Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1677/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2018-ci il tarixdən (iddiaçının 60 yaşının tamam olduğu tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin və 10.000 manat kompensasiyanının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2-1(112)- 5798/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu hesablanmaya görə 82.741,71 manat əmək pensiyasının və kompensasiya olaraq 10.000 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iddia tələbi xx.xx.2018-ci il tarixdən (60 yaşının tamam olduğu tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin və 10.000 manat kompensasiyanının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək pensiyası mövcud qanunvericiliyin tələblərinə uğun şəkildə hesablanmamış və ödənilməli əmək pensiyası az hesablanmış, bundan əvvəlki dövr üçün odənilməli pensiya məbləği isə ümumiyyətlə ödənilməmişdir. Belə ki, o, 2005-cü ilin oktyabr ayının 03-dən 30 Sentyabr 2014-cü ilə kimi və 2014-cü ilin oktyabr ayının 01-dən, 2020-ci ilin 11 dekabr tarixinə kimi (ümumilikdə 15 il 9 gün) "X3” LTD-də (hazırda Fugro Caspian BV-adı dəyişdirilib) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Baş Tədqiqatçı (Dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilnıəsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) vəzifəsində fəaliyyət göstərmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixində növbəti dəfə tamamilə əsassız və qanunsuz cavab verilmışdır. Cavabdeh tərəfindən heç bir faktiki və qanuni əsas olmadan onun barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh buna heç bir hüquqi əsası olmadan tamamilə əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına istinad etməklə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. “Fugro Caspian” BV şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli FSBV-23-0049 saylı arayışa əsasən, İddiaçı həqiqətən 2005-ci ilin oktyabr ayının 03-dən 30 sentyabr 2014-cü ilə kimi (8 il, 11 ay, 26 gun) "X3” LTD-də (hazırda Fugro Caspian BV-adı dəyişdirilib) Baş Tədqiqatçı (Dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) vəzifəsində fəaliyyət göstərib, dənizdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması, aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi vəzifələri yerinə yetirmişdir. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Xİİ (2130100b —17541) yanmbölməsinə əsasən güzəştli sayılır. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli SFLLC-23-0097 saylı eyni məzmunlu arayışa əsasən İddiaçı həqiqətən 2014-cü ilin oktyabr ayının 01-dən, 2020-ci ilin 11 Dekabr tarixinə kimi (6 il 2 ay 10 gün) dənizdə baş tədqiqatçı vəzifəsində işləyib. Bundan başqa, bu aşkar qanunsuz yanaşma səbəbindən iddiaçı ciddi sarsıntılar keçirmişdir. Həmçinin ona ödənilməli pul vəsaitləri qanunsuz olaraq cavabdehin sahibliyində qalmışdır ki, bunun əvəzi olaraq mənə kompensasiya ödənilməsi zəruridir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsasları kimi kifayət qədər ümumi və güzəştli iş stajının olduğu nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd edir. Həmçinin onun 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən etibarən ödənilməli 82.741,71 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının və 10.000 manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-0- 300250/2023 nömrəli məktubla cavab verilərək, güzəştli iş stajının olmaması səbəbindən ona pensiya təyin etməkdən imtina edilmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmışdır (60 yaş). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində 1100000b-17541 kodu üzrə quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “X3” LTDnin xx.xx.2023-cü il tarixli FSBV-23-0049 nömrəli arayışında xx.xx.2005-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli SFLLC-23-00977 nömrəli arayışında isə xx.xx.2014- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisələrdə baş tədqiqatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kompensasiya olaraq 10.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı qeyd edilir ki, iddiaçının kompensasiya tələbinə dair cavabdehə ilkin müraciəti olmadığından, tələb qeyd edilən hissədə mümkünsüz sayılmalıdır. Hal-hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın heç bir qanunsuz hərəkəti olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5798/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi qismən təmin edilərək İddiaçı Babaxan oğluna 60 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 5798/2024 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmışdır (60 yaş). Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində 1100000b-17541 kodu üzrə quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “X3” LTD-nin xx.xx.2023-cü il tarixli FSBV-23-0049 nömrəli arayışında xx.xx.2005-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli SFLLC-23-00977 nömrəli arayışında isə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisələrdə baş tədqiqatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Göstərilən xüsusatlara əsasən iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5798/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Neft istehsalat sahəsində xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək, təmirçi çlingər, çilingər-elektrik işləmiş, 1978-1982-ci illərdə Kirov adına Azərbaycan Dövlət Uniersitetində təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1997-ci il tarixədək Xəzər dənizininin neft-qaz yerölçmə işlərinin aparılması üzrə 3-cü bölməsində geoloq, mühəndis, godezistrəis müavini, xx.xx.1997-ci ildən-xx.xx.2005-ci ilədək "xxxx" Birgə Müəssisəsində mühəndis, xx.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində baş tədqiqatçı, xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş tədqiqatçı vəzifəsində işləmişdir. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə xx.xx.2019-cu il tarixli ərizəsinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli SFLLC-23-0097 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisələrdə baş tədqiqatçı vəzifəsində işləmişdir. - “Fugro Caspian” BV tərəfindən iddiaçıya verilmiş 14 noyabr 2023-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 03 oktyabr 2005-ci ildən 30 sentyabr 2014-cü ilə kimi (15 il 9 gün) “X3” LTD-də (hazırda Fugro Caspian BVadı dəyişdirilib) baş tədqiqatçı (dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) vəzifəsində fəaliyyət göstərib. İddiaçı fəaliyyət dövrü ərzində yerinə yetirdiyi vəzifələr: dənizdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması, aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Xİİ (2130100b —17541) yarımbölməsinə əsasən güzəştli sayılır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. - Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq “Fugro Finance BV” şirkəti tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli məktubunda “... İddiaçı xx.xx.2005-xx.xx.2014ci illərdə həqiqətən də Fugro Survey LTD (Caspian) şirkətində (hal hazırda Fugro Finance B.V. adlanır) Baş Tədqiqatçı (dənizdə geodeziya və geofizika üzrə) vəzifəsində çalışıb. Məktubda tələb olunan İddiaçı funksional vəzifə təlimatının surəti qoşmada təqdim edilir, sadalanan vəzifələrdən bizim şirkətdə mövcud olan Geofizik vəzifəsinin vəzifə təlimatının surəti də qoşmada əlavə edilir, digər vəzifələr bizim şirkətdə mövcud olmayıb. Məktubda tələb olunan “quyularda geofiziki tədqiqatları yerinə yetirmək" dedikdə, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi, dənizdə aparılan geoloji və geofiziki tədqiqat işlərinin mövqeləndirilməsi, dəniz dibinin relyefinin ətraflı tədqiqi və s. nəzərdə tutulub. İddiaçı yerinə yetirdiyi digər işlər qoşmadakı vəzifə təlimatında daha dolğun göstərilib. Məlumat üçün: Fugro Survey LTD (Caspian) şirkətinin həmin illərdə fəaliyyət sahəsi: Azərbaycan Respublikasının neft sahəsində (əsasən dənizdə) mühəndis-geoloji, geofiziki tədqiqat, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, dənizdə boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirmişdir” qeyd olunur. - Bakı İnzibati Məhkəməsinin növbəti sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki: “ ... İddiaçı xx.xx.2014-xx.xx.2020-ci illərdə həqiqətən də SOCAR X1 Cəmiyyətində Baş Tədqiqatçı (dənizdə geodeziya və geofizika üzrə) vəzifəsində çalışıb. Məktubda tələb olunan İddiaçı funksional vəzifə təlimatının surəti qoşmada təqdim edilir, sadalanan vəzifələrdən bizim şirkətdə möcud olan Geofizik vəzifəsinin vəzifə təlimatının surəti də qoşmada əlavə edilir, digər vəzifələr bizim şirkətdə mövcud deyil. İddiaçı yerinə yetirdiyi işlər qoşmadakı vəzifə təlimatında daha dolğun əks olunub. Məlumat üçün: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sahəsi: Azərbaycan Respublikasının neft sahəsində (əsasən dənizdə) mühəndis-geoloji, geofiziki tədqiqat, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, dənizdə boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 30 may 2024-cü il tarixli məktubda yuxarıda qeyd olunan məlumatlarla yanaşı, İddiaçı iş fəaliyyəti dövründə yerinə yetirdiyi vəzifələr göstərilmişdir: dənizdə geoloji və geofiziki tədqiqat işlərinində qrupa rəhbərlik etmək, aparılacaq geofiziki kəşfiyyat işlərini mövqeləndirilmək, kəşfiyyat və axtarış tədqiqat quyularının yerini təyin etmək, dəniz dibinin relyefinin ətraflı tədqiqi və s. tədqiqat işləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” əsasən İddiaçı iş fəaliyyəti aşağıdakı bəndlərə və yarımbəndlərə uyğundur (kodlar göstərilir): 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı üzrə 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2130100b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllə-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllə-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır). Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə müvafiq olaraq, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər–60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, ümumi iş stajı və pensiya kapitalını yığması kimi məqamlar mübahisələndirilməmişdir. İddiaçının 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuş və onun ümumi iş stajı 25 ildən artıqdır. İşin mübahisələndirilən halı iddiaçının güzəştli iş stajının olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Həmin arayışlarda iddiaçının xx.xx.2005xx.xx.2014-cü il tarixlərdə və xx.xx.2014-xx.xx.2020-ci illərdə işlədiyi baş tədqiqatçı vəzifəsinin gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının Xİİ.Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində 2130100b —17541 kodu altında nəzərdə tutulmuş quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsinin gördüyü işlərə uyğun olması qeyd olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu - “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində (10.2) nəzərdə tutulmuş b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsinə uyğun olması dəqiq göstərilmiş, iddiaçının işlədiyi dövrdə hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda müvafiq sorğu ilə "xxxx" MMC və “Fugro Caspian” BV tərəfindən iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsinin və AR Nazirlər Kabinetinin müvafiq siyahılarında aidiyyəti bölmələrdə (yəni 320 nömrəli Qərarla təsdiq edilmiş 2 nömrəli Siyahının Xİİ bölməsində və 12 nömrəli Qərarla təsdiq eidlmiş Siyahının 10-cu bölməsində) güzəştli pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuş geofizik vəzifəsinin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Həmin təlimatların müqayisəli təhlili onun deməyə əsas verir ki, hər iki vəzifə dənizdə aparılan geoloji və geofiziki tədqiqat və kəşfiyyat işlərinin mövqeləndirilməsində, kəşfiyyat, tədqiqat və axtarış quyularının yerini təyin edilməsində məsuliyyət daşımaqla mahiyyətcə eyni işi görür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab olumalı və həmçinin iddiaçının baş tədqiqatçı vəzifəsində işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı araşdırma aparılmadan bilavasitə vəzifələrin adlarındakı uyğunsuzluq faktından çıxış edərək iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və qeyd edir ki, iddiaçı ona mənəvi zərərin vurulmasını iddia etsə də, bu halı təsdiqləyə biləcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Brinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçı özü də məhkəmənin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5798/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5798/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1677/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1677/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver