Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1675/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi və qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(112)-1465/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(112)-1465/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. işin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-93/1 nömrəli 07 iyul 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, İddiaçı 04 may 2020-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya və onun ailə üzvlərinə (arvadı 31.05.1988-ci il təvəllüdlü Formulley Nafisa və oğlu 26.05.2020-cı il təvəllüdlü X4 Mohammad Sediq) qaçqın statusu verilməsi bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan İslam Respublikası vətəndaşı və etnik olaraq tacik, dini mənsubiyyətinə görə sünni müsəlmandır, evlidir. 10.06.1994-cü ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərinin Hacı Yaqub məntəqəsində anadan olmuşdur. O, 6 yaşından etibarən Kabil şəhəri Hacı Yaqub məntəqəsində X5 adlı məktəbdə orta təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 3 ay “Fanus” adlı özəl universitetdə mühasib ixtisası üzrə oxumuş, ailəsinin maddi vəziyyətinə görə təhsilini yarımçıq qoymuşdur. 11 yaşından əmək fəaliyyətinə başlamışdır. İddiaçı 6 il pul dəyişmə məntəqəsində işləmişdir. 2011-2017-ci illərdə amerikalılara məxsus “X2” adlı şirkətdə işləmiş, 2017-ci ildən Əfqanıstanı tərk edənədək, Əfqanıstanın Bədən tərbiyəsi və İdman İdarəsinin Qolf Federasiyasında qolf oynamaqla məşğul olmuşdur. Qolf federasiyasında olan zaman taliblər ona əməkdaşlıq təklif edərək həmin qolf federasiyasında qolf oynayan xaricilər barədə məlumat verməyi istəmişlər və bu əməkdaşlıq təklifindən imtina etdiyi üçün taliblər tərəfindən təhdid edilmiş və nəticədə 07.03.2020-ci il tarixində visa əsasında Azərbaycana gəlmişdir. İddiaçı 07.03.2020-ci ildə Azərbaycana gəlib. 04 may 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onunvəsatətini 42-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparmışlar. İddiaçı taliblərlə əməkdaşlıq etməkdən imtina etdiyinə görə taliblər tərəfindən təqib olunacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. apellyasiya şikayətinin dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasını bildirmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və onun ailə üzvləri – arvadı 31.05.1988-ci il təvəllüdlü Formulley Nafisa və oğlu 26.05.2020-ci il təvəllüdlü Formulley X1çqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulması, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin İQ-93/1 nömrəli 07.07.2020-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. “Qaçqın statusunun verilməsi haqqında” vəsatətə əsasən iddiaçı qaçqın statusunun verilməsi haqqında cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, iddiaçı qolf federasiyasında olan zaman taliblər ona əməkdaşlıq təklif edərək həmin qolf federasiyasında qolf oynayan xaricilər barədə məlumat verməyi istəmişlər və bu əməkdaşlıq təklifindən imtina etdiyi üçün taliblər tərəfindən təhdid edilmiş və bu səbəbdən geri qayıtmağa qorxmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 07 iyul 2020-ci il tarixli, İQ- 94/2 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərarda göstərilmişdir ki, ərizə anketinin qeydiyyatı və müsahibə zamanı verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilməmişdir. Ərizəçi etibarlı pasportu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin Əfqanistanı tərk etməsinin səbəbləri ilə bağlı gətirdiyi dəlilləri. ərizə-anketin qeydiyyatı və müsahibə zamanı verdiyi müəyyən fərqli məlumatlar onun Əfqanistanda taliblər tərəfindən təhdid olunması ilə bağlı dediklərini şübhə altına almışdır. Həmçinin ərizəçi 2018-ci ilin noyabr ayında taliblər tərəfindən təhdid olunduğunu qeyd etsə də, ölkəni tərk edənədək keçən 6 ay ərzində heç bir daxili yerdəyişmə alternativindən istifadə etməmiş və birbaşa ölkəsini tərk etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmişdir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə zamanı müəyyən еdilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci mаddəsinə əsаsən, diskrеsiоn səlаhiyyətlər qаnunlа inzibаti оrqаnа və yа vəzifəli şəхsə mümkün qаnunа uyğun qərаrlаrdаn birini sеçmək hüququnun vеrilməsidir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qаçqın stаtusunun vеrilməsindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(112)-1465/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1675/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1675/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver