Məhkəmə qərarları › İş №2-1(103)-1674/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1674/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1674/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və onun bərpa edilərək iddiaçıya təhvil verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və onun bərpa edilərək iddiaçıya təhvil verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qaraj olmuşdur. 2012-ci ilədək həmin qaraj və onun altındakı torpaq sahəsi iddiaçının istifadəsində olmuş, iddiaçı ondan istifadə etmişdir. Lakin 2012-ci ilə iddiaçının Bakıdakı evində olmadığı vaxt Binəqədi RİH-in əməkdaşları tərəfindən həmin qaraj sökülmüşdür. Həmin şəxslər iddiaçının yaxın ailə üzvlərinə bildirmişlər ki, ona bunun əvəzində başqa yerdən qaraj veriləcəkdir. Həmin vaxtdan xeyli müddət ötsə də, iddiaçıya qaraj verilməmişdir. Bundan fərqli olaraq, başqa şəxslər qarajla təmin olunmuşdur. O, bununla bağlı dəfələrlə müraciət etsə də, məsələ nəticəsiz qalmışdır. Qeyd olunmalıdır ki, iddiaçı bələdiyyəyə torpaq vergisini də ödəmişdir. Binəqədi RİH-ə müraciətinə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKT Birliyi tərəfindən 17 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Binəqədi RİH-ə ünvanlanmış ərizə baxılması üçün Rayon MKT Birliyinə göndərilmişdir. Qarajın bərpası tikintiyə icazə verən təşkilat tərəfindən həyata keçiriləcəkdir.”. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.9, 152.1, 152.2, 152.3, 157.2, 158, 164.1, 164.2, 165.1-ci maddələrinə, İPM-in 2, 45, 46-cı maddələrinə əsaslanaraq, qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Bakı şəhəri Binəqədi RİH-in İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılsın və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh Binəqədi RİH-in üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10 iyul 2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında “mövcud qarajın altındakı 24 kv.m torpaq sahəsi Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. - Binəqədi bələdiyyəsinin 19 may 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı X1 Sistemində (BAMS) icarəçi kimi qeydiyyatdadır. Vətəndaş İddiaçı 10 iyul 20007-ci il tarixli 400 saylı müqavilə ilə ayrılan torpaq sahəsindən əvvəllər qaraj kimi istifadə etmişdir. Lakin hal hazırda torpaq sahəsi üzərində qaraj mövcud deyil. Qarajın kimlər tərəfindən və hansı məqsədlə götürülməsi bələdiyyəyə məlum deyil. - Bakı ŞİH Binəqədi Rayon MKT Birliyinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 19 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında vətəndaş İddiaçı məxsus qaraj mövcud deyil. Göstərilən ünvanda ümumrayon abadlaşdırma tədbirləri ilə bağlı mövcud müvəqqəti qurğular, qarajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “İddiaçı Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş qarajın cavabdeh Binəqədi RİH tərəfindən sökülməsi qanunsuz qiymətləndirilməli və həmin qarajın bərpa olunması cavabdehə həvalə olunmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İlk növbədə qeyd edilməlidir ki, mübahisənin düzgün həllindən ötrü iddiaçıya məxsus qarajın kim tərəfindən və hansı əsaslarla sökülməsinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10), 4-cü bəndində isə, yerli icra hakimiyyəti başçısının səlahiyyətləri kimi müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi (4.9.3), yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi (4.9.14) nəzərdə tutulmuşdur. Qanunvericilik normasının məzmunundan göründüyü kimi yaşayış məntəqələri ərazilərinin abadlıq, yaşıllaşdırma və s. məsələlərin həyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum yerli icra hakimiyyəti orqanıdır ki, müvafiq ərazi üzrə Binəqədi Rayon İcra Hakimiyyəti səlahiyyətli qurum kimi çıxış edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya məxsus qarajın söküldüyü ərazidə abadlıq-quruculuq işləri həmin İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və göstərişləri ilə aparılaraq icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sökülmüş qarajın onun istifadəsində olmasının əsas sübutu kimi Bakı şəhəri Binəqədi rayunu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqavilə çıxış edir. Həmçinin işin birinci instansiya icraatı zamanı məhkəmə iclasında şahid qismində ifadə verən X6, X10, X7, X8, X2 qarajın iddiaçının istifadəsində olmasını təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, söküntü Binəqədi rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və inzibati akt mahiyyətində olan göstərişləri əsasında aparılmış və iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində qarajdan istifadə etmək imkanını itirmişdir. Belə olan halda iddiaçının həmin əmlakın sökülməsindən irəli gələn real zərərin ödənilməsini tələb etməsi daha məqsədəuyğundur. Belə ki, iddiaçının istifadəsində olmuş qaraj sökülərək, həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiyindən iddia tələbi üzrə sökülmüş qarajın bərpa edilərək, göstərilən sahədə yerləşdirilməsi mümkün deyildir. Göründüyü kimi sökülmüş qarajın bərpa edilməsi mümkün olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1096.1-ci mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “ qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və onun bərpa edilərək iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar