Məhkəmə qərarları › İş №2-1(103)-1673/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1673/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1673/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-2478/2022 saylı qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.2.2- ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır, 4J-ci maddəsinə görə isə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2478/2015 saylı iş üzrə 24 iyul 2015-ci il tarixli qərarı ilə İddiaçı 29 yanvar 1980-ci il tarixdən 2 iyun 2006-cı il tarixədək “Suraxanıneft” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə işlədiyi dövrdəki stajı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarla) “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 15 noyabr 2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 - 2005-ci illərin orta əmək haqqı əsas götürülməklə yenidən, hesablanması və yäranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsinə 10 mart 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduntın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2478/2015 saylı iş üzrə 24 iyul 2015-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-2478/2022 saylı qərardadı ilə ərizə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-2478/2022 saylı qərardadından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. İPM-in 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. İPM-in 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. İPM-in 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materillarından, o cümlədən “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizədən məlum olur ki, iş üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2478/2015 saylı iş üzrə 24 iyul 2015-ci il tarixli qərarından hələ 2015-ci ildə məlumatlı olmuşdur.Çünki, 3 sentyabr 2015-ci il tarixdə apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəməyə müraciət ünvanlamışdır. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. DSMF X4 üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi isə, məhkəməyə 10 mart 2022-ci il tarixdə - ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən azı 6 il 6 aydan artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. İPM-in 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Göründüyü kimi, inzibati mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin mümkün sayılmaması ilə bağlı qənaəti ilə razılaşaraq onu da qeyd edir ki, inzibati məhkəmə icraatında bu halı tənzimləyən konkret müddəa olmadığından, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə məhkəməyə qanunla müəyyən olunmuş müddət kriteriyasına əməl edilmədən verildikdə, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”.Çünki, məhkəməyə iddia ərizəsinin daxil olması zamanı iddiaya və “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyət üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fərqlənmir (həmin vaxtadək olan vəziyyəti dəyişmir) və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-2478/2022saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar