Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1676/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9256/2022 saylı 03 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2013-cü il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə vergi ödəyicisi qismində uçota alınmışdır. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 101.859 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcuddur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti ilə İddiaçı arasında **********448900 saylı 17 iyul 2014-cu il tarixli “Vergi partnyorluğu sazişi” bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Lokal Gəlirlər Baş İdarəsinə ərizələrlə müraciət edərək artıq ödənilmiş pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş " Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin bildiririk ki, tərəfinizdən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Sizinlə “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə tərəfinizdən öhdəliklərinizin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyiniz dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi Sizə tövsiyyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli müraciəti olmuş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “artıq ödənilmiş 101.858 manat pul vəsaitinin geri qaytarılması barədə rəyin verilməsi barədə qərar qəbul edilməsi” ilə bağlıdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 dekabr 2013-cü il tarixdə fərdi sahibkarliq fəaliyyəti ilə məşğul olmaq məqsədilə aidiyyəti qurumdan qeydiyyatdan keçməklə vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət növü (kod 55100) mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi olmuşdur. 17 iyul 2014-cu il tarixdə əvvəlki Vergilər Nazirliyinin aiddiyəti qurumu ilə onun arasında “Vergi partnyorluğu sazişi” bağlanmışdır. “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə bağlanmış niyyət razılaşmasıdır. Həmin sazişə əsasən adiyyəti qurum konkret olaraq əvvəlcədən özünün müəyyən etdiyi məbləği vergi ödəyicisindən hər ay alırdı. Vergilər Nazirliyi tərəfindən həmin vaxt ona şifahi formada bildirilmişdir ki, o, vergilərin məbləğindən asılı olmayaraq hər ay 4.000 manat ödəməlidir. Lakin onun aylıq vergi hesabatları 4.000 manat təşkil etmirdi, təqribən 1.000 – 1.500 manat olardı. Bu isə, iddiaçının dövriyyəsinin az olması ilə əlaqədar idi. Onun tərəfindən hər ay artıq ödəmələrin təsdiqi vergi ödəyicisi kimi ona məxsus olan şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Bu əsasla da o, 101.858 manat dövlət büdcəsinə artıq ödəmə həyata keçirilmişdir. Həmin vaxtlar aktiv vergi ödəyicisi olduğundan artıq ödəmələrin gələcəkdə yaranacaq vergi hesabatlarınla əvəzləşəcəyini nəzərdə tuturdu. Lakin dünyada və ölkəmizdə baş vermiş pandemiya səbəbindən o, sahibkarlıq fəaliyyətini dayandırmaq qərarına gəlmişdir. Bu məqsədlə sahibkarlıq fəaliyyətini 17 mart 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək dayandırılması ilə bağlı cavabdeh orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəsmi müraciət etmiş və fəaliyyətini rəsmi şəkildə dayandırmışdır. Sonra yenidən müxtəlif tarixlərdə onun fəaliyyətinin dayandırılmasının uzadılması barədə yəni 29 dekabr 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək, 20 may 2021-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək, 1 yanvar 2026-cı il tarixdən 1 yanvar 2031-ci il tarixədək dövrlərlə bağlı ərizələrlə cavabdeh orqana müraciət etmiş və onun sahibkarlıq fəaliyyətinin dayandırılması rəsmi şəkildə uzadılmışdır. O, sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra maddi vəziyyətinin pisləşməsi səbəbindən “artıq ödəmənin qaytarılması barədə” cavabdehə müavfiq icra hakimiyyət orqanın müəyyən etdiyi formada rəsmi şəkildə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizənin icra edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan imtinasında istinad etdiyi hal kimi 17 iyun 2014-cü il tarixdə vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün həmçinin “Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra vergilərin ödənilməsi üzrə onun tərəfindən öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir və sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütanasib göstərilməsi tövsiyyəsi olunmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Şəxsi hesab vərəqəsində onun tərəfindən artıq ödəmələr məbləğləri öz təsdiqini tapmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı Əhmədov X5 101,858 manat məbləğində pul vəsaitinin qaytarılması barədə 8 fevral 2022-ci il tarixli **********195000 və 27 aprel 2022-ci il tarixli **********573900 nömrəli ərizələrlə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən vergi orqanına 17 iyun 2014-cü il tarixdə vergi orqanı ilə vergi ödəyicisi arasında “Vergi partnyorluğu sazişi”nin bağlanması üçün ərizə ilə müraciət edildiyi məlum olmuşdur. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyindən, müraciətin icrası mümkün olmamışdır. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi" vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Məcəllənin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciiəri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 6.1-ci maddəsinə əsasən verg ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barəd; vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qeyd edilən Qaydaların 5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bır nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanlan tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmalı məbləği qədər azaldılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9256/2022 saylı 03 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı artıq ödədiyi 101.858 manat pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Məhkəmə qərarında qeyd edir ki, iddiaçının artıq ödəməsinin silinməsinin və onun qaldırdığı artıq ödənilmiş vergi məbləğinin qaytarılması məsələnin müsbət həllindən imtinasının nülahizələrlə əsaslandırdığı qənaətinə gəlir. Belə ki, iddiaçının müvafiq məbləğdə artıq ödəməinin olması cavabadeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bundan başqa cavabdehin dəlili, yəni vergi partnyorluğu sazişinə uyğun olaraq münasibət bildirməməsi artıq ödənilməli məbləğin qaytarılmasından imtina üçün əsas kimi çıxış ola bilməz. Bildirilir ki, vergi orqanı ilə vergi ödəyicisi arasında partnyorluğ sazişinin bağlanmasına baxmararaq fiziki şəxs tərəfindən saziş üzrə ödənişlər edilsə belə müvafiq dövr üçün byannamələr təqdim edilməmişdirş Bu hal isə süni şəkildə artıq ödəmənin yaranmasına əsas olmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “artıq ödənilmiş 101.858 manat pul vəsaitinin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının artıq ödəməsinin silinməsinin və onun qaldırdığı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırılmasına, iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olmasının cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmamasına, cavabdehin “vergi partnyorluğu sazişinə uyğun olaraq münasibət bildirilməməsi” barədə dəlilinin artıq ödənilmiş məbləğin qaytarılmasından imtina üçün əsas kimi çıxış edə bilməməsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli müraciəti olmuş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı onun tərəfindən artıq ödənilmiş 101.858 manat pul vəsaitinin geri qaytarılması barədə rəyin verilməsini istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. Həmin Məcəllənin 24.0.10-cü maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 5 il müddəti keçməmiş artıq ödənilmiş məbləğ xx.xx.2016-xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmələrdir. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının “Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Məcəllənin 15.1.15-1. vergi risklərinin minimallaşdırılması məqsədi ilə “Vergi partnyorluğu sazişi” bağlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək vergi ödəyicisinin hüququdur. Həmin məcəllənin 23.1.15-2-ci maddəsinə vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu sazişi” bağlamaq vergi orqanlarının hüququdur. İşin hallarından görünür ki, vergi orqanı ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə vergi partnyorluğu sazişi bağlanılmış, şəxsi hesab vərəqəsinə əsasən sazişin qüvvədə olduğu dövrdə tələb edilən vergi ödəmələri ilə yanaşı büdcəyə müvafiq məbləğlərdə artıq məbləğlər ödənilmişdir. Lakin nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına müvafiq vergi ödəmələrindən artıq hər hansı məbləğin tələb edilməsini qadağan etsə də, bu və ya digər səbəbdən vergi məbləğindən artıq məbləğin ödənilməsini vergi ödəyicisinə qadağan etməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin yuxarıda adıçəkilən 85, 87-ci maddələri, eləcə də “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsini artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmamışdır. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9256/2022 saylı 03 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9256/2022 saylı 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1676/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1676/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver