Məhkəmə qərarları › İş №2-1(103)-1676/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1676/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1676/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, . İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2148/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayon Xələfli kənd orta məktəbindəki iş stajının düzgünlüyünü araşdırmağa heç bir ehtiyac və zərurət yoxdur. Çünki, bu barədə iddiaçının adına qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq edilmiş əmək kitabçası vardır. Həmin əmək kitabçasında aparılmış qeydiyyatların həqiqiliyinə şübhə doğuran heç bir hal yoxdur. Belə olduğu halda göstərilən əsasla iddiaçıya pensiya təyin olunmasından imtina olunması qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2148/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi Cəbrayıl rayonu Xələfli kənd orta məktəbinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Yaşa görə pensiya hüququ qanunla müəyyən edilən şərtlər ödənildiyi təqdirdə 61 yaş 06 ayla xx.xx.2020-ci il tarixdə yaranmışdır. İddiaçı xx.xx.1975xx.xx.2006-cı illərdə Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində işlədiyini iddia edir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1980ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbindəki iş stajının düzgünlüyünü araşdırmaq üçün cavabdeh tərəfindən Fondun Cəbrayıl rayon filialına sorğu göndərilmişdir. Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılmasının mümkün olmaması göstərilmişdir. Həmçinin xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə iddiaçının ad, ata adı və soyadı “İddiaçı” deyil, X4 qeyd edilmişdir. Bəzi illərdə isə ata adı ümumiyyətlə qeyd edilməmişdir. Bunlarla yanaşı, əmək kitabçasında xx.xx.1975-ci il tarixdə eyni vaxtda məktəbə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edildiyi qeyd edilsə də, işdən azad edilmə tarixi göstərilməmişdir. Hazırkı iş üzrə iddiaçının əmək kitabçası və təhsil illərinə əsasən ümumi iş stajı tələb olunan 25 ildən azdır. İddiaçının əmək kitabçasının açıldığı il xx.xx.1975-ci il olsa da kitabçadakı qeydlər xüsusən də xx.xx.1994-cü ilədək olan dövrün Azərbaycan dilində olması, eləcə də rayon təhsil şöbəsinin də verdiyi cavabdan müəyyən olunur ki, iddiaçının Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər arxiv sənədləri (əmrlər, əmrlər kitabından çıxarış, əmək haqqı cədvəlləri) əsasında deyil, işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçıya verilmiş qeyd edilən kitabça sonradan tərtib edilərək hazırki rayon təhsil şöbəsinin möhürü ilə təsdiqlənsə də, əmək kitabçasının təkrar tərtib edilməsi üçün tələb olunan sənədlər rayon təhsil şöbəsində mövcud deyildir. Belə olan halda əmək kitabçasının hansı hüquqi sənəd əsasında tərtib edildiyi müəyyən olunmadığından kitabçanın əmək kitabçasının verilmə qaydalarına riayət edilmədən verildiyi müəyyən olunur. İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, iddiaçının 2006-cı ilin yanvar-dekabr, 2015-ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvar-dekabr ayları üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Belə olan halda İddiaçı xx.xx.1976-xx.xx.1980-ci ilədək təhsil dövrü 03 il 09 ay 28 gün olmaqla, əmək kitabçasına və əmək haqqı cədvəllərinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı ilədək 12 il 04 ay 01 gün, məcburi sığorta ödəmələrinin aparıldığı 2006, 2015, 2016-ci illər nəzərə alındıqda ümumi iş stajının 19 il 01 ay 29 gün olduğu müəyyən edilir ki, bununla da iddiaçının pensiya təyinatı üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılmasının mümkün olmaması göstərilmişdir. xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə iddiaçının ad, ata adı və soyadı “İddiaçı” deyil, X4 qeyd edilmişdir. Bəzi illərdə isə ata adı ümumiyyətlə qeyd edilməmişdir. Yuxarıda qeyd edilən əsaslar İddiaçı həmin dövrlərdə əmək fəaliyyətinin doğruluğuna əsaslı şübhələr doğurur. Belə olan halda iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Həmçinin, 30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli qanunla əlavə edilmiş yeni tənzimlənməyə görə xx.xx.2019-cu il tarixdən pensiya təyinatı avtomatlaşdırılmış qaydada təyin olunur. Bu zaman 2018-ci ilin 1 iyul tarixinə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda avtomatik olaraq həmin şəxslərin xx.xx.2006-ci il tarixə sosial sığorta stajı 25 ilə bərabərləşir. Başqa sözlə xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çevrilməsinə və bununla da pensiya təyinatının aparılmasına əsas verir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilədək sosial sığorta stajı tələb olunan 25 ildən azdır. Lakin eyni zamanda iddiaçının hesabına 2006, 2015, 2016-cı illər üzrə məcburi sığorta ödəmələri aparılmışdır. Yəni iddiaçının fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcuddur. Bu halda iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılması yolveriləndir. Həmçinin 22-1.5ci maddəsindəki “keçirilməsinə yol verilmir” ifadəsi ilə bağlı qeyd edilir ki, burada eyni təyinatlı sosial ödənişlərin birindən digərinə, yəni yaşa görə sosial müavinətdən-yaşa görə əmək pensiyası, ailə başçısını itirməyə görə sosial müavinətdən ailə başçısını itirməyə görə əmək pensiyasına və s. keçid istisna olunur. Başqa sözlə keçirilmə məhz eyni növlü təyinatın bir-birinə keçidini əngəlləyir, lakin müxtəlif təyinatlı sosial ödənişlərin bir- birinə keçidinə mane olmur. İddiaçıya 2016-cı ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırki halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya qanunun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. İstinad olunan maddə ilə bağlı qeyd etmək zəruridir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Maddənin məzmunundan aydın olur ki, burada növündən və s. asılı olmayaraq konkret olaraq 2019cu il yanvarın 1-dək istənilən növ sosial müavinət alan şəxslərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasının yolverilməz olduğu qeyd edilmişdir. Hazır iş üzrə İddiaçı xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulan sosial müavinət təyin edilərək ödənildiyindən Qanunun 22-1.2-ci maddəsi tətbiq edilə bilməz. Burdan belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsinin qərarı yalnız fərziyyələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi barədə İddiaçı iddiası təmin olunmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2- 1(103)-1243/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2- 1(103)-1243/2023 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də bu qərarın 28ci bəndində qeyd edilən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsi baxımından və cavabdehin imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmişdir Təkrar Apellyasiya baxışı zamanı məhkəmənin mövqeyi Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, cavabdeh tərəfindən mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq və kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli iş üzrə yeni qərar qəbul olunmalıdır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, ilk soyadı “İmanova” olmuş, xx.xx.1980-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olduqdan sonra ona “Əsədova” soyadı verilmişdir. xx.xx.1980-ci il tarixli, Г-İ 035624 nömrəli diploma əsasən, iddiaçı 1976-cı ildə Y.Məmmədəliyev adına X12 İnstitutuna daxil omuş, 1980-ci ildə həmin İnstitutu “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona “Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası verilmişdir. xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1975-ci ildə Cəbrayıl rayon Xələfli stansiyasındakı məktəbdə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci ildə Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1985-ci ildə ərizəsinə əsasən azad edilmişdir. xx.xx.1985ci ildə yaşayış yerini dəyişdiyindən ərizəsinə əsasən Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1994-cü ildə Cəbrayıl rayonu işğal olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 181 nömrəli Qərarına əsasən iddiaçının adı dondurulmuş əmək haqqı alanların siyahısına salınmış və ona orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 181 nömrəli Qərarının müddəti artırılmadığına görə dondurulmuş orta aylıq əmək haqqı dayandırılaraq adı ehtiyat kadr siyahısına salınmışdır. xx.xx.2019- cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmiş və rayonun müəllimliyindən azad edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilərək ödənilir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciəti təmin olunmadıqdan sonra iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının stajı 25 ildən az olsa da (stajı təsdiq edənlərin mötəbərliyinin şübhə doğurması əsası ilə 25 il staj təsdiqlənmir), iddiaçının hesabına 2006-cı, 2015-ci, 2016-cı illər üzrə məcburi sığorta ödəmələri aparılmışdır ki, bu hal ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsi ilə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün əsasdır. Digər tərəfdən, Qanunun 22- 1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan normanın tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqam sosial müavinətin və keçirilməsi nəzərdə tutulan pensiya növünün eyni növdə olmasıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2019-cu il tarixli, 866 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində sosial müavinət təyin edilmişdir. Qeyd edildiyi kimi, bu müavinət yaşa görə sosial müavinət deyildir, müavinət 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətdir. Bu növ müavinətin “Əmək pensiyaları haqqında” Qanun ilə nəzərdə tutulmuş qarşılığı olan pensiya növü “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “çoxuşaqlı qadınlar üçün uşaqlara görə” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası növüdür. Qeyd edilməlidir ki, xx.xx.2019cu il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququ var idisə, həmin tarixdən sonra və hazırda qüvvədə olan qanunun tələbinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş 8-ci maddəsinin redaksiyasında üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan 51 yaşına çatmış qadınların əmək pensiyası hüququ var idisə, həmin tarixdən (xx.xx.2009-cu ildən) “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilmiş dəyişiklikdən sonra 5 və daha çox uşaqlı anaların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının çoxuşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən sosial müavinət almaq hüququ yarandığı vaxt həmin müavinət növünə qarşılıq olan “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş çoxuşaqlı qadın olaraq pensiya hüququ mövcud deyildi. Eyni zamanda, bu növ müavinət ona yaşa görə pensiya hüququ yaranmadığına görə deyil, məhz həmin vaxt qüvvədə olan sosial təminat qanunvericiliyi ilə çoxuşaqlı qadın olduğuna görə təyin edilmişdi. Dolayısı ilə çoxuşaqlı qadınlara verilən müavinətin qarşılığı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə pensiya olmadığından, sosial müavinətin təyin edildiyi vaxt iddiaçının nə həmin müavinətə qarşılıq “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə” əmək pensiyasına, nə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə əmək pensiyasına hüququ olmadığına görə iddiaçıya 2016-cı ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Əksinə, eyni növlü sosial müavinətdən, yəni yaşa görə müavinətdən keçid olmadığından iddiaçının xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınan pensiya kapitalı nəzərə alınmalı, ona Qanunun 22-1.2-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada 25 il ümumi iş stajı hesabı ilə pensiya təyinatı aparılmalıdır Göründüyü kimi, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş sosial müavinət yaşa görə sosial müavinət deyil, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət olmuş, həmin sosial müavinətin təyin edildiyi vaxt iddiaçının nə həmin müavinətə qarşılıq “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə” əmək pensiyasına, nə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə əmək pensiyasına hüququ olmadığından, həmin müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə görə, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qanunverici qeyd edilən normada sosial müavinətlərin hər hansı bir növündən deyil, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş istənilən növ sosial müavinətdən bəhs edir və belə halda da “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol vermir. Lakin buna baxmayaraq Kollegiya hesab edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi əsaslı olduğundan iddia təmin olunmalıdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2019-cü il tarixdən 30 iyun 2020-ci il tarixədək qadınların pensiya yaşı 61 yaş 06 ay müəyyən olunmuşdur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 61 yaş 6 ayını xx.xx.2020-ci il tarixində tamamlamışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İş materiallarında olan əmək iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı 03 oktyabr 1975-ci ildə Cəbrayıl rayonu Xələfli stansiyasındakı məktəbdə kitabxana müdiri və kargüzarlıq vəzifəsinə təyin edilmişdir. 01 sentyabr 1980-ci ildə Xələfli stansiyası kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, 01 sentyabr 1985-ci ildə həmin kənd orta məktəbin müəllimliyindən ərizəsinə əsasən azad edilmişdir. 01 sentyabr 1985-ci ildən yaşayış yeri dəyişdiyindən Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. 10 may 1994-cü ildə Cəbrayıl rayonu işğal olunduğundan Nazirlər Kabinetinin 181 saylı 10 may 1994-cü il tarixli Qərarına əsasən İddiaçı adı, dondurulmuş əmək haqqı alanların siyahısına salınmış və ona orta aylıq əmək haqqı ödənilmişdir. 30 dekabr 2016-cı il tarixdə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 saylı Qərarının müddəti artırılmadığına görə dondurulmuş orta aylıq əmək haqqı dayandırılaraq onun adı ehtiyat kadr siyahısına salınmışdır. 18 may 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə müvafiq olaraq İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmiş və Cəbrayıl rayonunun müəllimliyindən azad olunmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi Cəbrayıl rayonu Xələfli kənd orta məktəbinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Həmçinin xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə iddiaçının ad, ata adı və soyadı “İddiaçı” deyil, X4 qeyd edilmişdir. Bunlarla yanaşı, əmək kitabçasında xx.xx.1975-ci il tarixdə eyni vaxtda məktəbə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edildiyi qeyd edilsə də, işdən azad edilmə tarixi göstərilməmişdir. Hazırkı iş üzrə iddiaçının əmək kitabçası və təhsil illərinə əsasən ümumi iş stajı tələb olunan 25 ildən azdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəbrayıl rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman şöbəyə aid bütün arxiv sənədləri işğal ərazisində qalmışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixli əmək kitabçası qeydlərinin mötəbərliliyi barədə məlumatların (xx.xx.1980-xx.xx.1994-cü ilə qədər olan əmək kitabçası qeydlərinin yazı dili, yazı qrafikası, möhür əksləri, əmrlərin tarixi və nömrələri üzrə) həqiqiliyinin tərəflərindən müəyyən edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon Təhsil sektorunun xx.xx.2022-ci il tarixli, 34 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman, arxiv sənədləri işğal ərazisində qaldığı üçün 1993-cü ildən 2006-cı ilədək işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlara vətəndaşların işlədiyi müəssisələrin əməkdaşlarının, müəssisələrin rəhbərlərinin iştirakı ilə tutulmuş aktlar, şahid ifadələri, yazılmış izahatlar əsasında qiymət verilirdi. Lakin 2006-cı ildən sonra məcburi köçkünlərin işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsi məhkəmələr tərəfindən icra olundu. Cəbrayıl rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər (uyğun olaraq - xx.xx.1980-ci il tarixli, 211 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 233 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 234 nömrəli əmr) işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli, xx-xx-1019/10 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixli, 19VB-156/22 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, 1969- 1981-ci illərdə X6 və 1981-1985-ci illərdə isə X9 həqiqətən Cəbrayıl rayon Təhsil Şöbəsində müdir vəzifələrində çalışıblar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə təqdim edilmiş sığortaolunan X3 (SSN: **********729) xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, 2006-cı ilin yanvar ayından dekabr ayına kimi, 2015-ci ilin yanvar ayından dekabr ayına kimi, 2016-cı ilin yanvar ayından dekabr ayına kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - DSMF Cəbrayıl rayon filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi X10, ÜDSY-nin təminatı şöbəsinin böyük mütəxəssisi X11 və Cəbrayıl rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, akt tərtib edildi ondan ötəri ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində işlədiyi dövrün sığorta stajını Cəbrayıl rayon Dövlət Arxivində yerində qarşılıqlı yoxlanıldı. Müəyyən edildi ki, Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədləri işğal zonasında qaldığı üçün vətəndaş İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilə kimi sığorta stajının yoxlanılması mümkün deyil. 01 sentyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı ilə kimi olan dövrün əmək haqqı cədvəlləri yoxlanıldı. 01 sentyabr 1993-cü ildən 2003-cü ilə kimi Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmayıb) qeyd olunub. 2003-cü ilin əmək haqqı cədvəllərində X8, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmayıb), 2005-ci ildə X8 qeyd edilmişdir. Z.İmanovanın 01 sentyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixə kimi almış olduğu əmək haqqından məcburi dövlət sosial sığorta haqqları hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin hesabına ödənilmişdir. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 60 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin və Xələfli kənd orta məktəbin arxiv sənədləri işğal zonasında qaldığı üçün (İmanova) İddiaçı işə girməsi və işdən çıxması haqqında heç bir məlumat yoxdur. Həmin məktubla təqdim edilmiş Xələfli kənd orta məktəbin əməkhaqı cədvəllərinə əsasən (İmanova) İddiaçı əməkhaqqı cədvəllərinin çıxarışlarına əsasən 1993-cü ilin avqust ayından 2006-cı ilin dekabr ayına kimi əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02/129 nömrəli məktubla təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 13/1300 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dövlət Universitetinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İmanova (Əsədova) Zərifə Əmirulla qızının xx.xx.1976-cı il tarixli 120 №li əmrlə əyani şöbənin “Dil-ədəbiyyat” ixtisası üzrə oxuması, xx.xx.1980-ci il tarixli 3\89 №li əmrlə universiteti bitirməsi əmr kitablarında göstərilmişdir. Əsas: fond - 747, siyahı - 2, sax/vah. - 97,191. Qeyd edilənlərdən göründüyü kimi, Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədləri işğal zonasında qaldığı üçün vətəndaş İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilə kimi sığorta stajının yoxlanılması mümkün olmamışdır. Kollegiya qeyd edir ki, bu hal iddiaçının təqsiri olmadığından, eyni zamanda qeyd edilən dövrlər əmək kitabçası ilə öz təsdiqini tapdığından, həmin dövrlərin iddiaçının ümumi stajına hesablanmaması əsassızdır. Həmin dövrdən sonrakı tarixlərə gəldikdə isə, 1993 və 2006cı illər üzrə əmək haqqı cədvəlləri üzrə arxiv arayışları iş materiallarına əlavə edilmiş və həmin dövrləri şübhə altına alacaq hər hansı əsas qalmamışdır. İddiaçının xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə ad, ata adı və soyadının “İddiaçı” deyil, X4 qeyd edilməsinə münasibətdə Kollegiya bildirir ki, iddiaçının ilk soyadı “İmanova” olmuş, xx.xx.1980-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olduqdan sonra ona “Əsədova” soyadı verilmişdir. Yəni, iddiaçının soyadının yalnış qeyd edilməsinin texniki yalnışlıq olması aydın məsələdir. Məhkəmə kollegiyası onuda qeyd edir ki, iddiaçının əmək fəaliyyəti üzrə həmin müəssisənin müvafiq əmrlərinin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərinin bu və ya digər səbəbdən əldə edilə bilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Mötəbərlik prezumpsiyası prinsipinə əsasən, iddiaçıya məxsus əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 61,6 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, cabdehin apelyasiya şikayəti isə qismən əsaslı olduğundan, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2148/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Мəhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2148/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar