Məhkəmə qərarları › İş №2-1(103)-1676/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1676/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1676/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1527/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1527/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1988-1993-cü illərdə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədə fəal iştirak etməsinə baxmayaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Onun müharibədə iştirakını şahidlər və Ağdam RİHB-nin birinci müavinin xx.xx.2019-cu il tarixli arayışı təsdiq edir. Ağdam RİHB-nin birinci müavininin xx.xx.2019cu il tarixli arayışında göstərilir ki, Ağdam şəhər sakini İddiaçı 1988- ci ildən-1991-ci ilədək Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının ilkin iclasında çıxış edən iddiaçının vəkili X6 bildirmişdir ki, iddiaçı 1988-1993-cü illərdə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. müharibədə fəal iştirak etməsinə baxmayaraq bu günə kimi ona “müharibə veteranı” adı vəsiqəsi verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qərar maddi və prosessual hüquq normalarının pozulası, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən edilməməsi, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, vəkillə eyni məzmunlu izhat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 02/530 saylı, xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, X7 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Əsas olaraq Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsinin təqdim etdiyi siyahı və xx xxx 2019-cu il tarixli 288 saylı arayış göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxxxxxxxxxxxxxxxxx” X1 MMC tərəfindən verilmiş 35 saylı, xx xxx 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi Ağdam 2711 saylı hərbiləşdirilmiş Avtodəstədə sürücü işləmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxxxxxxxxxxxxxxxxx” X1 MMC tərəfindən verilmiş 38 saylı, xx xxx 2013-cü il tarixli arayışdan görünür ki, Ağdam 2711 saylı Avtodəstəyə məxsus möhür və ştamp 1992-ci ildə dəyişdirilərək Ağdam Avtokombinat, 2006-cı ildə Ağdam Avtokombinat MMC olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, N/2895 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və sənədlərinə baxılmış, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarına istinad olunaraq, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən əsasverici sənədlər olduğu təqdirə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla biləcəyi göstərilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı Ağdam Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 02/530 saylı, xx xxx 2019-cu il tarixli arayış əsasında onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinin sübut edildiyinə istinad edərək, cavabdehin imtinasını əsassız hesab edir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı 1988-ci ildən 1991- ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən arayışı iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən həmin arayış iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Birinci instansiya məhkəməsi araşdırması dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 438 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısına İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi sorğu əsasında Ağdam Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 02/121 saylı, xx xxxx 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında xx.xx.1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Lakin siyahının surəti və həmin siyahıda İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki halda iddiaçının döyüşlərdə iştirakını təsdiq edən başqa sənədlər olmadığından, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 02/530 saylı, xx xxx 2019-cu il tarixli arayış əsasında ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin qərarında gəldiyi nəticə ilə razılaşır və hesab edir ki qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1527/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar