Məhkəmə qərarları › İş №2-1(103)-1678/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1678/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1678/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətininin tanınmaması” haqqında 28 iyun 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasına dair qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(112)-12674/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabehin 28 iyun 2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2001 il tarixdə 98 nömrəli qeyd aparılmışdır. İddiaçı anadan olanda atası İddiaçı Yevgeniyeviç və anası X3 Azərbaycan Respublikasının vətəndaşları olmuşlar. İddiaçı 2007-ci ildə Bakı şəhərində yerləşən 1 saylı orta məktəbdə təhsil almağa başlamış, 2011-ci il tarixdə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüş və 2012-ci il tarixdə oranın vətəndaşlığını almışdır. İddiaçı, həm Azərbaycan Respublikasının ərazisində, həm də Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuşdur. Digər respublikanın vətəndaşlığının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsinə dair proses isə barəsində başlanılmamışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 iyun 2024-cü il tarixli, ******* nömrəli Qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, bu qərar tamamilə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2024-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd edilmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndin tələbinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Beləliklə, müəyyən edilir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin əsas məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı isə vətəndaşsızlıq vəziyyətində olmayaraq hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12674/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12674/2024 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə qanunsuz və əsassız qərar qəbul edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin indiki redaksiyasına dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli, 973-İVQD nömrəli Qanununa əsasən həyata keçirilmişdir. Belə ki, sözügedən Qanunun 2-ci maddəsinə diqqət yetirilsə bəlli olur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun (yəni, 30 may 2014-cü il tarixli, 973-İVQD nömrəli Qanun) qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Qeyd olunur ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığına 30 may 2014-cü il tarixli, 973-İVQD nömrəli Qanun qüvvəyə mindiyi vaxta qədər (həmin Qanun 01 iyul 2014-ci il tarixdə qüvəyə minib) yiyələndiyi üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi iddiaçıya şamil edilə bilməz. Buna görə də, iddiaçının Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etməyi əsası ilə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi tamamilə əsassız və qanunsuzdur. Digər tərəfdən, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.4cü bəndinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, bu hal şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.4.1-ci yarımbəndinə əsasən doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İddiaçı həm Azərbaycan Respublikasının ərazisində, həm də, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuşdur. Belə ki, atası İddiaçı Yevgeniyeviç və anası X3 iddiaçı anadan olanda Azərbaycan Respublikasının vətəndaşları olublar. Qanunvericiliyin şərh edilən normalarının tələbindən də göründüyü kimi, qeyd edilən bu hal iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsas olmalı idi. Həmçinin, iddiaçı barəsində digər Respublikanın vətəndaşlığının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsinə dair proses isə başlanılmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, birinci instansiya məhkəməsində ümumi olaraq bir məhkəmə prosesindən (05 noyabr 2024-cü il tarixində) ibarət olan məhkəmə icraatı aparılmışdır. 05 noyabr 2024-cü il tarixdə tərəfindən ərizə ilə birinci instansiya məhkəməsinə müraciət olunaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən isə hər hansı səbəb göstərilmədən müraciəti təmin olunmamışdır. Bunun bağlı olaraq da sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı mərhələdə İddiaçı ana və atasının Azərbaycan Respublikası vətəndaşı olmaları barədə şəxsiyyət vəsiqələrini təqdim edib. Birinci instansiya məhkəməsi tərəfindən isə işin halları araşdırılmadan iddia tələbi rədd edilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı məxsus doğum haqqında şəhadətnamədən onun Azərbaycan Respublikasının ərzisində doğulması göstərilir. Eyni zamanda İddiaçı Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuşdur. Bu əsaslar İddiaçı Azərbaycan Respublikası vətəndaşı sayılması üçün kifayətdir. Dövlət Miqrasiya Xidmətinin mövqeyi isə əsaslı deyil və bərabərlik hüququnu pozur. Analoji vəziyyətlə bağlı Böyük Britaniya və ABŞ vətəndaşlarının eyni şərtlərlə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətləri tanınmışdır. Hazırki iş Rusiya Federasiyası vətəndaşına münasibətdədir. Cavabdeh inzibati orqan tərəfindən sözügedən şəxsə münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasının bərabərlik prinsipinə zidd olaraq ayrı-seçkilik edilir. Cavabdeh inzibati orqanın imtina qərarında istinad etmiş olduğu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi 2014-cü il tarixində qüvvəyə minmişdir. İddiaçı isə Rusiya Federasiyasının vətəndaşlığını 2011-ci ildə almışdır. Cavabdeh inzibati orqan tərəfindən eyni zamanda 1961-ci il tarixli Konvensiyaya istinad edilir. Birinci instansiya məhkəməsi də həmin normalara istinad edərək qərar qəbul etmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş olduğuna görə iddia təmin edilməlidir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, İddiaçı birmənalı olaraq Rusiya Federasiyasının vətəndaşı olduğuna görə ərizənin təmin edilməsi mümkün deyil. Qanunvericiliyimizə əsasən ikili vətəndaşlıq qəbul edilmir. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığının verilməsi üçün üçün o, Rusiya Federasiyasının vətəndaşlığından imtina etməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və səhv nəticəyə gəlinmişdir.. Belə ki, iş materiallarında olan AZ-İİ 045606 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası İddiaçı Yevgenyeviç, anası isə X1. İş materiallarında olan AZE 00421759 və AZE 05513067 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı Yevgenyeviç xx.xx.1971-ci il tarixdə Bakı şəhərində, X2 isə xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan 65 89770555 nömrəli pasportun surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, inzibati orqanın imtinasının əsası olaraq şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması qeyd edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 və 4.4-cü bəndlərinə istinad edilmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndinə əsasən, dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydanın 4.4-cü bəndinə müvafiq olaraq isə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə görə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Lakin inzibati orqan tərəfindən nəzərə alınmamışdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli, 973-İVQD nömrəli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. İddiaçı Rusiya Federasiyasının vətəndaşlığını 2012-ci ildən qəbul etməsi işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə kollegiyası inzibati orqanın ətraflı araşdırma aparmadan vətəndaşlıq kimi həssas məsələ üzrə dərhal imtina qərarı verməsini qəbuledilməz hesab edir. Belə ki, vətəndaşlıq hüquqi baxımdan dövlətlə fərd arasında qarşılıqlı hüquq və vəzifələr doğuran daimi hüquqi əlaqədir. Bu, sadəcə bir status və ya pasport deyil – bu, insanın hansı dövlətə aid olduğunu, hansı hüquq və vəzifələrlə yaşadığını müəyyənləşdirən kimlik göstəricisidir. Vətəndaşlıq eyni zamanda mənəvi bir anlayışdır. Bu anlayış insanın harada doğulduğu, hansı tarix və mədəniyyətin içində formalaşdığı ilə sıx bağlıdır. Hüquq onu müəyyənləşdirir, ancaq hiss ona məna verir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq, “aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”. Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı tanımasa da, onu hüquqi reallıq kimi rədd də etmir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Yəni, maddənin məzmunundan göründüyü kimi, hazırkı iş üzrə iddiaçının 2012-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi onun Azərbaycan Respublikası tərəfindən xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınması və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Həmin Qanunun 17-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Hazırkı vəziyyətdə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından çıxma barədə vəsatətinin olması və ya inzibati orqan tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi istiqamətində hər hansı icraat aparması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Eyni zamanda qeyd edilməlidir ki, inzibati orqan İddiaçı münasibətdə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı qəbul etməklə, bərabərlik prinsipini pozumuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, inzibati orqan eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə fərqli yanaşmış, şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımış, və ya artıq Azərbaycan Respublikasının vətəndaşları olmaları müəyyən edilərək, ərizələrini baxılmamış saxlamışdır. Şəxslər də həmin baxılmamış saxlanılma qərarlarına əsasən yeni şəxsiyyət vəsiqələrini almışlar. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin müddəalarını nəzərə alaraq, həmin şəxslərin adlarının qərarda sadalanmasını zəruri hesab etmir. İddiaçıya münasibətdə fərqli rəftarın Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X4 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur. Son olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bəzən həyat insanı coğrafi sərhədlərdən uzaq salır. Lakin heç bir məsafə, heç bir xarici pasport insanın mənsub olduğu dövlətlə əlaqəsini tamamilə kəsmir. Əgər bir şəxs qanunla müəyyən olunmuş əsaslarla Azərbaycan Respublikasının vətəndaşı olmuşsa, bu statusdan könüllü şəkildə imtina etməmişsə və statusun imperativ qaydada itirilməsi üçün qanuni əsas mövcud deyilsə, onun vətəndaşlıq hüququ dövlət tərəfindən tanınmalı və təsdiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(112)-12674/2024 qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilməli və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(112)-12674/2024 qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilsin və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar