Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1678/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12440/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1927-ci il təvəllüdlü, xx.xx.1982-ci il tarixdən təqaüdə çıxmış İddiaçı 1994-cü ilin dekabrın 1-dən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12440/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı pensiya yaşına çatıb, pensiya almaq hüqunun yaranmasından söhbət gedə bilməz. Məhkəmə özü də onu qəbul edib ki, İddiaçı artıq pensiyaçıdır. 0, 1992-ci ildə pensiyaya çıxdığına görə ona ikinci dəfə pensiya təyin edilə bilməz. Məhkəmə pensiyaya almaq hüuqunu əldə edərək pensiyaya çıxmaq anlayışını pensiyaya çıxmış şəxsə almadığı, yığılmış məbləği almaq hüququ anlayışını qarışdırır. Ali Məhkəmənin inzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərarına gəlincə, həmin qərarda pensiya hüququnu qazanmış, lakin pensiyaya çıxmamış şəxslədən bəhz olunur ki. bu hazırkı işin hallarına tədbiq edilə bilməz, çünki İddiaçı artıq 1992-ci ildən pensiyaya çıxmışdır. Məhkəmənin gəldiyi nəticə aşaıda qeyd olunan qanunvericiliyin yəni, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci, tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi ahların qüvvəsi seriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə əsasən ”Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. ” Bu o deməkdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə müvafiq olaraq “Əmək pensiyalan haqqında” Qanunun xx.xx.2018-ci il tarixinədək qüvvədə olan 32.1 -ci və 37.7-ci maddələri tədbiq olunmalıdır. Həmin qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada olmuş 31.1 -ci maddəyə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin tələbinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğindən asılı olmayaraq İddiaçı mütləq səkildə ödənilməlidir. Bundan başqa Azərbaycan Konstitusiya Məhkəməsi Plenumun ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021- ci il tarixli Qərarda qeyd olunur ki. müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki. ‘*Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki. həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1 -ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1 -ci maddəsinə uyğun ödənilir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan: - Pensiya vəsiqəsinin surətindən görünür ki, Azərbaycan SSR Nəsimi rayon Sosial Təminat Şöbəsi tərəfindən İddiaçı pensiya vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli müraciət vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci iltarixdə 1 saylı Bakı Dost Mərkəzinə müraciət edərək, 1994-cü il tarixdən heç bir növ pensiya və müavinət almamsını, pensiyasının bərpa edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 23 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmşdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd xx.xx.2005-ci il tarixində verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Qanunun 37.7ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin ediiir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti əsasında Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən (müraciət tarixindən 3 il əvvəl) 160,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019- cu il tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixindən 200.00 manat müəyyənləşdirilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara uyğun olaraq vətəndaş İddiaçı əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətə əsasən İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Məlumat üçün bildirmişlər ki, ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği 2022-ci ilin iyun ayından İddiaçı cari pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Əlavə olaraq “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1,2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçıya məxsus pensiya işində İddiaçı xx.xx.1982-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini təsdiq edən vəsiqənin surəti, ona təyin olunmuş yaşa görə əmək pensiyasının 1994-cü il tarixdən almaması, iddiaçının ona 1994-cü ilin dekabrın 1-dən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiyanın tam şəkildə ödənilməsi barədə ərizəsi, həmin ərizəsi əsasında ona xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş qərarın surəti, ona məxsus əmək kitabçasının surəti pensiya işinin materiallarında mövcuddur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın surətindən görünür ki, onun pensiya hüququnun yarandığı tarix xx.xx.1987-ci il, əmək pensiyasının yenidən hesablandığı və ödəniş tarixi xx.xx.2022-ci il tarixdən müddətsiz, əmək pensiyasının hazırki məbləği 268.62 manat müəyyən edilmişdir. Qeyd hissədə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanununun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, müəyyən edilmiş müddətlərə təyin edilir. xx.xx.2022-ci il tarixli müraciətə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir. İşin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı Azərbaycan SSR Nəsimi rayon Sosial Təminat Şöbəsi tərəfindən xx.xx.1982-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı izahatında texniki yalnışlığa yol verərək ona pensiya təyin edilmə tarixini xx.xx.1992-ci il göstərsə də 813711 nömrəli pensiya vəsiqəsindən həmin tarixin xx.xx.1982-ci il olduğu görünür. Həmçinin iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan yaş həddinin 55 olduğunu və iddiaçınında 55 yaşının xx.xx.1982-ci il tamam olduğu nəzərə aldıqda, iddiaçının yalnışlıqla “1982-ci il” əvəzinə “1992-ci il” qeyd etdiyi aydın olur. Bundan başqa İddiaçının iddia etdiyinə əsasən 0 1994-cü il tarixdən pensiya ödənişini almamışdır. Həmin vaxtdan xx.xx.2022-ci il tarixədək onun tərəfindən Dövlət Sosial Müdafiə Fonduna pensiya ödənişinin davam etdirilməsi barədə hər-hansı müraciət edilməmiş, yalnız xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Dost Mərkəzi tərəfindən ərizə ilə müraciət edilərək pensiyasının bərpa edilməsi xahiş edilmişdir. İddiaçının həmin ərizəsinə və sonradan xx.xx.1994-cü il tarixdən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin tam şəkildə ödənilməsi barədə ərizəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir. İddiaçı isə ona 1994-cü ilin dekabrın 1-dən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb edir və hazırkı tələblə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, cavabdeh əvvəlki müddət üçün alınmamış pensiya məbləğinin müraciət edilən tarixdən - 27 aprel 2022-ci ildən əvvəlki üç illik dövr üçün ödənilməsində haqlı olmuşdur. Çünki qeyd edilən Qərardadda “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadında Əmək pensiyası hüququ yaranmış, lakin təyin olunmamış şəxslərdən bəhs edilir. Lakin iş materiallarında olan pensiya vəsiqələrinin surətlərindən aydın olur ki, iddiaçıya xx.xx.1982-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından və cavabdeh orqanın nümayəndələrinin izahatlarından aydın olur ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi xx.xx.2005-ci il tarixdə aldığından pensiya hüququ həmin tarixdən yaranmışdır. Cavabdeh orqanda birinci instansiya məhkəməsi kimi iddiaçıya xx.xx.1982-ci il tarixdən pensiya təyin edildiyini nəzərə almamışdır. Yəni, iddiaçı ona pensiya təyin edilməsi üçün deyil, xx.xx.1982-ci ildə təyin edilib, daha sonra naməlum səbəblərdən iddiaçının dediyinə görə xx.xx.1994-cü ildə dayandırılmış və dayandırıldığına görə xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsini tələb edir. Bir sözlə, hazırkı iddia tələbi üzrə iddianın əsaslı olub-olmamasını iddiaçının cavabdeh orqana müraciət etdiyi tarix deyil, əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması əsaslarının doğru olub-olmaması müəyyən edir. Yaşa görə əmək pensiyasının xx.xx.1994-cü ildən ödənilməməsinin səbəblərinə gəldikdə isə Kollegiya bildirir ki, bununla bağlı tam aydın məlumat cavabdeh tərəfindən təqdim edilməsə də, iş materiallarında olan cavabdeh orqanın məktublarında Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi xx.xx.2005-ci il tarixdə aldığından pensiya hüququnun həmin tarixdən yarandığı qeyd olunmuşdur. Lakin bir daha qeyd edilir ki, vətəndaşa xx.xx.1982-ci ildə pensiya təyin edilməsi iş materialları ilə öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Axverdiyev küçəsi, korpus 568, ev 2, mənzil 43-də, xx.xx.2005-ci il tarixdən hazıradək isə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1992- 2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, İddiaçı 2001-2023-cü illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Bundan başqa işin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1927-ci ildə Rusiya Federasiyasında anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya əvvəllər təyin olunmuş və ödənilmiş pensiya ilə bağlı hər hansı məlumatın Fondda olmadığını bildmişdir. Göründüyü kimi iddiaçıya vaxtı ilə ödənilən pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və cavabdeh tərəfindən də hansı səbəbdən ödənişin dayandırılması aydınlaşdırılmamışdır. Əlavə olaraq Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya pensiya ödənişinin dayandırılması vaxtı iddiaçının dediklərinə əsasən xx.xx.1994-cü il tarixdə olmuşdur. Cavabdeh tərəfindən isə bununla bağlı Məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmin tarixi dəqiq olaraq müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, iddiaçı tərəf ona pensiya təyin olunduğunu iddia edir və mötəbər sübut hesab edilən pensiya vəsiqələri ilə bunu sübuta yetirir. Lakin cavabdeh inzibati orqan isə bunun əksini sübuta yetirə bilməmişdir. Bu səbəbdən də Kollegiya pensiya ödənişinin dayandırılma tarixini iddiaçı tərəfin dediklərini əsas götürərək xx.xx.1994-cü ildən nəzərə alır. İddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, iddiaçı xx.xx.1994xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin, iş materiallarından isə müəyyən edilir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir. Bu səbəbdən də Kollegiya iddianın qismən, yəni xx.xx.1994xx.xx.2019-cu il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı olduğundan və birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadan mübahisəli məsələ üzrə yalnış nəticəyə gəlindiyindən, apellyasiya şikayəti qismən təmin edilməli və mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12440/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: İkram Şirinov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1678/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1678/2023
11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver