Məhkəmə qərarları › İş №2-1(103)-1677/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1677/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1677/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə vəzifə maaşından almadığı əlavənin hesablanaraq ona ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2979/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün vəzifə maaşının 20%-i miqdarında almadığı əlavənin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı AR Müdafiə Nazirliyində zabit kimi hərbi xidmət keçmiş və 2000-ci ildə ehtiyata buraxılmışdır. Həmin vaxtdan, xx.xx.2000-ci il tarixdən ona Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman ehtiyata buraxıldığı an yüksəkliyə görə aldığı vəzifə maaşının 20%-i miqdarında əlavə nəzərə alınmamışdır. Bunu 2019-cu ilin iyul ayında bilmiş və pensiyasının hesablanmasına yenidən baxılaraq, barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli 51668 nömrəli “Məlumat vərəqi” Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmişdir, xx.xx.2019-cu il tarixdən həmin əlavə pensiyasına daxil edilərək ödənilir (axırıncı 3 il xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət nəzərə alınmaqla). Lakin hesab edir ki, pensiyaya çıxdığı xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün də vəzifə maaşının 20%-i miqdarında əlavə hesablanaraq ona ödənilməlidir. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. Yenidən iddiaçının adına məlumat vərəqi daxil olmuş və dağ yüksəkliyi əlavə edilmiş, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ödənilməsinə qərar verilmiş, son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı yazılı etirazın dəlilləri ilə eynidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, iddiaçıya məxsus 004049 nömrəli Pensiya işindən müəyyən edildiyi kimi, ona ilk dəfə xx.xx.2000-ci il tarixdə təyin olunmuş əmək pensiyasının xx.xx.2019-cu il tarixli ZE-51668 nömrəli Məlumat vərəqinə əsasən cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla yenidən hesablanması (631,55 manat olmuşdur) və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 3 il ərzində hər ay 68,52 manat əlavə olmaqla cəmi 2.466,71 manat məbləğdə əvvəlki müddət üçün yaranmış fərqin iddiaçıya ödənildiyi işin mübahisəsiz hallarıdır. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün də fərqin ona ödənilməsini tələb edir ki, onun bu tələbi qanunsuz və əsassız, apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli Qərardadında məhkəmələrə izah olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 98-1.4-cü maddəsinə əsasən, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia əsassız olduğu üçün təmin edilməməli, şikayət təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2979/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün vəzifə maaşının 20%-i miqdarında almadığı əlavənin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar