Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1678/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması; işin hallarının lazımi qaydada araşdırılmaması; ekspert rəyinin mötəbərliyi; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; sonradan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmənin mümkünlüyü; hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli protokolundan çıxarışa əsasən X4 verilmiş 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsinə verilmiş üzvlük kitabçası və bütün sənədlərin ləğv olunması, "xxxx" Bağçılıq cəmiyyətində hal-hazırda istifadəsiz qalmış 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsinin İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır.
2. 318 nömrəli bağçının üzvlük kitabçasına əsasən İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 31 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən "xxxx" bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti bağından sahəsi 1.000 kv.m olan 297, 298 nömrəli bağ sahəsi 05 aprel 1999-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.
3. İddiaçı ayrılmış (üzvlük kitabçası 318) Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 297, 298 nömrəli bağ sahəsinin planı tərtib edilmişdir.
4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən olan “297”, “298” saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 oktyabr 2021-ci il tarixli, **********24 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Təqdim edilən protokoldan çıxarış düzgün tərtib edilməmişdir. Həmçinin idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən İddiaçı tərəfindən göstərilən bağ sahəsinin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 20/396 saylı, 27 oktyabr 1987-ci il tarixli qərarı ilə "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli çıxarışa əsasən "xxxx" Bağ massivində hazırda istifadəsiz qalmış Əzizbəyov rayonu Dübəndi bağ massivində yerləşən 12.05 ha torpaq sahəsi göstərilmiş və həmin siyahıya əsasən iddiaçıya 1/2 cənub küçəsində 297 və 298 saylı bağ sahələri ayrılmışdır. Həmin bağ sahəsi qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya "xxxx" Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmadığı, təqdim edilən protokoldan çıxarışın düzgün tərtib edilmədiyi, idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsə "xxxx" Bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumatın mövcud olduğu, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman bağ sahəsində mərzçəkmə və hasarlanma işlərinin aparılmadığının müəyyən olunduğu, göstərilən bağ sahəsinin ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşdiyi bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 141.1, 141.2, 157.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2-ci maddələrinə istinad edərək cavabdehin imtinasını əsassız hesab eləmişdir.
8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında eyni dəlilləri təkrarlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərardadı əsasında təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 10/3322 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş torpaq GPS aləti vasitəsi ilə koordinatları qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir (həmin koordinatlar ekspert rəyində göstərilmişdir); Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür; Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsinin ərazisi "xxxx" bağçılıq-bostançılıq (yoldaşlıq təsərrüfatı) cəmiyyətinə ayrılan torpaq sahəsinin ayrıc aktı ərazisinə düşür.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 04 avqust 2022-ci il tarixli, **********99 nömrəli məktubda göstərilmişdir ki, İdarənin arxiv əsaslarında iddiaçının adına "xxxx" bağçılıq yoldaşlıq birliyi nəzdində, Dübəndi bağ massivində yerləşən 297, 298 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir; sözügedən bağ sahəsi dövlət reyesrtində qeydiyyatdan keçmədiyi üçün göstərilən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi və sahələrin sənəd üzrə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır; mövcud vəziyyətdə iddia olunan torpaq sahəsi Dübəndi bağlar massivində yerləşən "xxxx" kollektiv bağçılığın təsdiq olunmuş Ayrıc Aktının hüdudlarından kənarda yerləşir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə, həmin bağ sahəsinin bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onları təkrarlayaraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın “iddia olunan torpağın sxematik xəritəyə uyğun olmaması” barədə dəlili qəbul edilmir, ona görə ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Odur ki, iddiaçının həmin uyğunsuzluqla bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaq və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz.
16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-928/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
18. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti iddia ərizəsinə etirazın və əvvəlki apellyasiya baxışı zamanı verilmiş apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, məhkəməyə sonradan təqdim edilmiş 31 saylı, xx.xx.1999-cu il tarixli protokoldan çıxarışda X2 adı qeyd edilmişdir. Sözügedən protokoldan çıxarış "xxxx" bağçılıq-bostançılıq cəmiyyəti deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş və Açıq Səhmdar Cəmiyyəti kommersiya təşkilatı hesab olunduğundan onun səlahiyyətləri xaricindədir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı iddiaçı tərəfindən təxmini göstərilən bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ə) Proses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. .......
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
32. Belə ki, işin hallarına əsasən iddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə nail olmaqdır.
33. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə üzvlərin iclasının protokolundan çıxarışa və onun əsasında verilmiş üzvlük kitabçasına istinad etmişdir.
34. İddiaçının hüquq müəyyənedici sənəd kimi istinad etdiyi protokoldan çıxarışdan müəyyən olunur ki, ona ayrılan torpaq sahəsi daha əvvəl bağçılıq tərəfindən X4 verilmiş 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsi olmuşdur. Lakin cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim olunmuş "xxxx" bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısında 59-cu sırada Şıxıyev Rəfailin adı qeyd olunmuş və ona 15-ci cənub küçəsindəki 281-ci bağın verildiyi göstərilmişdir. Bundan başqa, "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli protokolundan çıxarışda X2 ərizəsi əsasında sözügedən bağ sahəsinin iddiaçıya verildiyi göstərilsə də, iş materialları üzrə belə bir ərizə də müəyyən olunmur.
35. Digər tərəfdən iş materiallarındakı bağçılığa aid sənədlərdən həmçinin görünür ki, X4 ayrılan sahənin ünvanı və nömrəsi fərqlidir. Digər tərəfdən, 297 və 298 nömrəli bağlar bir neçə müxtəlif küçədə göstərilmiş və fərqli şəxslərə verilmişdir. "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətində isə ümumiyyətlə, 1/2 Cənub küçəsinin olduğu bəlli deyil.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlillərindən biri də həmçinin mübahisələndirilən torpaq sahəsinin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədədir.
37. Bundan başqa protokoldan çıxarış "xxxx" bağçılıq-bostançılıq cəmiyyəti tərəfindən deyil, X7 Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir və həmin cəmiyyət kommersiya təşkilatı hesab olunduğundan onun belə bir səlahiyyətinin olmadığı müəyyən olunmuşdur.
38. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilkin üzvlərin siyahısında olmamış, iddiaçının üzvlərin siyahısına sonradan daxil edilməsinin qanuniliyi isə təkrar apellyasiya baxışı zamanı da müəyyən olunmamışdır.
40. Belə ki, təkrar apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasları barədə lazımı qaydada xəbərdar edilsə də, heç bir məhkəmə iclasında özü yaxud səlahiyyətli nümayəndəsi iştirak etməmişdir.
41. Məhkəmə Kollegiyası cavabdehin nümayəndəsinin təqdim etdiyi və məhkəmə sorğusu əsasında məhkəməyə təqdim olunmuş sənədlər əsasında iddiaçının üzvlərin siyahısına sonradan daxil edilməsinin qanuni olmadığı qənaətinə gəlmişdir.
42. Hazırkı iş üzrə apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki: 29. Belə ki, ilkin olaraq nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən bağ sahəsinə dair hüquq müəyyənedici sənəd qismində istinad etdiyi "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli protokolundan çıxarış və onun əsasında tərtib edilmiş üzvlük kitabçası cavabdeh orqan tərəfindən qanunsuz hesab edilməklə müvafiq hüquq müəyyənedici sənədlər kimi qəbul edilməmiş, onların düzgün tərtib olunmadığı göstərilmişdir. Cavabdeh sənədlərin qanunsuzluğu ilə bağlı mövqeyini onunla əsaslandırır ki, "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır, təqdim edilən protokoldan çıxarış düzgün tərtib edilməmişdir, həmçinin idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcuddur. 34. İş materiallarındakı bağçılığa aid sənədlərdən həmçinin görünür ki, X4 ayrılan sahənin ünvanı və nömrəsi fərqlidir. Digər tərəfdən, 297 və 298 nömrəli bağlar bir neçə müxtəlif küçədə göstərilmiş və fərqli şəxslərə verilmişdir. "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətində isə ümumiyyətlə, 1/2 Cənub küçəsinin olduğu bəlli deyil. 35. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə cavabdehin dəlili də apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. 38. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır. “39. Hazırki işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən halın araşdırılması üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 10/3322 nömrəli ekspert rəyini qərar çıxararkən mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi də bununla razılaşmışdır. Lakin həmin ekspert rəyi “X6 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyində göstərilənlərin eynilə təkrarlanmasına əsaslanır. Rəyin özündə də mütəxəssis rəyinə əsaslanıldığı göstərilir. “
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı məhkəmənin 2-1(103)-1678/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertiza təyin olunaraq ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: ”1. "xxxx" bağçılıq bostançılıq cəmiyyəti tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən “297”, “298” nömrəli bağ sahələrinin koordinatları müəyyən edilsin. 2. Qeyd olunan torpaq sahələri başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşürmü, düşürsə hansı hissədə və nə qədər sahə (torpaq sahəsinin ölçüsü, eyni zamanda hüquqi və ya fiziki şəxslərin adları göstərilməklə)? 3. Qeyd olunan torpaq sahələri "xxxx" bağçılıq bostançılıq cəmiyyətinə ayrılan torpaq sahəsinin ayrıc aktının və bölgü sxeminin daxilində yerləşirmi ( kənara düşmə halı vardırsa, həmin sahənin ölçüsü göstərilməklə). 4.İddiaçının cavabdehə müraciətində iddia etdiyi torpaq sahəsi ilə hazırda iddia etdiyi torpaq sahəsi eyni torpaq sahəsidirmi?”
44. Ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
45. Həmçinin, təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilərək "xxxx" bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsinə dair ayrıc aktı və bölgü sxeminin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusuna xx.xx.2024cü il tarixli cavab məktubuna qoşma olaraq "xxxx" bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsinə dair ayrıc aktı və bölgü sxeminin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir.
46. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək Tarif Şurasının xx.xx.2023-cü il tarixli Qərarının Xİ bəndinə əsasən 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəyini bildirmişdir.
47. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə xidmət haqqının ödənilməsi məsələsinə münasibət bildirilməsi iddiaçıya təklif olunmuşdur.
48. Həmin məktub xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir.Lakin iddiaçı 95 (doxsan beş) manat xidmət haqqını ödəməkdən imtina etdiyindən mütəxəssis rəyinin verilməsi təmin olunmamışdır və həmçinin iddiaçı (nümayəndəsi) təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasları barədə lazımı qaydada xəbərdar edilsə də (sonuncu məhkəmə iclası barədə bildiriş həmçinin iddiaçının “elektron kabinet”inə yerləşdirilmişdir).məhkəmə iclasında iştirak etməmişdir, nə də hər hansı yazılı münasibət bildirməmişdir.
49. Göstərilən səbəbdən, yəni Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi təmin edilmədiyi üçün inzibati iş ekspert rəyi verilmədən məhkəməyə qaytarılmışdır.
50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
52. Məhkəmə Kollegiyası cavabdehin nümayəndəsinin təqdim etdiyi, həmçinin məhkəmə sorğusu əsasında məhkəməyə təqdim olunmuş sənədlər əsasında və Bu Qərarın 51-ci bəndində istinad olunan hüquq normalarından çıxış edərək iddia olunan torpaq sahələrinin "xxxx" bağçılıq bostançılıq cəmiyyətinə ayrılan torpaq sahəsinin ayrıc aktının və bölgü sxeminin daxilində olmadığı qənaətinə gəlmişdir.
53. Beləliklə, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır.
54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
55. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
56. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
57. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilməyərək iddia təmin edilmişdir.
58. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.