Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1675/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9105/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 205 saylı evin 23 saylı mənzilindən X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən imtina edilməsinin əsası olaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsini əsas tutmuşdur. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış, xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsi sənədlərlə sübut olunur ki, iddiaçının anası - X3 mülkiyyətində üç müxtəlif ünvanda daşınmaz əmlak qeydə alınmışdır. Bu əsasla məhkəmə tərəfindən məlum halda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin tətbiq olunması yolverilməzdir. Üçüncü şəxs - iddiaçının anası Mətanət Həsənova Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov pr., 205 saylı evin 23 saylı mənzilində yaşamır, pasport qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə qəbul etdiyi qərarla təsdiq edir ki, üçüncü şəxs - iddiaçının anası Mətanət Həsənovanın öz mülkiyyət hüquqlarından əvəz almadan iddiaçının xeyrinə imtina etmiş, lakin iddiaçı ilə üçüncü şəxsin istifadə hüquqlarının itirilməsi barədə məhkəmə aktı mövcud deyildir. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinad edir. Məhkəmənin gəldiyi bu nəticə bir halda həqiqəti əks etdirmir, başqa halda adı çəkilən Plenum Qərarına ziddir. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 205 saylı evin 23 saylı mənzili iddiaçının anasının yox, atasının mülkiyyətində olmuş və birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla iddiaçının adına əvəzi alınmadan rəsmiləşdirilmişdir. Ailə üzvləri arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar 01 sentyabr 2000-ci ildən sonra yaranmış münasibətlərin Mülki Məcəllənin 228.1, 228.2-ci maddəsilə nizamlanması, 01 sentyabr 2000-ci il tarixə qədər olan münasibətlərin isə Mənzil Məcəlləsinin 123-cü maddəsilə nizamlanması barədə 27 iyul 2001-ci il tarixli qərar hazırki halda qəbul olunmalı idi. Məhkəmə Mülki Məcəllənin 255ci və digər maddələrinə istinad etmiş, lakin qanunvericiliyin bu prinsiplərinin məlum halda tətbiq olunması mümkünsüzdür. Servitut anlayışı, yəni əşyanın digər daşınmaz mülkiyyətçisinin xeyrinə elə bir formada yüklülüyüdür ki, digər əşya mülkiyyətçisi bəzi hallarda əşyadan istifadə etsin. Məlum halda əşya daşınmaz əmlak olaraq mülkiyyətində üç müxtəlif yerlərdə mənzil mülkiyyətçisi tərəfindən istifadə oluna bilərmi? Məhkəməyə təqdim edilmiş sənədlərlə sübut olunur ki, üçüncü şəxsin - iddiaçının anasının iddiaçı ilə mübahisəsi mövcuddur və bu, heç də iddiaçının yaxşı övlad olmadığı ilə bağlı deyil. Nikaha daxil olmaq istədiyi qızın iddiaçının anası tərəfindən qəbul edilməməsidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ tərəfindən İddiaçı ünvanlanmış 20 may 2022-ci il məktubdan görünür ki, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 205, mənzil 23 ünvanından iddiaçının X1nın qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilməsi qeyd olunmuşdur. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini İddiaçı bağışlamışdır İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli (qeydiyyat 03 fevral 2021- ci il) reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, ünvan 2 İddiaçı adına qeydiyyat alınmışdır və hazırda mülkiyyətindədir. X2 həmin mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RİH MKTB 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Yasamal rayon MKTB-nə ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Yasamal rayonu N.Nərimanov prospekti 205 saylı binanın 23-cü mənzili çıxarışa əsasən İddiaçı adındadır və N.Nərimanov 207 saylı binanın 60-cı mənzilində yaşayır. X1 2003-cü ildən 23-cü mənzildə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci ildə verilmiş XX-JQ seriyalı 396676 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1997ci ildə Bakı şəhərində doğulmuşdur, atası X9, X1dır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 205 saylı evin 23 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı üçüncü şəxs - X1nın həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında qeyd olunan mövqe yaşayış sahəsinə istifadə hüquqları ilə bağlı ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan hallardır. Hazırki halda isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9cu maddəsində konkret müəyyən edilmişdir. ünvan 2 İddiaçı mülkiyyətində olsa da, üçüncü şəxs X5 münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birininin, o cümlədən üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu müəyyən edilmir. Halbuki yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi, yəni hazırki üçüncü şəxs öz mülkiyyət hüquqlarından əvəz almadan imtina edərək həmin hüquqların iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirsə də, hazırki halda iddiaçı ilə üçüncü şəxs arasında ailə münasibətləri mövcud olduğundan, üçüncü şəxsin istifadə hüququnun itirilməsi (və ya xitam verilməsi) və ya üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu zəruridir. Lakin iddiaçı anası - üçüncü şəxs X5 münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1675/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1675/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver