Məhkəmə qərarları › İş №2-1(103)-1676/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1676/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1676/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 55 yaşdan hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1965-ci ildə Qəbələ rayonunda anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1981-ci ildə X1 başlamış, həmin kombinatda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan əyrici vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixində azad edilmişdir. Daha sonra, xx.xx.2000-ci ildən xx.xx.2005-ci il tarixədək Şəki rayonu X5 xadimə işləmiş, lakin xx.xx.2006-cı il tarixdə Bələdiyyənin inzibati binasında baş vermiş yanğın nəticəsində hesablanmış əmək haqqı cədvəlləri və əmr kitabları yanaraq məhv olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi üçün ərizə ilə müvafiq sənədlərlə birlikdə müraciət etsə də, İdarə ona ünvanladığı məktublarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə (52 yaşdan) yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, onun təqdim etdiyi “Turan Bələdiyyəsinin 5 iyun 2018-ci il tarixli 29 nömrəli arayışında onun xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində xadimə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda müəssisədə baş verən yanğın səbəbindən müəssisənin yanaraq məhv olduğu, möhür və sənədlərin saxlanılmadığı qeyd olunmuşdur. Eyni zamanda, Azərbaycan X6 filialının iddiaçıya dair arxiv arayışında iddiaçının xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz analıq məzuniyyətində olduğu qeyd olunmuşdur. Qeyd edilənlərə görə xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri iddiaçının ümumi iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (11 il 1 ay 10 gün (xx.xx.1981-xx.xx.1991- ci il və xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44640,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 10.702,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2927/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehin imtinasının səbəbi kimi, onun ümumi iş stajının 20 ildən az olması və tələb olunan kapitalının olmaması göstərilmiş, məhkəmə də onun 20 il güzəştli stajına dair güzəştli arayışının olmaması, uşağa qulluğa görə məzuniyyətdə olduğu dövrlərdə əmək haqqı ödənilməməsi, tələb olunan stajın və fərdi hesabnının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 44.640 manat (10702,28 manatolması) olmaması ilə iddia rədd edilmişdir. Halbuki, onun işlədiyi əyrici vəzifəsi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısında, istərsə də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahısının 32-ci bölməsində əks edildiyinə vəhəmin peşədə işlədyi ona məxsus əmək kitbçası ilə sübuta yetirildiyinə görə iddia tələbi əsaslıdır. Onun 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuş və o, 20 ildən çox ümumi, 10 ildən çox xüsusi iş stajını qazanmışdır. Məhkəmənin iddiaçının əyrici kimi 20 il iş stajı olmaması əsası ilə onun güzəştli pensiya hüqüqunun olmaması ilə bağlı mövqeyi əsassızdır. Çünki, onun 52 yaşının tamam olduğu xx.xx.2017ci il (hətta 55 yaşının tamam olduğu xx.xx.2019-cu il) tarixində qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun «əyrici» peşəsində 20 il deyil, 10 il işləməsi tələb olunurdu. Belə ki, qeyd edilən normaya görə qadınlar 52 yaşına çatdıqda, azı 20 il ümumi, 10 il güzəştli stajı olduqda, güzəştli pensiya hüququ yaranır. Məhkəmənin digər dəlili, güzəştli arayışın olmaması ilə bağlıdır. Halbuki, həmin arayışın verilməsi üçün məhkəmə özü analoji idarə və müəssisələrə sorğu verməli idi. Məhkəmənin həmin mövqeyi ilə o halda razılaşmaq olardı ki, onun işlədiyi yer hazırda mövcud olsun və işəgötürəndən həmin arayışı alıb və cavabdehə təqdim edə bilərdi. Onun işlədiyi X4 bağlanmış, sənədləri arxivə təhvil verilmişdir. Məhkəmənin digər dəlili 3 ayşınadək uşağı qulluq etdiyi dövrdə əmək haqqı almaması ilə bağlıdır və bu əsasla həmin dövrləri staja daxil etməmişdir. Halbuki o, həmin dövrlərdə 3 yaşına çatmamış uşağına qulluq etmiş, bu əsasla məzuniyyətdə olmuş və buna görə də ödənişlər (dekret pulu) almışdır. AR DSMFnin sədrinin yerli yerli yerli şöbələrə ünvanladığı 8.11.2007-ci il tarixli xx/xx-3402№-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Daha sonra əvvəllər qüvvədə oluş Əmək Qanunları Məcəlləsinin 185-ci, qüvvədə olan Əmək Məcəlləsinin 112.1-ci, 127-ci v əs. Maddi hüquq normalarına istinad olunur) Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Hazırkı apellyasiya mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM-in 13, 45.4-cü maddələrinə müvafiq olaraq ərizə icraata qəbul olunmuş hesab olunur). Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin olunmasını və ona 52 yaşından əmək pensiyası təyin olunması barədə yeni qərar çıxaılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 26 may 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etirazını bildirərək iddiaçının ümumi 20 ildən az olduğunu və onun müvafiq pensiya kapitalının olmadığını əsas gtirərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə kollegiyası barədə məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesabetmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, konkret halda, hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan xx.xx.2006-cı il tarixindək qüvvədəolmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «e» bəndinə əsasən toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə 50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən qeydedilən yaş həddi 52 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısına əlavəsində isə toxuculuq istehsalatına çalışan “əyricilər” güzəştli pensiya hüquq verən peşələr sırasına aid edilmişdir. İddiaçının qanunvericiliyə müvafiq olaraq müəyyən olunan iş stajı isə 20 ildən də çoxdur. Belə ki iddiaçının qeyd olunan müəssisə və təşkilatda çalışdığı vaxt qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Bundan əlavə, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: -əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); -iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. Qanun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətinə və Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli 183-Asan» nömrəli arayışı tədqiq olunduqda, onun X1 xx.xx.1981-xx.xx.1995-ci illərdə (14 il 5 ay) aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1981-xx.xx.1981: əyrici istehsalatında «əyrici şagirdi»-6 ay 15 gün; xx.xx.1981-xx.xx.1995: həmin istehsalatda «əyrici» 13 il 4 ay 1 gün Qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası xx.xx.2013-cü il tarixində açılsa da onda təsbit olunan qeydlər tədqiq olunan arxiv arayışında göstərilən məlumatlarla eynilik təşkil edir. Digər tərəfdən, hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli E-15 saylı arxiv arayşına və ona əlavə edilmiş Mingəçevir Filialının iddiaçı barəsində X4 tərəfindən tərtib olunan şəxsi vərəqəsində (forma “T-2” kartı) mövcud olan məlumatlarda da öz təsdiqini tapır. Lakin cavabdehin imtina məktublarına və iddia ərizəsinə etirazına əsasən müəyyən olunur ki, 1991-ci ildən 1994-cü ilə qədər olan dövr iddiaçının sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilmir. Halbuki AR X6 Filialının tədqiq olunan arayışna, eləcə də əmək kitabçasının qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci il tarixdən 1994-cü ilin fevral ayına qədər üç illik analıq məzuniyyətində olmuşdur ki, bu müddətin də cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddəsinin 1-ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də ümumi qaydada həmin müddətin işçinin fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Qeyd olunanlar baxımından, habelə formalaşmış məhkəmə təcrübəsi (müvafiq qərarlar iş materiallarına əlavə olunur) də nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına kimi X1 işlədiyi analıq məzuniyyəti dövrü onun fasiləsiz iş stajına daxil edilməlidir. Bundan başqa, iş materiallarına əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək bələdiyyənin idarə binasında xadimə kimi 5 il 11 ay 18 gün iş stajının mövcud olduğu da müəyyən olunur. Belə ki, hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi Şəki rayon Turan Bələdiyyəsinin üzvlərinin iştirakı ilə tərtib olunmuş 04 dekabr 2013-cü il tarixli aktına, əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə (Əmr No 4) Turan bələdiyyəsinin yerləşdiyi idarə binas Turan bələdiyyəsinə xadimə kimi işə qəbul olmuş xx.xx.2005-ci il tarixində öz xahişi il işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixli əmək kitabçasında onun bələdiyyəyə dair əmək fəaliyyətinin qeyd edilməsi ondan əvvəlki 12.xx.xx.2000-ci il tarixində onun adına açılmış ******* N-li əmək kitabçasının surətinə (həmin surət işə əlavə olunmuşdur) əsasən olub. Lakin özünün deməsinə görə əvvəlki əmək kitabçasını tapa bilməmiş, sonradan onun surətini tapmışdır.xx.xx.2013-cü il tarixində açılmış əmək kitabçasında onun bələdiyyəki fəaliyyətinin qeydləri sonradan tapdığı həmin əmək kitabçasının surəti əsasında yazılmışdır. Eyni zamanda, işə əlavə olunmuş Turan Bələdiyyəsinin 29 nömərli xx.xx.2018-ci il tarixli və Şəki rayon X7 Hissəsinin isə 01 iyun 2017-ci il tarixli 105 nömrəli arayışlarına əsasən müəyyən olunur ki, bələdiyyənin yerləşdiyi idarə binası xx.xx.2006-cı il tarixdə yanmış, bina yanarkən S.Orconikidze adına Taxılçılıq sovxozunun həmin binada mühafizə olunan 1946-1992-ci illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları da yanıb məhv olmuşdur. O cümlədən, Turan Bələdiyyəsinə aid olan 2000-ci ildən xx.xx.2006-cı il tarixədək bələdiyyə dövrünə aid hesablanmış əmək haqqı cədvəlləri və əmr kitabları da yanıb məhv olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də Qanunun qeyd olunan tələbləri də nəzərə alınmaqla, tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2000xx.xx.2005 illərdə Şəki rayonu Turan Bələdiyyəsində xadimə kimi 5 il 11 ay 18 gün işlədiyi onun sığorta stajı kimi nəzərə alınmasını zəruri edə faktiki şərtlər mövcuddur. Həmin staj iddiaçının sığorta stajına daxil edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə də qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının xx.xx.1981-xx.xx.1995-ci il tarixinədək X3 işlədiyi 14 il 5 ay, xx.xx.2000-xx.xx.2005-ci illərdə isə Şəki rayon Turan Bələdiyyəsində xadimə kimi işlədiyi 5 il 11 ay 18 gün nəzərə alınmaqla, onun 20 il 4 ay 18 gün ümumi sığorta sıtajı toplanır ki, bu müddətdən də “əyrici şagirdi” kimi işlədiyi (6 ay 15 gün) və analıq məzuniyyət dövrü (3 il) və bələdiyyədə xədimə kimi işlədiyi müddət (5 il 11 ay 18 gün) - cəmi, 9 il 6 ay 3 gün çıxıldıqda onun Mingəçevir Tocucuuluq kombinatında əyrici sexində “əyrici” kimi 10 ildən çox sığorta stajı mövcud olur. 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında Qanunun qeyd olunan 13-cü maddəsinin “e” bəndinin tələbində isə həmin peşə üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 20 il staj tələb olunurdu. Lakin Azərbaycan Respublikası Konstitsuiyasının 149-cu maddəsinin 7-ci hissəsi nəzərə alındıqda, məhkəmə kollegiyası hesab edir ki, hazırda qüvvədə olan “Əmək pensiaları haqqında” Qanunun müəyyən etdiyi qaydalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə “Əmək pensiaları haqqında” Qanunla müəyyən olunan normalar hazırıkı iddiaçının hazırkı iddia tələbinə münasibətdə tətbiq olunmalıdır. Belə olan halda, “Əmək pensiaları haqqında” Qanunun 9.1-ci maddəsinin, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1955-ci il təvəllüdlü iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixində qüvvədə olan redaksiyası ilə isə nəzərədə tutulurdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, bu normada pensiya kapitalı tələb olunmur. Həmin normanın işçinin ümumi və xüsusi staja olan tələğlərinə gəldikdə isə tədqiq olunan sübutlarala müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox ümumi stajı 10 ildən də çox güzəştli (toxucu istehsalatında “əyrici”) stajı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qeyd olunan qərarı ilə təsdiq edilmiş 2 Salı Siyahının əlavəsində toxucu istehsalatında əyricilər güzəhtli pensiya hüquq verən peşə kimi nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 32-ci bölməsində 22-ci sətrində də “əyricilər” güzəştli staj kimi nəzərdə tutulmuşdur. Beləliklə də iddiaçıya onun dəqiqləşdirilmiş iddia tələbi üzrə 52 yaşından, yəni 52 xx.xx.2017-ci il tarixindən güzəşitli şərtlərə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən olunan şərtlər ödənilir. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin məhkəməyə təqdim olunmuş 11 noyabr 2022-ci il tarixli **********4 saylı məktuna əsasən müəyyən olunur ki, iddiaçının pensiya təyinatı ilə bağlı ilkin müraciəti xx.xx.2020-ci il tarixində cavabdehə Filiala daxil olmuşdur. Belə olan halda, həmin tarixdən əvvəlki üç ilin başlanğıcı xx.xx.2017-ci il tarixinə düşür. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensyası təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki üçl üçün, yəni, xx.xx.2017-ci il tarixindən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi üçün bütün faktiki şərtlərin mövcud olduğu halda, cavabdeh tərəfindən iddiaçıya , onun xeyrinə olan halların nəzərə alınmasından imtina edərək, ərizəsinin icrasından boyun qaçırmaqla qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, gəldiyi nəticə işin hallarına və maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, həmin qərar ləğv edilməli və iş üzrə onun hazırkı mərhələdə dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalı və ona 52 yaşının tamam xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensyası təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-ci il tarixindən pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensyası təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-ci il tarixindən pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar