01.09.1982-ci il tarixdən 31.08.1984-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. (əmək kitabçasına əsasən işə qəbul edilənə qədər əmək stajı olmamışdır.) - İT-İ ******* nömrəli, 04 may 2004-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 03.05.2004-cü il tarixdən 09.10.2006-cı ilədək elektro montyor peşəsində "xxxx" MMC-də, 10.10.2006-cı il tarixdən 03.02.2014-cü ildədək 4 növbə sınaq müddəti keçirilməklə elektrik avadanlıqlarının təmiri sahəsinə elektrik montyoru peşəsində X5 İdarəsində; 04.02.2014-cü il tarixdən 17.04.2017-ci ilədək elektrik montyoru peşəsində AR Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestində işləmişdir. - Cavabdehin 24 iyul 2020-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, iddaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil etdiyi üçün güzəştli şərtlərlə pensiya təmin edilməsindən imtina edilmişdir. - SOCAR-ın 04 iyun 2019-cu il tarixli “iş stajı haqqında” arxiv arayışına əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 07.06.1985-ci ildə (235/k nömrəli, 10.06.1985-ci il tarixli əmr) “Leninneft” NQÇİ-nin (sonrakı adı “Balaxanıneft NQÇİ) Qaz kompressor sexinə kompressor qurğularının 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. 20.11.1989-cu ildə (əmr 669 nömrəli, 30.11.1989-cu il) kompressor qurğularının 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. 01.11.1991-ci ildə (əmr 330/5 nömrəli, 31.10.1991-ci il) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 28.02.1995-ci ildə (əmr 64/k nömrəli, 28.02.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" MM-nə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur - SOCAR-ın 19 fevral 2019-cu il tarixli arayışına əsasən, İddiaçı, həqiqətən də SOCAR-in Kompleks qazma işləri trestinin müxtəlif idarələrində işləmişdir. X5 İdarəsi üzrə - 10.10.2006-cı il tarixdən 22.04.2013-cü il tarixə kimi elektrik avadanlıqlarının təmiri sexində elektrik montyoru, 22.04.2013-cü il tarixdən 03.02.2014-cü il tarixə kimi qazmaya xidmət edən elektrik montyoru. Azərbaycan Dövlət Neft Şirkəti Kompleks qazma işləri tresti üzrə - 04.02.2014-cü ildən halhazıra kimi Kompleks qazma işləri trestinin Abşeron İstehsalat bölümündə qazmaya xidmət edən elektrik montyoru peşəsində işləyir. - Hərbi biletə əsasən iddiaçı 08 aprel 1980-ci ildən 28 iyun 1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. - "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli-arayışına əsasən, İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 10.2 yarımbəndinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir.”AzGerneft” MMC-nin elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sexində 01.03.1995-ci il tarixindən 28.08.2014- cü il tarixinə kimi elektrik montyoru peşəsi üzrə "xxxx" MMC-də güzəştli şərtlə əmək stajı 19 il 5 ay 27 gün təşkil edir. - B 206145 nömrəli, 28.04.1989-cu il tarixdə verilmiş diplomun dublikatına əsasən İddiaçı, 01 sentyabr 1984-cü ildə Bakı şəhəri 12 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 26 aprel 1985- ci ildə soyuq komressor qurğularının maşinisti peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının çalışdığı “Leninneft” Qaz Çıxarma İdarəsi və "xxxx" MMC neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olmuşdur. Həmçinin socar.az internet saytında "xxxx" MM-nin əsas fəaliyyət növü Kontrakt sahəsində karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı olaraq göstərilmişdir. Bu səbəbdən onun qeyd edilən müəssisələrdə çalışdığı kompressor qurğularının maşınisti və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısının Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin neft-qaz və qaz kondensatının hasilatı ilə bağlı olan ikinci yarımbölməsində nəzərdə tutulmalıdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısından göründüyü kimi göstərilən peşələr Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin neftqaz və qaz kondensatının hasilatı ilə bağlı olan ikinci yarımbölməsində deyil, həmin bölmənin 3-cü yarımbölməsində (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) göstərilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış və məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasından və İT-İ №0269731 seriya və nömrəli əmək kitabçasından göründüyü kimi iddiaçı 2004-2014-cü illər ərzində eyni anda iki fərqli müəssisələrdə işləmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı buna əsas olaraq maddi vəziyyətinin yaxşı olmadığını və ehtiyacı olduğundan eyni anda iki fərqli yerdə növbəlilik qaydasında işlədiyini bildirsə də , növbəlilik və iş saatları barəsində hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçı və onun nümayəndəsi və vəkilinə iddiaçının işlədiyi peşələrlə bağlı yeni, ətraflı güzəştli arayışın təqdim edilməsi təklif edilsə də, iş materiallarında olan "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştliarayışından əlavə yeni güzəştli arayış təqdim etməyəcəklərini bildirmişlər. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının olduğu 24.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.